16 noyabr 2023 02:58
345

Torpaqlarımıza göz dikənlər gözsüz qalır! - Düşmənə xəbərdarlıq

Xankəndidə keçirilən Zəfər paradı göstərdi ki, Laçın nəzarət- buraxılış məntəqəsini yaradan, Şuşa Qələbəsini, Xankəndi Zəfərini qazanan Azərbaycan xalqı ilə zarafat etmək olmaz

Tariximizə qızıl hərflərlə yazılan İkinci Qarabağ müharibəsinin Azərbaycanın Zəfəri ilə başa çatması Ermənistanın baş naziri Nikol Paşinyanın «Qarabağ Ermənistandır və nöqtə» sərsəmləməsinin, bu ölkənin keçmiş müdafiə naziri Davit Tonoyanın «Qarabağ müharibəsi yenidən alovlansa, o zaman Bakıda bitəcək» kimi digər xəyalpərəst bəyanatlarının, daşnak sayıqlamalarının boş xəyal olduğunu təsdiqlədi. Cənubi Qafqazı «barıt çəlləyi» kimi görmək istəyənlər də bu Zəfərdən məğlubiyyət paylarını aldılar.” 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın «qüdrətli ordu» mifini darmadağın etməsi illərdən bəri Hayastanı silahlandıran Fransa kimi, digər erməni havadarlarını da məyus etdi, xəyal qırıqlığına uğratdı. Nikol Paşinyanın kapitulyasiya aktını imzalaması Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinin məntiqi nəticəsi olmaqla erməni faşizmini tarixin zibilxanasına atdı.

Bu möhtəşəm Qələbənin qazanılması Prezident İlham Əliyevin dövlət və ordu quruculuğu sahəsində apardığı siyasətin uğuru idi.

Qələbə bir neçə baxımdan önəmli idi. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan xalqı təkcə Qarabağ separatçılarını, Ermənistandakı revanşistləri, fərari erməni ordusunu deyil, 200 ildə şüurları zəhərləyən daşnak ideologiyasının qondarma «artsax» sərsəmləməsini, « dənizdən- dənizə böyük Ermənistan» mifini dənizdə batırdı. «Dəmir yumruq”» əməliyyatı ilə düşməni diz çökdürən Azərbaycan 30 il həllini gözləyən BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi, sərsəm bəyanatlara Zəfəri ilə cavab verdi. Ölkəmizə qarşı manipulyasiyaların, təhdid və təzyiqlərin qarşısını siyasi iradəsi, qətiyyəti, xalqımızın birliyi ilə alan Prezident İlham Əliyev Ali Baş Komandan kimi də sərkərdəlik məharətini layiqincə yerinə yetirdi.
 Artıq tarixin arxivinə atılmış, bölgədə sabitlik üçün təhlükə yaradan «Dağlıq Qarabağ münaqişəsi»nin davam etdiyi 30 ildə göstərdikləri vəhşilikləri, təxribatları Vətən müharibəsindən sonrakı 3 ildə də həyata keçirən, sülh danışıqlarına bəhanlərlə əngəl törədən Ermənistan hərbi cinayətlərini, ekoloji, mədəni təxribatlarını dayandırmadı. Qarabağda lokal xarakterli antiterror tədbirlərini həyata keçirməklə Ermənistanın qeyri-qanuni silahlı qüvvələrinin mövqelərini, döyüş vasitələrini və hərbi təyinatlı obyektlərini, silah anbarlarını sıradan çıxaran Azərbaycan nəyə, hansı gücə malik olduğunu təsdiqlədi. Bu ilin sentyabrın 28-də isə Azərbaycanın Qarabağ bölgəsindəki qondarma rejim özünü buraxdığını elan etdi. Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad Qələbəmizin əbədi simvolu kimi ərazi bütövlüyümüzü tamamladı.

