17 noyabr 2023 00:57
359

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə əməkdaşlığı genişləndirməkdə qərarlıdır

Azərbaycanla Özbəkistanın dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi dostluq, qardaşlıq münasibətləri daha da inkişaf etdirilib və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəyə gəlib çatıb. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub.

Noyabrın 9-da İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında iştirak etmək üçün Özbəkistanda səfərdə olan dövlət başçısı İlham Əliyev istər tədbirdəki çıxışında, istərsə də dost ölkənin Prezidenti Şavkat Mirziyoyev ilə görüşündə bu kimi məqamlara xüsusi diqqət yönəltdi.  

Prezident İlham Əliyev Özbəkistanın paytaxtı Daşkənd şəhərində İƏT in 16-cı Zirvə toplantısındakı çıxışında Azərbaycanda şaxələndirilmiş böyük nəqliyyat-loqistika infrastrukturunun yaradılması, 30 il müddət ərzində Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığını, şəhər və kəndlərimizi viran qoyması, Azərbaycanın ECO nun işinə böyük əhəmiyyət verməsi barədə çıxış etdi. Ölkəmiz Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri üzərində yerləşir. Son illər Azərbaycanda nəqliyyat-loqistika infrastrukturunun yaradılması istiqamətində böyük işlər görülmüş, bu layihələrə milyardlarla ABŞ dolları sərmayə yatırılmışdır. Artıq ölkəmiz nəqliyyat və loqistika mərkəzlərindən birinə çevrilmişdir. Ölkə başçımız çıxışında Azərbaycanın nəqliyyat- logistika infrastrukturunun ECO ya üzv dövlətlər üçün açıq olduğunu vurğuladı. Azərbaycan dünyada neft- qaz ehtiyatları ilə zəngin bir dövlətdir və uzun illərdir Azərbaycandan Avropaya neft, neft-kimya məhsulları, təbii qaz ixrac edilir. Ölkəmizdə son illər günəş və küləklə işləyən elektrik stansiyalarının tikilməsi və yaşıl enerji istehsalı istiqamətində böyük layihələr reallaşdırılır. Yaxın gələcəkdə Azərbaycan yaşıl enerji ixrac edən ölkəyə çevriləcək. Ölkəmiz region, eləcə də Avrasiya üçün çox önəmli beynəlxalq iqtisadi layihələrə imza atıb, bu gün də bu işlər davam etdirilir. Ermənistan dövləti isə Cənubi Qafqaz regionunun inkişafı, gücləndirilməsi istiqamətində addımlar atmaq əvəzinə 30 il Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirmişdir. Bu illər ərzində Azərbaycan iqtisadi, siyasi cəhətdən inkişaf edərək güclü dövlətə çevrildi.

Qeyd edək ki, Dövlət başçısı İlham Əliyev Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısındakı çıxışında onu da vurğuladı ki, Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir: “Ötən il mən Özbəkistana bir dövlət səfəri və iki işgüzar səfər etmişəm. Hər səfərimdə Özbəkistanda hərtərəfli islahatların nəticələrinin, sosial və iqtisadi inkişafın şahidi oluram.” İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində də iki dost ölkənin əlaqələri yüksək səviyyədədir.

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır.  Ölkəmiz İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı daha da genişləndirməkdə qərarlıdır və təşkilatın növbəti Zirvə görüşünə ev sahibliyi etməyə hazırdır.

Arzu Əliyeva,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı