18 noyabr 2023 00:10
271

Əsl qapadılmalı dəftər...

Künc zərbəsi

Yaxud radikal müxalifətin “sülh naminə” xəyanəti

Tarix təkrarmı olunur? Niyə kimlərinsə bizlərdən bütün baş verənləri unudub heç nə olmamış kimi davranmağı istədiyi bir vaxtda yenə ötən əsrin əvvəllərində və sonlarında olduğu kimi mütləq içimizdən bir dəstə satqın çıxıb düşmənlərin dəyirmanına su tökməlidir? Niyə yüzillər boyu erməni vəhşiliyndən, torpaq itkilərindən, soyqırımlarından, haqqın-ədalətin deyil, öz hökmranlıq maraqları naminə işğalçıların tərəfini saxlayanların qərəzli yanaşmalarından əziyyət çəkmiş Azərbaycan xalqı yenə daxili düşmənlərin xəyanətləri ilə mübarizə aparmağa məcbur qalmalıdır?

Nəhayət ki qazandığımız tarixi Qələbə nəticəsində öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmişik. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi, qətiyyəti, iradəsi sayəsində sərhədlərimiz daxilində separatizmə son qoyulub, biz Cənubi Qafqazda yeni reallıqlar yaradaraq diktə edən gücə çevrilmişik. Bütün son hadisələr fonunda yaranmış yeni reallıqlardan biri də odur ki, bu gün iki ölkə arasında sülhün əldə olunması Azərbaycandan daha çox Ermənistana və ermənipərəst Qərbə lazımdır. Baxmayaraq ki, biz hər zaman sülhün və mehriban qonşuluğun, regionda dinc inkişaf erasının başlamasının tərəfdarı olmuşuq. Ancaq bu, o demək deyil ki, sülh bağlamaq naminə tələsik Rusiya ilə hesablaşmaq üçün bizdən istifadə etməyə çalışan ABŞ-ın, Fransanın və digər Qərb dairələrinin maraqları üzərində qurulmuş, ermənilərin daha qazanclı çıxacağı sənədi imzalamalıyıq. Özü də açıq şəkildə ölkəmizə böhtanlar yağdıran, ərazi bütövlüyümüzə dil uzadan, düşmənlərimizi gücləndirməyə çalışan ABŞ-ın, Fransanın təqdim etdiyi sənədə. Biz bunun milli maraqlarımıza nə qədər zidd, hətta təhdid olduğunu bilirik. Elə Qərbi, həmçinin onlar qədər də Azərbaycandakı Əli Kərimli, Tofiq Yaqublu, Fuad Qəhrəmanlı, Seymur Həzi, Arif Hacılı kimi əlaltılarını narahat edən də məhz budur.

Başda AXCP sədri Əli Kərimli olmaqla aldıqları tapşırıq əsasında bütün dəftərləri qapadaraq tezliklə Ermənistanla sülh müqaviləsini imzalamağın zəruri olması ilə bağlı kampaniya aparanlar öz satqın sələfləri kimi dövlətimizin bədxahların qarşısında qətiyyətlə dayandığı belə bir məqamda açıq şəkildə Azərbaycana xəyanət yolunu tutublar. Satqın olmayan, yaxud milli kimliyi sual doğurmayan kimsə niyə Xocalı soyqırımını, azərbaycanlıların Qərbi Azərbaycandan, Qarabağdan, Şərqi Zəngəzurdan başlarına min-bir müsibətlər açılaraq zorla qovulmasını, şəhərlərimizin, kəndlərimizin, məscidlərimizin, qəbiristanlıqlarımızın dağıdılmasını, təhqir olunmasını, çoxsaylı qətliamları, qanlı terror aktlarını və ən başlıcası Azərbaycanın haqq işi uğrunda canından-qanından keçmiş minlərlə şəhidlərimizi unutdurub, ermənilərlə münasibətdə “bütün köhnə dəftərləri qapatmalıyıq” desin? Əli kərimlilərin məntiqinə görə, biz Qərbi Azərbaycandan zorla deportasiya edilmiş yüzminlərlə soydaşımızın haqlarını müdafiə edib, onların ləyaqətli şəkildə öz ata-baba yurdlarına qayıtmaları haqda danışmamalıyıq. Bu xainlər istəyirlər ki, biz bütün dəftərləri qapadıb Qərbin təklif etdiyi sülh müqaviləsini imzalamaqla ermənilərdən heç bir cinayətlərinin hesabını sormayaq, haqqımız olan təzminatı tələb etməyək. Yalnız ona görə ki, həyasızcasına ərazi bütövlüyümüzə hörmətsizlik göstərən, tarixə qovuşmuş münaqişəni diriltməyə çalışaraq Konqresində “Dağlıq Qarabağın gələcəyi” adlı dinləmələr keçirən, Senatında bədnam “907-ci düzəliş”lə bizə təzyiq göstərməyə çalışan ABŞ belə istəyir? Yaxud bircə soyadının sonundakı “yan”ı əskik olan Fransa prezidenti ermənisifət Makron?

Dəqiq bəlli olan budur ki, həqiqətən bir dəftərin qapadılmasına ehtiyac var. Ancaq bu, ermənilərlə olan hesab dəftəri deyil, içimizdəki xainlərin dəftəridir...

Mahir Rəsuloğlu, “İki sahil”