Hərbi xunta rejiminin yuvasına çevrilən Xankəndidə noyabrın 8-də keçirilən Zəfər paradı bütün anti-Azərbaycan qüvvələrini məyus etdi. Dövlət başçımızın Ali Baş Komandan kimi tribunada qürurlu duruşu xalqımızın əzəmətinin nümayişi idi. Silahlı Qüvvələrimizin hərbçilərinin Dövlət Bayrağımızın, Şuşa şəhərinə sancılan – Qələbənin rəmzinə çevrilən Zəfər Bayrağını Xankəndi şəhərinin mərkəzi meydanına gətirmələri Ermənistana, həm də onun havadarlarına göz dağı oldu. Erməni faşistlərinə bildirildi ki, Azərbaycan torpağına göz dikənlərin nəsibi məğlubiyyət olacaq.

Zəfər paradı Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin uğuru, dövlət başçısı kimi verdiyi vədə sadiqliyin, ordu quruculuğuna artan diqqətin təzahürü idi. Bütün dünya gördü ki, XXI əsrdə heç bir dövlətin ordusu Azərbaycanda olduğu qədər peşəkarlıq, fədakarlıq, torpağı uğrunda şəhid olmaq fəadakarlığını göstərməmişdir.

Zəfəri ilə 30 il həsrətində olduğu istəyinə qovuşan Azərbaycan xalqı iqtidar ətrafında sıx birləşməklə beynəlxalq hüququ, tarixi ədaləti, milli ləyaqətini öz gücü ilə bərpa etdi.

Çətin coğrafi ərazidə yerləşən, alınmaz qala sayılan Şuşanı yüngül silahlarla, bir çox hallarda əlbəyaxa döyüşlər nəticəsində azad edən hərbçilərimiz göstərdilər ki, Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına icazə verilməyəcək. Danışıqlar nəticəsiz başa çatsa belə torpaqlarımız döyüş meydanında, Silahlı Qüvvələrimizin rəşadəti ilə işğaldan azad ediləcək. «Şuşa Zəfərindən sonra düşmən faktiki olaraq kapitulyasiyaya hazır idi və bir gün sonra kapitulyasiya aktına imza atdı, biz də müharibəni dayandırdıq. O vaxt bizim Silahlı Qüvvələrimiz Xankəndinin bir addımlığında idi. Müharibənin o vaxt dayandırılması bizim şüurlu seçimimiz idi və bu gün bizim, bax, burada - Xankəndi şəhərinin mərkəzi meydanında hərbi paradı keçirməyimiz bir daha onu göstərir ki, nə qədər düzgün, müdrik addım idi» sözləri ilə «nəyi, necə, nə vaxt» etmək proqnozunu reallaşdıran Prezident İlham Əliyev xalqımızın məğlubedilməzlik simvolunu qəhrəmanlıq tariximizə əbədi yazdı.

Lokal antiterror tədbirlərinə qədər Qarabağ bölgəsində həyata keçirilmiş hərbi əməliyyatların uğurla başa çatması bu bölgədəki əlverişli yüksəkliklərə sahib olmaq üçün Milli Ordumuza şərait yaratdı. Fərrux, Sarıbaba-Qırxqız əməliyyatları ilə strateji mövqelərimizi möhkəmləndirməklə düşmənə mesaj verildi ki, Azərbaycan torpağında vəziyyətə nəzarət Silahlı Qüvvələrimzə məxsusdur və biz diktə edən tərəfik. «Əgər o vaxt mənim sözümə baxsaydılar, sentyabr ayında keçirilmiş antiterror əməliyyatına ehtiyac qalmazdı. Onların bütün bəlalarının səbəbkarları elə onların özləridir. Onların bəlaları təkcə üç il bundan əvvəl başlamayıb, hələ 1990-cı illərin əvvəlində başlayıb. O vaxt Azərbaycanın çörəyini yemiş, Azərbaycanın suyunu içmiş nankor kütlə Azərbaycana qarşı, bax, bu meydanda ərazi iddiası qaldırmışdır. Bax, bu binada - Azərbaycan dövləti tərəfindən vaxtilə inşa edilmiş binada Azərbaycana qarşı məkrli planlar hazırlanırdı. Erməni xalqının bəlalarının səbəbkarları Ermənistana rəhbərlik etmiş bütün şəxslərdir. Onlar hesab edirdilər ki, bizim torpaqlarımızı əbədi işğal altında saxlayacaqlar» söyləyən Prezident İlham Əliyev erməni dəyirmanına su tökənlərə, «Ermənistan-Azərbaycan münaqişəsinin hərbi yolla həlli yoxdur» deməklə münaqişəni dondurmağa çalışanlara göstərdi ki, sülh istəməyən düşmənə özünə layiq şərtlər əsasında dərs veriləcək. Sentyabrın 19-da Qarabağda keçirilən bir günlük antiterror tədbirləri erməni separatizminə, xunta, korrupsioner rejimə çox ağır dərs, unudulmaz zərbə oldu.

