17 noyabr 2023 00:12
262

Həm cahil, həm də rəzil

Kərimli və ətrafı qazilərə göstərilən dövlət qayğısını görə bilməyəcək qədər nankordurlar

AXCP sədri Əli Kərimlinin avantürası və qərəzi bitib- tükənmək bilmir. Bu adam sanki bir yalan makinasıdır, istehsal etdiyi məhsul isə saxta informasiya və qərəzli münasibətdir. O, ötən gün sosial şəbəkədə paylaşdığı statusunda yazır ki, guya Azərbaycan hakimiyyəti qaziləri saymır, onların problem və qayğılarına diqqətsiz yanaşır: «Nəyə görə fədakar Qarabağ qazilərilə bu qədər acımasız rəftar edirlər? Bəs qazilərimizə qarşı bu biganə, saymazyana, nankor münasibəti nə ilə izah edəcəklər?»  Və yaxud yazır: «Bəs Qarabağ qazilərinin kütləvi intiharı hakimiyyəti nəyə görə narahat etmir? Axı, 10-12 min nəfər Qarabağ qazisinin sosial problemlərini həll etmək bu qədər zəngin ölkə üçün qətiyyən çətin deyil.»

Bəli, Əli Kərimli bu saxta və feyk xəbərləri ilə o qədər gülünc və cahil görünür ki, adam onun həqiqətən də partiya rəhbəri kimi siyasətlə məşğul olduğuna həm təəccüblənir, həm də təəssüflənir… Siyasətbazlıq qədər də donosbazlıqla məşğul olan zatdan  soruşmaq lazımdır ki, axı,  qazilərin kütləvi inhtiharı faktını siz haradan  və kimdən götürmüsünüz? Axı adam böhtan atmaq istəyəndə də barıtını elə qoyar ki, partlayanda tüstüsündən boğulmasın…

Təbii ki, bolluca qərəz və böhtan atmaq xəstəliyi Əli Kərimlinin ətrafını da bürümüşdür. Məsələn AXCP RH-nin üzvü Aqil Əli Məhərrəm də qazilərə diqqət və qayğı göstərilmədiyi barədə uydurmaları ilə Əli Kərimlini yamsılayır. O yazır ki, qazilərə normal dolanışıq üçün təqaüd verilsə, normal müalicə olunsalar, belə vəziyyət yaranmaz.

İndi isə biz rəsmi rəqəmlərlə Əli Kərimlinin və ətrafının böhtanlarına cavab verək ki, onların yalanları ayaq tutub yeriməsin. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, İkinci Qarabağ müharibəsindən sonra 3200, ümumilikdə isə ötən dövrdə 12500-dən çox şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə təmin edilib. Ötən dövrlərdə 7500 müharibə əlili avtomobillə təmin edilib. Vətən müharibəsindən sonra avtomobillə təmin edilən əlillərin sayı isə 200- ə yaxın olub. O cümlədən Prezident İlham Əliyevin 2021-ci il 25 yanvar tarixli Sərəncamı ilə bu kateqoriyadan olan insanlara 2021-2025-ci illərdə daha 11 min mənzil və ya fərdi evin verilməsi nəzərdə tutulub.

Həmçinin əilliyi müəyyən edilmiş şəxslər ölkə hüdudları daxilində pulsuz sanatoriya-kurort müalicəsi ilə təmin edilirlər. Şəhid ailələrinin üzvləri və müharibə veteranlarının aktiv məşğulluq tədbirləri çərçivəsində son iki ildə 50 minədək insan işlə təmin olunub.

Bu da bir gerçəklikdir ki, Azərbaycan MDB məkanında şəhid ailələrini və qaziləri evlə, avtomobillə, yüksək pensiya və təqaüdlə təmin edən ölkələrin önündə gedir. Hətta bu barədə çıxış edən  Prezident İlham Əliyev bildirib ki, bizdə bu sahədə tətbiq olunan prinsiplər öz unikallığı ilə seçilir: “Çünki bir çox ölkələrdə müharibələr, münaqişələr olub, ancaq mən elə bir ölkə tanımıram ki, müharibələrdə həyatını itirmiş insanların yaxınlarına bu dərəcədə diqqət göstərilsin. Ermənistan da itkilər verib və İkinci Qarabağ müharibəsində bizdən haradasa 2-3 dəfə çox itki verib. Amma baxın görün, orada müharibədə ölənlərin ailəsinin birinə bir mənzil verilir? Yox. Avtomobil verilir? Yox. Bir daxma da verilmir. Yəni, bu onu göstərir ki, bizim bu sahədəki siyasət, sözün əsl mənasında, milli siyasətdir. Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Ən həssas kateqoriyadan olan vətəndaşlar, ilk növbədə, dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır.»

Bəli, məhz bu kimi tutarlı arqumentlərlər və faktlarla əli kərimlilər susmaq istəmirlərsə demək günah onların cahilliyində və rəzilliyindədir.

Elçin Zaman, «İki sahil»