20 noyabr 2023 12:01
220

Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranan partiyadır

Xalqımızın taleyində müstəsna yeri olan Yeni Azərbaycan Partiyası dahi siyasi xadim və qüdrətli şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Dahi lider Heydər Əliyev şəxsiyyətinə olan inam, Azərbaycan xalqının gələcək ümidlərini və nicatını onunla bağlaması Yeni Azərbaycan Partiyasının yaranması ideyasını doğurmuşdur.

Heç də təsadüfi deyildir ki, xalqımızın başına gətirilən müsibətlərdən çıxış yollarını arayərkən, ilk növbədə Heydər Əliyevin adı çəkilir, bütün ümidlər bu böyük şəxsiyyətlə bağlanırdı.

Ölkə rəhbərliyində yüksək vəzifə tutanlar kimi, milli azadlıq hərəkatı dalğasında meydana çıxanlar da Heydər Əliyevin böyük nüfuzundan qorxur, onun şəxsiyyəti qarşısında öz acizliklərini etiraf etmək məcburiyyətində qalırdılar. Heydər Əliyev şəxsiyyətinə olan inam, Azərbaycan xalqının gələcək ümidlərini və nicatını onunla bağlaması Yeni Azərbaycan Partiyasının yaranmasına təkan verdi.

Azərbaycanın ən yeni tarixinin parlaq səhifələrindən biri olan Yeni Azərbaycan Partiyası 1992-ci il noyabrın 21-də Naxçıvanda  təsis edilmiş və ulu öndərimiz Heydər Əliyev partiyanın Sədri seçilmişdi. YAP-ın yaranması, Ümummilli Lider Heydər Əliyevin bu partiyaya Sədr seçilməsi isə respublikanın o zamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da ağırlaşmasından irəli gələn zəruri tarixi hadisə olmuşdu. O zamankı hakimiyyət dairələrinin Yeni Azərbaycan Partiyasının yaranmasına törətdikləri maneələr, ardıcıl təzyiqlər bu yola qədəm qoyan insanların əzm və iradəsini qıra bilməmişdi. Çünki bütün uzaqgörən insanlar Heydər Əliyevin rəhbəri olduğu bu qurumun xilaskar bir missiya üçün yarandığını duyur və Yeni Azərbaycan Partiyasına dəstəklərini əsirgəmirdilər.

Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı Yeni Azərbaycan Partiyasının inkişafı tarixində də yeni bir mərhələnin əsasını qoymuşdur. Partiya və onun yüz minlərlə üzvü dövlət əhəmiyyətli məsələlərin həlli istiqamətində öz gücünü səfərbər etmişdi. Yeni Azərbaycan Partiyasının sənədlərində öz əksini tapmış dövlətçilik ideologiyası – Azərbaycan dövlətçiliyinin təməl prinsiplərini özündə əks etdirən yeni azərbaycançılıq ideologiyasının cəmiyyətə təqdimatı və ulu öndər Heydər Əliyevin müəllifi olduğu bu ideologiyanın uğurla həyata keçirilməsi də Yeni Azərbaycan Partiyasının öz tarixi inkişaf yolunda Azərbaycan xalqına, dövlətinə bəxş etdiyi ən qiymətli töhfələrdəndir. Ötən müddət ərzində bu partiyanın da yaxından iştirakı ilə həyata keçirilən bütün tədbirlər, görülən bütün işlər Azərbaycanın milli maraqlarına tam cavab verib, ölkəmizin müstəqilliyinə, milli təhlükəsizliyimizə, Azərbaycan vətəndaşlarının maddi-rifah halının gündən-günə daha da yaxşılaşmasına, respublikamızın tərəqqisinə xidmət edib.

Noyabrın 21-də Azərbaycan siyasi palitrasının ən güclü və nüfuzlu siyasi partiyası olan  Yeni Azərbaycan Partiyasının 31-ci ildönümü qeyd olunacaq. 31 ildir ki, Azərbaycan bugünkü inkişafı ilə, siyasi, iqtisadi, hərbi, mədəni və s. İstiqamətlər üzrə əldə etdiyi nəticələrə görə bölgədə və dünyada söz sahibi olan bir ölkəyə çevrilir, öncül siyahılarda yer alır. Bu nəticənin əldə olunmasında ölkəyə rəhbərlik edən dahi siyasətçinin, Ümummilli Lider Heydər Əliyev yolunun layiqli davamçısı olan Prezident İlham Əliyevin gərgin əməyi, yorulmadan çalışması, uzaqgörən xarici və daxili siyasəti dayanır. Azərbaycan adlı gəminin kapitanı olan İlham Əliyev bu gəmini nəhəng dalğalardan, sualtı qayalardan ustalıqla keçirərək daim irəli aparır. Dövlətimizin başçısı İlham Əliyevin 20 illik prezidentlik fəaliyyətinin əsas qayəsində xalqa ləyaqətlə xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq, dövlətçiliyimizi hər vasitə ilə möhkəmləndirmək dayanır. Tam əminliklə demək olar ki, Azərbaycanın bütün sahələrdə qazandığı bu misilsiz uğurlar Heydər Əliyev siyasətinin təntənəsidir. Dövlət və cəmiyyət həyatının bütün sahələrində fundamental dəyişikliklərin baş verdiyi ötən 20 il ərzində Azərbaycan xalqı həmişə öz liderinə güvənib, ona ən güclü dayaq olub. Prezident İlham Əliyev respublikamızın sürətli inkişafından, qazanılan nailiyyətlərdən bəhs edərkən həmişə böyük fəxrlə bildirir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır.

Güclü və qüdrətli Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbənin sevincini yaşayır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə və qüdrətli ordumuzun uğurlu hərbi əməliyyatları nəticəsində biz 30 il işğal altında olan tarixi torpaqlarımıza qovuşduq. Vətən müharibəsi Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, iradəsi, müzəffər Ordumuzun cəsurluğu, qəhrəmanlığı nəticəsində zəfərlə başa çatdı. Bu tarixi Qələbə əbədiyaşar şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı və Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazıldı. 44 gün davam edən müharibədə cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik xalqımızın dövlət başçısının ətrafinda sıx birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, eyni zamanda yeni və qüdrətli Azərbaycanın bütün dünyada özünütəsdiqi kimi qəbul edildi.

Azərbaycanın müzəffər ordusunun zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, Qarabağın, xüsusən də xalqımızın ləyaqət və qürur simvolu Şuşanın işğaldan tam azad edilməsi, uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi, həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir. Döyüş meydanında əldə etdiyimiz tarixi qələbənin ardınca Azərbaycanı daha böyük gələcək, daha firəvan həyat gözləyir. Bu gün Azərbaycanın tarixində yeni səhifə başlanır. Azərbaycanın quruculuq missiyası başlanır. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq.

Elmir Qurbanov,
YAP Xətai rayon təşkilatının "Xətai PR 30" ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini