16 noyabr 2023 00:12
300

Ermənilərin könüllərini şad edən azərbaycanlılar...

Künc zərbəsi

Radikal müxalifətin Qərb sevgisi milli maraqlarımız üçün təhlükədir

Son hadisələr də göstərir ki, Ermənistan-Azərbaycan danışıqlarının dalanma dirənməsinin, Cənubi Qafqazda dayanıqlı sülhün əldə edilməsindəki problemlərin yaranma səbəblərinin böyük bir qismi guya iki ölkə arasında vasitəçilik missiyasını üzərinə götürməyə çalışan Qərbin özündən qaynaqlanır. Başda Fransa və ABŞ olmaqla, Almaniya, Niderland, Avstriya, Kanada kimi ölkələrin, Avropa İttifaqı, Avropa Parlamenti və digər siyasi təşkilatların məsələyə ikili standartlarla yanaşmaları, reallıqların təhrif edilməsi regionda dinc qonşuluq münasibətlərinin formalaşmasında ən böyük əngələ çevrilib. Bu gün sözdə beynəlxalq hüquqdan, insan haqlarından, ədalətdən dəm vuran Qərb açıq şəkildə Ermənistanı dəstəkləməklə regionu yeni fəlakətlərə sürükləyir. Azərbaycana qarşı otuz ildən artıq işğalçılıq, etnik təmizləmə siyasəti yürütmüş Ermənistana təzyiq və cəza əvəzinə hərbi, siyasi yardımın göstərilməsi ermənipərəst dairələrin məkrli niyyətlərindən xəbər verir.

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı böyük Qələbənin və lokal antiterror tədbirlərinin yaratdığı yeni reallıqlar Cənubi Qafqazda cərəyan edən proseslərin inkişaf istiqamətini şərtləndirən ən mühüm amillərdəndir. Bütün bu reallıqlar, həmçinin ölkəmizin xalq-iqtidar birliyindən qaynaqlanan gücü, regionun şəriksiz liderinə çevrilməsi, dayanıqlı iqtisadiyyata, qüdrətli orduya malik olması Ermənistan kimi, erməni lobbisinin oyuncağına çevrilmiş dairələri də narahat edir. Ancaq bütün bunlardan narahat olan təkcə Qərb deyil. Onların Azərbaycandakı əlaltıları da fəallaşaraq dövlətimizin bədxahların qarşısını qətiyyətlə aldığı belə bir məqamda açıq şəkildə xəyanət yolunu tutublar. Öz riyakar niyyətlərini gizlətməyən AXCP sədri Əli Kərimli, özü kimi satqın müavini Seymur Həzi və bu üzdəniraq partiyanın digər üzvləri, Müsavat partiyasının başqanı Arif Hacılı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər ermənipərəst Qərbin, Fransanın müdafiəsinə elə qalxıblar ki, heç ermənilər onları himayə edən bu dairələr üçün belə əl-ayağa düşməzlər.

Yeri gəlmişkən, Seymur Həzi ilk dəfə deyil ki, Fransaya sevgisini nümayiş etdirir. O, Əli Kərimlinin göstərişi ilə artıq neçənci dəfədir milli maraqlarımızı tapdalayaraq Azərbaycan düşmənlərinin lehinə fikirlər bildirib. Sanki əli kərimlilər, seymur həzilər xüsusilə Emmanuel Makronun hakimiyyəti dövründə erməni lobbisinin əsirinə çevrilmiş Fransanın ölkəmizə qarşı ədalətsiz və qərəzli siyasi kurs yürütməsindən xəbərsizdirlər. Guya görmürlərmi ki, Fransa Ermənistandan vasitə kimi istifadə edərək Cənubi Qafqaza soxulmaq niyyətindədir? Hətta siyasi savadı olmayanlar da baş verən proseslərdən yaxşı başa düşürlər ki, ölkəmizdə Fransaya qarşı ictimai rəyin müsbət olmamasının əsas səbəbi məhz Makron hökumətinin ermənipərəst mövqeyi ilə bağlıdır. Axı Azərbaycan milli və dövlətçilik maraqlarımıza, ərazi bütövlüyümüzə və suverenliyimizə hörmətlə yanaşan bütün dövlətlərlə dostluq, inkişaf naminə səmərəli əməkdaşlıq yolunu tutub. Deməli, Seymur Həzi Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizinin reallaşmasına ironiya ilə yanaşdığı kimi, belə bir vaxtda Fransanı müdafiə etməklə öz tərəfini, yəni millətin yanında deyil qarşısında olduğunu da gizlətmir. Bax budur əli kərimlilərin, seymur həzilərin əsl siması...

Kim zəmanət verə bilər ki, bu gün Avropada ermənilərlə görüşən, günlərdir Azərbaycana qarşı qərəzli bəyanatlar verən avropalı deputatlarla “postsovet və Şərqi Avropa ölkələrinin təhlükəsizliyi və inkişafı” mövsusunda toplantıya qatılan İsa Qəmbər, Arif Hacılı öz şəxsi ambisiyaları naminə milli maraqlarımızı hərraca çıxarmayıblar? Bəlkə İsa Qəmbər “illərdir görüşmədiyi, danışmadığı” oğlu Turquta bu dəfə də “ermənilərin Qarabağdan etnik təmizlənməsi” mövzusunda film çəkmək tapşırığı verməyə gedib? Görəsən, onlar Avropa Parlamentində Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına dair hansı təklifllər veriblər ki, təklifləri ermənilərin də, ermənipərəst avroparlamentarilərin də xoşlarına gəlib? İsa Qəbmər də, Arif Hacılı da hələ ötən əsrin 90-cı illərində qısa hakimiyyətləri dövründə ermənilərin könüllərini şad etməyi bacarıblar axı...

Nədir bu millətin öz içindəki xainlərdən, satqınlardan çəkdikləri?

Mahir Rəsuloğlu, “İki sahil”