2020-ci il noyabrın 8-də Şuşa əməliyyatından sonra beli qırılan düşmən Laçın sərhəd-keçid məntəqəsinin yaradılması ilə daha da sarsıldı. Azərbaycan Ermənistanla sərhədə nəzarəti təmin edərək ərazi bütövlüyünü tam bərpa etdi. Sentyabrın 20-də bu proses dövlət suverenliyinin tam bərpası ilə başa çatdı. «Bir dəfə demişdim ki, Şuşasız bizim işimiz yarımçıq olacaq. Ancaq hələ o vaxt mən bilirdim ki, Xankəndisiz, Xocalısız bizim işimiz yarımçıq qalacaq» söyləyən Ali Baş Komandan güclü siyasi iradəsi ilə Azərbaycanı bütövləşdirdi. Xankəndi şəhərində Azərbaycan Bayrağı altında hərbi parad keçirildi.

«Qarabağ Azərbaycandır, döyüşərək, vuruşaraq, heç nəyə baxmayaraq və bu gün hər kəs bilməlidir ki, bizimlə bundan sonra heç kim zarafat etməsin» sözləri ilə uşaq qatili, qaniçən, xalqımıza qarşı törədilən kütləvi qırğınların iştirakçısı Ermənistanın sabiq prezidenti Serjik Sarkisyanın «Xocalıya qədər Azərbaycan tərəfi elə bilirdi ki, bizim ilə zarafat eləmək olar. Onlar elə düşünürdülər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıracaq insanlar deyil. Biz bu anlayışa (stereotipə) son qoyduq» sözlərinin üzərindən qırmızı xətt çəkdi. Qatillərə, vandallara, vəhşilərə əsl «zarafatın» nə olduğunu Xankəndi Zəfəri ilə başa saldı.  Bildirdi ki, Laçın nəzarət –buraxılış məntəqəsini yaradan, Şuşa Qələbəsini, Xankəndi Zəfərini qazanan Azərbaycan xalqı ilə zarafat etmək istəyənlərin niyyətləri ürəklərində galacaq. Bütün dünya ictimaiyyəti, Azərbaycana qarşı məkrli planlar quranlar, təxribatlar həyata keçirənlər gördülər ki, Xankəndi paradı zarafat deyil, qüdrətli bir xalqın bütövlüyünün, sarsılmazlığının, torpağa , yurda bağlılığının, dönməzliyinin, mətinliyinin ifadəsidir. Prezident İlham Əliyevin «Ermənistan rəhbərliyi əgər revanşist fikirlərlə yaşayırsa, Ermənistanın arxasında dayanan manipulyasiyaya öyrəşmiş ölkələr əgər yenə də Azərbaycan üçün hansısa məkrli plan qurursa, o, bugünkü parada bir nəzər yetirsin. Bilsin ki, burada mindən çox igidimiz düzülübdür və bizim 100 mindən çox onlar kimi igidlərimiz var və heç bir qüvvə bizi təhdid edə bilməz. Biz istənilən müstəvidə döyüşə hazırıq, siyasi, lazım olarsa, hərbi meydanda bunu göstərmişik. XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Bunu biz hamımız yaxşı bilirik, bunu dünya da bilsin» sözləri Ermənistanı silahlandıranlara, yeni müharibə istəyənlərə Müzəffər Ali Baş Komandan, ordusunun gücünə inanan sərkərdə xəbərdarlığıdır.

Xuraman İsmayılqızı, «İki sahil»