14 noyabr 2023 17:01
119

Erməni vandalizmi ifşa olunur

Məlum olduğu kimi Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycana məxsus qədim, tarixi, dini abidələr dağıdılmış və yaxud saxtalaşdırılaraq mənimsədilmişdir. Bununla da onların əsas məqsədi azərbaycanlıların həm tarixi keçmişini , həm də mənəvi yaddaşımızı məhv etmək olmuşdur. Xalqımız Ermənistan tərəfindən xüsusi əhəmiyyətə malik unikal abidələrə bu cür  münasibəti dünya irsinə qarşı yönələn təhdid kimi dəyərləndirir. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə yerləşən yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı, yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi dağıdılıb. Bununla yanaşı, 100 mindən çox eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı erməni vandalizminin qurbanı olub.

Bundan başqa, Qarabağ münaqişəsinə qədər dövlət qeydiyyatına alınan 700-dən çox tarix və mədəniyyət abidəsi, o cümlədən Cəbrayıl rayonunda 11 və 15 aşırımlı Xudafərin körpüləri, Kəlbəcər rayonunda Gəncəsar və Xudavənd məbədləri, Ağdam rayonunun Xaçın Türbətli kəndində məqbərə, Füzuli rayonu ərazisində dünyanın ən qədim sakinlərinin yaşayış məskənlərindən biri - Azıx mağarası, Şuşa Dövlət Tarix Memarlıq Qoruğu talan edilib.

Ermənilərin bu cür vandal əməllərinə Ermənistandakı tarixi Azərbaycan ərazilərində yerləşən dini abidələr də məruz qalmışdır. İrəvan Şah Abbas məscidi, Dəmirbulaq məscidi, Hacı Novruz Əli məscidi, Sərdar məscidi, Buğakar ziyarətgahı, Ağadədə ziyarətgahı və digər müqəddəs yerləri ermənilər tamamilə uçurmuşdur.

 44 günlük müharibə zamanı da hərb cəbhəsində uğursuzluğa məruz qalan erməni silahlı birləşmələri mülki yaşayış yerlərinə, o cümlədən tarixi abidələrə, qəbiristanlıqlara, ziyarət yerlərinə atəş açmaqdadırlar. Gəncə şəhərinə, Bərdə, Goranboy, Ağcabədi, Tərtər, Ağdam, Füzuli, Beyləqan rayonlarına atılan raket və top mərmiləri nəticəsində bir sıra tarixi-dini abidələrə də xeyli zərər yetirilmişdir.

Azərbaycan dövləti Ermənistanın törətdiyi soyqırımın, cinayətlərin, vandalizmin beynəlxalq müstəvidə ifşa olunması istiqamətində daim sistemli tədbirlər həyata keçirir. Erməni cinayətlərinin dünyaya tanıdılması ilə bağlı müxtəlif platformalarda, beynəlxalq qurumlarda və təşkilatlarda, güclü dövlətlərlə ikitərəfli münasibətlərdə, o cümlədən rəsmi Bakının əməkdaşlıq etdiyi bir sıra beynəlxalq təşkilatlarda, ölkəmizin sədrlik etdiyi beynəlxalq qurumlarda vacib iş aparıb, mühüm nəticələr əldə edilib.

Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə, habelə Ermənistan tərəfindən 30 il ərzində törədilən sülh və insanlıq əleyhinə cinayətlərin, o cümlədən müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində çox böyük addımlar atıb və bu işlər davam etməkdədir.

Leyla Yusifova,
YAP Xətai rayon təşkilatının "Araz Novruzov 31" ünvanı üzrə ərazi partiya təşkilatının üzvu