17 noyabr 2023 02:57
313

O "nəsə" nə olacaq görəsən?..

Ermənistan Rusiyaya "von otsyuda" deyir

İrəvanda it yiyəsini tanımır... Kim nə xarici hava çalırsa hamı qol götürüb ona oynayır. Biz ölkənin siyasi ab-havasından danışırıq. Üç erməninin sözü bir-birinə uyğun gəlmir. Biri kərə deyir, o biri kürə...Belə anormal olayların harada sonuclanağını isə hələ heç kim bilmir. Yəqin heç bilmək də istəmirlər, çünki daşnak ağlı bura qədər gətirir. Ölkə sanki tragikomik səhnəni xatırladır. Bu şəraitdə Ermənistanın baş naziri Nikol Paşinyan özünü bulanıq sudakı balıq kimi hiss edir və hayların "zəncir"indən tutub hara istəsə ora da dartır.

Bu günlərdə Nikol Paşinyan Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefon söhbətində bildirib ki, noyabrın 23-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Minskdə keçirəcəyi sammitdə iştirak etməyəcəkdir. Baş nazirin rədd cavabı Rusiya ictimaiyyətində qəzəblə qarşılanıb. Bir çoxları Paşinyanın asi hərəkətlərinə kəskin münasibətlərini açıqlayıblar.

"Paşinyanın Minskdə keçiriləcək KTMT sammitində iştirakdan imtina etməsi İrəvanın Qərbə üz tutduğunu və təşkilat ölkələri ilə müttəfiqlik münasibətlərini pozan kursunu nümayiş etdirir. Bu, gələcəkdə Rusiyanın Ermənistanda hərbi bazasının varlığını da sual altına ala bilər."

Bu fikirləri rusiyalı hərbi analitik, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib: “Paşinyanın KTMT-nin Minsk sammitində iştirakdan imtina etməsi, şübhəsiz ki, antirusiya qərardır. Bu, İrəvanın gələcəkdə bloka qoşulmamaq və KTMT-yə üzv ölkələrlə müttəfiqlik münasibətlərini kəsmək niyyətini nümayiş etdirir. Nikolun bu qərarı Ermənistanın Qərbə fəal üz tutması və NATO ölkələrindən irimiqyaslı silah almağa başlaması fonunda həyata keçirilir. Buna nümunə olaraq ötən günlərdə Fransa istehsalı olan zirehli texnikanın böyük partiyasının Ermənistan ərazisinə gəlməsi ilə bağlı yayılan xəbərləri göstərmək olar. Fransanın üç zenit-raket kompleksinin alınması üçün müqavilə də daha öncədən elan edilmişdi. Nəzərə alsaq ki, hava hücumundan müdafiə sistemləri ən azı KTMT standartlarına uyğun gəlmir, bu addım Ermənistanın hazırkı rəhbərliyinin seçilmiş maraq vektorunu açıq şəkildə göstərir. Ümumiyyətlə, KTMT sammitindən imtina Rusiyaya yaxın gələcəkdə Moskva ilə İrəvan arasında əlaqələrə təsir göstərə biləcək digər qərarlara da hazır olmasına dair çox açıq siqnalıdır."

İqor Korotçenko qeyd edib ki, Paşinyan Ermənistandan Rusiyanın 102-ci hərbi bazasının çıxarılması və onun xarici hərbi kontingentlə əvəzlənməsinə dair məsələ də qaldıra bilər.

Əslində, Ermənistan bu tələbi hələlik qəti şəkildə irəli sürməsə də hadisələrin gedişi oraya aparır. Artıq Ermənistanda və bir çox ölkələrdə yaxşı bilirlər ki, Fransa hərbi texnikasının və atıcı silahlarının buraya gətirilməsi Rusiyaya qapının arxasını göstərib "von otsyuda" deməkdir. Başqa adı yoxdur. 2018-ci ildən bəri İrəvan küçələrində Rusiya Prezidentinin portretinin və dövlət bayrağının yandırılması, rusların ölkədən qovulması, Gümrüdəki hərbi bazaya hücumlar, rus əsgərlərinə təzyiqlər və onları təhqirlər buna işarə idi.

Hiddətlənmiş Rusiya ictimaiyyətinin bəzi nümayəndələri 2024-cü ildə ölkələrinin Ermənistana nəsə edəcəyi barədə anons verirlər. Ancaq hələlik o "nəsənin" nə olacağını açıqlamırlar. Şübhəsiz ki, qarşıdurma olarsa, əlbəttə, ağır zərbə Ermənistana dəyəcək və hələ 44 günlük müharibədən sonra qəddini düzəldə bilməyən hay dövləti yeni bir çöküş yaşayacaqdır. O günlər tez olsun!

Vəli İlyasov, "İki sahil"