17 noyabr 2023 15:21
426

Milli Dirçəliş Günü müstəqillik yolunda ən böyük addımdır - Aydın Hüseynov

“Bu gün xalqımız Milli Dirçəliş Gününü 30 ilə yaxın ərazilərimizin  20 faizini işğal altında saxlayan, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin tələblərinə məhəl qoymayan Ermənistana qarşı 44 günlük Vətən müharibəsində  ölkə Prezidenti,  Ali Baş Komandanı  cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun düşmən üzərində Möhtəşəm Zəfəri ilə  qeyd edir. Prezident İlham Əliyev 3 il öncə Milli Dirçəliş Günü ərəfəsində Azərbaycan tarixinin ən parlaq səhifəsinə imza ataraq  mümkünsüz olanı mümkün etdi. Azərbaycanın ən böyük probleminə son qoydu, ən böyük milli məsələsini həll etdi. Yaratdığı Rəşadətli Azərbaycan Ordusu onun rəhbərliyi altında təqribən 30 illik əsarətdən sonra torpaqlarımızı erməni işğalından azad edərək dövlətimizin ərazi bütövlüyünü təmin etməklə xalqımızın milli qürurunu özünə qaytardı”.

Bunu “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, tariximizə Milli Dirçəliş Günü kimi düşən 17 noyabrın mənəvi əsasları isə əslində ötən əsrin 60 illərinin sonlarından Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdən başlanıb: “Erməni separatçılarının Topxana meşəsində törətdikləri vəhşiliklər Bakıda milli hissləri daha da alovlandırdı. XX əsrin əvvəllərində istiqlalın ləzzətini dadan xalq bu dəfə müstəqillik arzularını reallaşdırmaq üçün tarixi bir fürsətin yarandığını hiss etdi. 1988-ci ildən başlayaraq Azərbaycanda milli istiqlal hərəkatı geniş vüsət aldı. Məhz həmin  ilin noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə, həmçinin faşizm ideologiyası ilə silahlanmış ermənilərin torpaqlarımızda törətdiyi vəhşiliklər,  soydaşlarımızın amansızlıqla  qətlə yetirilməsi, azərbaycanlıların Ermənistandan kütləvi surətdə deportasiya edilməsinə  etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin sonu bilinməyən mitinqi başlandı”. 

A.Hüseynov milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcından da danışıb: “1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Muxtar respublikanın adından “sovet” və “sosialist” sözləri çıxarıldı. İmperiyanın hələ tarix səhnəsindən silinmədiyi bir dövrdə Naxçıvanın adından “sovet” və “sosialist” sözlərinin çıxarılması müstəqilliyimizin qazanılması yolunda çox böyük tarixi addım idi. Bununla ümummilli lider Heydər Əliyev milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük addım atdı. Ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada Muxtar Respublikanın dövlət rəmzləri haqqında məsələ də müzakirə olunub. Xalq deputatlarının müzakirəsindən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürülüb. Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırıb. 1991-ci ilin mart ayında isə Azərbaycan SSRİ Ali Sovetinin iclasında çıxış edən Ulu Öndər Heydər Əliyev gələcək mübarizə və inkişaf yolunu müdrikliklə bəyan edərək belə deyirdi: “Azərbaycan xalqı birləşməli, öz müqəddəs torpaqlarını göz bəbəyi kimi qorumalıdır.  Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır”. Ümummilli lider Heydər Əliyev bütün həyatı boyu bu müqəddəs amala sadiq qaldı, xalqın və Vətənin istiqlalı uğrunda fədakarlıqla mübarizə apardı. 17 noyabr bir daha göstərdi ki, azad yaşamaq haqqına malik olan Azərbaycan xalqını əsarətində  saxlamaq mümkün deyil”.