19 noyabr 2023 02:09
265

Ulu Öndərin siyasi irsi müstəqil dövlətçiliyimizin əsasıdır - ŞƏRH

Bəşər mədəniyyəti tarixinin araşdırılması sahəsində əldə olunan nəticələr sübut edir ki, insanların mənəviyyatı, adət-ənənələri ilə bağlı olan milli-mənəvi dəyərlərin yaradıcısı xalqdır. Qədim dövlətçilik tarixinə malik olan Azərbaycan xalqına belə bir zənginlik qismət olmuşdur.Hər bir xalq görkəmli şəxsiyyətləri ilə tanınır. Onlar xalqın zəkasını, elmini, mədəniyyətini, mənəviy-yatını dünyaya nümayiş etdirir.  Ölkəmiz bəşəriyyətə verdiyi tarixi şəxsiyyətləri ilə daim fəxr edib.

Adı ölkəmizdən çox-çox uzaqlarda tanınmış,  dövlət xadimləri,  siyasətçilər, müdrik şəxsiyyətlər haqqında söz düşəndə ilk növbədə Ümummilli Lider Heydər Əliyevin adı çəkilir. Ulu Öndər Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir.  Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı.

Azərbaycan dilini dövlət dili kimi təsdiqləmək məsələləri də məhz onun təşəbbüsü ilə həyata keçirilmişdir. Azərbaycançılıq fəlsəfəsi, ilk növbədə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü idi. 1992-ci il noyabrın 21-də gənc respublikamızda çox əlamətdar hadisə baş vermişdir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və sədrliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir. Bu, doğrudan da tarixi hadisə idi.  Onun siyasi təcrübəsi, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirmişdi. 1993-cü ildə ölkəmizin çətin bir vaxtında, xalqın çağırışına səs verərək   böyük məsuliyyəti üzərinə götürməklə Azərbaycanın əbədi müstəqilliyini təmin etdi. Müasir Azərbaycanın qurucusu kimi tanındı,  milyonların etiramını qazandı.

Respublikamızda ikinci dəfə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev ilk gündən Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə sadiq olduğunu öz fəaliyyəti, əməlləri və bu sahədə həyata keçirdiyi tədbirlər vasitəsilə sübut etmişdir. Ümummilli Lider Heydər Əliyev  2003-cü ildə  öz çıxışında bildirmişdir ki, Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəkdir.

Ölkəmizdə çox ciddi islahatlar aparıldı. Bütün xoşagəlməz halların qarşısı alındı, sabitlik bərpa edildi, vətəndaş müharibəsinə son qoyuldu. Azərbaycan dünya birliyinə inteqrasiya etməyə başladı. Bizim xarici siyasətimiz nəhayət ki, məqsədyönlü siyasətə çevrildi və bu gün də bu siyasət  möhtərəm  Prezidentimiz  İlham Əliyev tərəfindən həyata keçirilir. Tarixi Zəfərimiz bu siyasətin təntənəsdiri.

Beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanın demokratiyasının nümunə göstərilməsi,  dinamik iqtisadi inkişafa malik   qüdrətli ölkə kimi tanınması,  Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin alternativsizliyinin dünyanın tanınmış siyasətçiləri, , nüfuzlu araşdırmalar mərkəzləri tərəfindən   xüsusi qeyd edilərək, ən yüksək mükafatlara layiq görülmüşdür. Bu  bir daha sübut  edir ki,  bu siyasət   Heydər Əliyev ideyalarının təntənəsi və qələbəsidir. Ulu Öndər Heydər Əliyevin siyasi irsi müstəqil dövlətçiliyimizin əsasıdır.

M.Əliyeva,
YAP Xətai rayon təşkilatının "İzzət Orucova 21 A" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü