17 noyabr 2023 10:46
271

Azərbaycan qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olur

44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzu ev sahibliyi etdiyi, yaxud qatıldığı tədbirlərin, o cümlədən qarşılıqlı səfərlərin say tərkibinin genişliyindən də aydın görünür. Ölkəmizin regionda sülhün, əməkdaşlığın və təhlükəsizliyin təmin olunması üçün yaratdığı şərait beynəlxalq təşkilatlar tərəfindən də razılıqla qarşılanır və dəstəklənir. Bir sıra beynəlxalq təşkilatlara uğurla sədrlik edən, qlobal problemlərin həllinə öz töhfəsini verən Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) hər zaman fəaliyyətinə böyük önəm verib.

Noyabrın 9-da Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısı iştirakçı ölkələrin, o cümlədən Azərbaycanın malik olduğu imkanların təqdimatında mühüm rol oynadı. Daim bu məqam xüsusi diqqət çəkir ki, tədbirlərin hansı məkanda keçirilməsindən asılı olmayaraq Azərbaycanın uğurlarına, təqdim etdiyi təkmil inkişaf modelinə xüsusi diqqət göstərilir. ECO-nun Zirvə toplantısı da bu baxımdan diqqətdə oldu. Onu da xüsusi ilə vurğulamaq lazımdır ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra ilk daxil olduğu qurumlardan biri İqtisadi Əməkdaşlıq Təşkilatıdır. Qurumun üzv dövləti olaraq Azərbaycanın bir çox sahələrdə əməkdaşlığın inkişafı məqsədilə verdiyi təklif və təşəbbüslər, qəbul olunmuş sənədlər üzv ölkələrin sosial-iqtisadi, siyasi əlaqələrin əsas prinsiplərini, regional münasibətlərin prioritetlərini, istiqamətlərini özündə əks etdirib. Noyabrın 9-da Daşkənd şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında yüksək qonaqpərvərliyə görə qardaş Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevə minnətdarlığını bildirən dövlət başçısı İlham Əliyev qeyd etdi ki, Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir. Ötən il Özbəkistana bir dövlət və iki işgüzar səfər edib.  Hər səfərində Özbəkistanda hərtərəfli islahatların nəticələrinin, sosial və iqtisadi inkişafın şahidi olub. Bu mühüm məqam da diqqətə çatdırıldı ki, Şavkat Mirziyoyev yenidən Özbəkistan Prezidenti seçildikdən sonra ilk dövlət səfərini Azərbaycana etdi. Bu, iki ölkə arasında qardaşlıq münasibətlərinin nə dərəcədə dərin olmasını bir daha nümayiş etdirir.

Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına uğurlu sədrliyi münasibətilə Prezident İlham Əliyevi təbrik edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev “Yaşıl keçid və qarşılıqlı əlaqələr” ilində ölkəmizin sədrliyi çərçivəsində həyata keçirilən tədbirlərin və təşəbbüslərin tərəfdaşlığımızın genişlənməsinə böyük töhfə verdiyini vurğulayaraq bildirdi ki, Bakıda Təmiz Enerji Mərkəzinin və Regional Elektrik Bazarının təşkili istiqamətində əməli tədbirlər həyata keçirilir, həmçinin ekologiya sahəsində də yüksək səviyyəli dialoq platforması yaradılıb. Turizm sektorunda əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə ilk dəfə olaraq tur-operatorlar şəbəkəsi formalaşdırılıb və Təhlükəsiz Turizmin İnkişafı Proqramı təsdiq edilib. Özbəkistan Azərbaycan və Türkiyə ilə yükdaşımalarla bağlı məlumatları rəqəmsallaşdırıb və digər ölkələrlə də analoji layihələr həyata keçirilir.

Zirvə toplantısında Azərbaycanın bölgədə sabitliyin təminatı üçün göstərdiyi fədakarlıq da yüksək qiymətləndirildi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunu “Qarabağda 30 ildən artıq davam edən işğalın tamamilə aradan qaldırılması ilə bölgəmizdə davamlı sülhə bir addım daha yaxınlaşdığımızı görürük. Ermənistanın Azərbaycan qarşısındakı öhdəliklərini yerinə yetirməsi bunu asanlaşdıracaq. Azərbaycanın qərb bölgələri ilə Naxçıvanı birləşdirəcək nəqliyyat xətlərinin ən yaxın dövrdə yaradılması da xüsusi strateji əhəmiyyət kəsb edir” fikirləri ilə  təsdiqlədi. Azərbaycan bu gün də investisiya cəlbediciliyini qoruyur. Ölkəmizin uğurla həyata keçirdiyi iqtisadiyyatın şaxələndirilməsi siyasəti əlaqələrin daha da möhkəmləndirilməsində öz sözünü deyir. Qürurverici haldır ki Avrasiya məkanında yeni nəqliyyat arteriyası yaradan Azərbaycanın iştirakçılığı ilə reallaşan qlobal transmilli layihələr ölkəmizi Avropanın enerji təhlükəsizliyinin təminatçısına və Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevirib.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri