Bu, Ali Baş Komandanın hərb meydanındakı qələbələrinin diplomitik arenadakı davamı idi
Üç il bundan əvvəl -2020-ci ilin noyabrın 20-də bir güllə atılmadan erməni işğalından azad edilən Ağdam rayonu Ali Baş Komandan İlham Əliyevin hərb meydanındakı qələbələrinin diplomitik meydandakı davamı idi. Düşmən tərəfindən Ağdamda törədilən dağıntıların miqyası onu göstərdi ki, biz insanlıqdan uzaq çox qəddar bir düşməni məğlub etmişik. Tarixi faktlardan da görünür ki, Ağdam əcdadlarımızın qədim məskənlərindən olub. Burada min illər öncə yaşayan babalarımız həmişə igidləri və dahiləri ilə fəqləniblər. Lakin Ağdam bir ərazi-inzibati rayon kimi 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində -arabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir.
Ermənilər Ağdamı 42 gün davam edən döyüşdən sonra 1993-cü il iyulun 23-də şğal ediblər. Rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunan Ağdamın 128 minlik əhalisi məcburi köçkün həyatını yaşamağa məcbur olub. Birinci Qarabağ müharibəsində 6 min şəhid verən Ağdamın 17 Milli Qəhrəmanı var idi. İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir.
Təbii ki, Azərbaycan xalqı və Ali Baş Komandanımız İlham Əliyev ötən on illiklərdə Ermənistanın işğalı ilə barışmayacağımızı dəfələrlə bildirmiş və ondan ordusunu torpaqlarımızdan çıxarmasını tələb etmişdi. Bu məsələləri qeyri-ciddiyə alan ermənilərə isə ən ağır zərbə 2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsində vuruldu. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa 44 günlük ağır döyüşlərdə işğaldan azad olundu. Bu döyüşlərdə Ermənistan Ordusu darmadağın edildi və noyabırın 10-da işğalçı ölkənin baş naziri Nikol Paşinyan kapitiluyasiya aktını imzalamağa məcbur oldu.
Erməni vəhşiliyinin təsdiqi: xarici jurnalistlər Ağdamı Qafqazın Xirosiması adlandırıblar
2020-ci ilin noyabrın 20-də bir güllə atmadan erməni işğalından azad edilən Ağdam rayonu isə Ali Baş Komandan İlham Əliyevin hərb meydanındakı qələbələrinin diplomitik meydandakı davamı idi. Ağdam şəhərini və kəndləri darmadağın edən işğalçı Ermənistanın vandallığını və rəzilliyini dünya ictimaiyyəti bir daha gördü və bu qeyri- insani davranışlara nifrət etdi. Düşmən tərəfindən törədilən dağıntıların miqyası onu göstərdi ki, biz çox qəddar bir düşməni, insanlıqdan uzaq bir vəhşi bir ölkəni məğlub etmişik. Ağdamdakı dağıntıları görən xarici və yerli jurnalistlər onu Qafqazın Xirosiması adlandırıblar. 2020-ci il noyabrın 26-da «Ağdamın azad olunmasına görə» medal təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5790 hərbi qulluqçusu «Ağdamın azad olunmasına görə» medalı ilə təltif olunub. Eyni zamanda, tarixi Qələbə günlərinin əbədiləşdirilməsinə xidmət edən təşəbbüslə çıxış edən Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edib. Sözügedən Sərəncama əsasən, 20 noyabr Ağdam Şəhəri Günü kimi müəyyən olunub.
Düşmənin ölü bir zonaya çevirdiyi Ağdamın xarabalıqları üzərində indi yeni və müasir bir şəhər tikilir, infrastruktur yaradılır, mədəni-dini abidələr bərpa edilir. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna etdikləri səfərləri zamanı burada bir çox infrastrukturların və yaşayış məhəllələrin təməlini qoyublar. Belə ki, 2020-ci ilin noyabrın 23-də Ağdam şəhərində Dövlət Bayrağını ucaldblar və dağıdılmış Ağdam Cümə məscidini ziyarət ediblər. 2021-ci ilin 28 May Müstəqillik Günündə Bərdə-Ağdam avtomobil yolunun, Ağdam şəhərində ilk yaşayış binasının və Ağdam Sənaye Parkının, Zəfər muzeyi və açıq hava altında İşğal muzeyinin, Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma mərasimlərində iştirak ediblər. 2022-ci ilin fevralın 13-də isə Ağdam Sənaye Parkında iki müəssisənin «Park Forest Otel Ağdam» mehmanxanasının, Yeni yaşayış kompleksinin, 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimlərində iştirak ediblər. 2022-c ilin aprelin 10-da Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, Xıdırlı, Kəngərl, Sarıcalı kəndlərinin, «City Hotel Agdam» mehmanxanasının, dəmir yolu və Avtovağzal Kompleksinin təməlini qoyublar.
Prezident İlham Əliyev: Biz elə bir şəhər, elə elə bir Ağdam quracağıq ki, bütün dünyaya nümunə olacaqdır
Ağdam şəhərinin mərkəzindən 3 kilometr məsafədə yerləşən Xıdırlı kəndində 59 min 90 nəfərin, yəni 1500 ailənin məskunlaşması nəzərdə tutulub. Layihələndirilən ümumi ərazi 418 hektardır. Burada məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 160 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 2951 nəfərin köçürülməsi üçün 719 fərdi evin tikintisi aparılır. Kənddə mədəniyyət və əyləncə mərkəzləri, xidmət, kommersiya müəssisələri, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə ümumilikdə 2595 nəfər işlə təmin olunacaq. Xıdırlı kəndində tikinti işlərinin 2024-cü il aprelin 10-da başa çatdırılması nəzərdə tutulur. Digər bir kənd, Ağdam şəhərindən 6 kilometr məsafədə yerləşən Kəngərli kəndi də yenidən qurulur. Kənddə 2 min 626 nəfər, yəni 639 ailə məskunlaşacaq. Tikinti işlərinin aparılmasından sonra birinci mərhələdə kəndə 1279 nəfər köçürüləcək və onlar yeni və müasir üslubda tikilmiş 290 fərdi evdə yaşayacaq. Burada bütün xidmət sahələri yaradılacaq, 1182 nəfərin işlə təmin olunması nəzərdə tutulub. Yenidən tikilən Sarıcalı kəndində 1720 nəfər, 425 ailə yaşayacaq. Layihələndirilən ümumi ərazi 101,9 hektardır. Burada məskunlaşacaq əhalinin sayı nəzərə alınaraq yaşayış məhəllələrinin salınmasının birinci mərhələsi üçün 50,3 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə 895 nəfərin köçürülməsi üçün 211 fərdi ev tikiləcək. Ağdam şəhərinin mərkəzindən 6 kilometr məsafədə yerləşən Sarıcalı kəndində əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılacaq, 774 nəfər işlə təmin olunacaq.
Qarabağ iqtisadi rayonuna daxil olan Ağdamda çox böyük və genişmiqyaslı quruculuq işləri sürətlə aparılır. Yaxın gələcəkdə burada yüzlərlə iş yeri açılacaq və əhalinin məşğulluğu təmin ediləcək. Xüsusilə Ağdamda yaradılan Aqrar Sənaye Parkı burada kənd təsərrüfatı məhsullarının yetişdirilməsində önəmli rol oynayacaq. Bu park 190 hektar ərazidə tikilir və Ağdam şəhərinə çəkilən əsas avtomagistral və dəmir yolu kommunikasiyalarının kəsişməsində yerləşir. Prezident İlham Əliyev 2021-ci ilin mayın 28-dəMüstəqillik Günündə Ağdama səfəri zamanı deyib: «Biz elə bir şəhər, elə elə bir Ağdam quracağıq ki, bütün dünyaya nümunə olacaqdır»
Azad edilmiş ərazilərin inşası və bərpası, əsasən onların minalardan təmizlənmə sürətindən də asılıdır. Artıq təmizlənmiş ərazilərdə tikinti işləri tam sürətlə gedir. Hazırda Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, regionun 20-dən çox yaşayış məntəqəsini əhatə edəcək dördzolaqlı Bərdə-Ağdam avtomobil yolu işlək vəziyyətdədir. Bu yol Qarabağ iqtisadi rayonuna yeni nəfəs verəcək və regionda iqtisadiyyatın tezliklə bərpasının təməlini qoyacaq.
Bu gün Ağdam şəhəri və kəndlərinin bərpası istiqamətində genişmiqyaslı işlərin görülməsi, xüsusən Prezident İlham Əliyevin bölgəyə səfərləri zamanı infrastrukturun qurulması istiqamətində ciddi tapşırıqların verilməsi ağdamlı məcburi köçkünlərin ürəyindən xəbər verir. Bu isə Ağdamı ağdamlılara qaytaran, onu tikib abadlaşdıran Müzəffər Ali Baş Komandana böyük inam və etimadın təntənəsidir.
Elçin Zaman, «İki sahil»