15 noyabr 2023 11:47
293

Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq əlaqələri uğurla inkişaf edir

1996-cı ildə Azərbaycanın Özbəkistanda, 1998-ci ildə isə Özbəkistanın Bakıda səfirliklərinin açılması ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə əlavə töhfə oldu. Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident cənab İlham Əliyev Özbəkistanla dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə inkişafına xüsusi diqqət yetirir. Dövlətimizin başçısının 2004-cü il martın 23-24-də Özbəkistana dövlət səfəri zamanı “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə” imzalanmışdır. Strateji tərəfdaşlıq münasibətlərinin əsasını qoyan həmin sənəddə bildirilir ki, tərəflər keçmiş Qarabağ münaqişəsinin sülh yolu ilə həllini, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin və ATƏT-in qərarlarının icrasını qətiyyətlə dəstəkləyirlər. Özbəkistan keçmiş Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini həmişə dəstəkləyib. Belə ki, 2008-ci il martın 14-də BMT Baş Assambleyasında səsə qoyulan “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamənin lehinə səs verən yeganə Mərkəzi Asiya ölkəsi Özbəkistan olub. Həmçinin, 2021-ci il martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilən qeyri-rəsmi Zirvə toplantısında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qarabağın qaytarılması və tarixi ədalətin bərpası münasibətilə Azərbaycanı təbrik edib. Həmin ilin noyabrında İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə toplantısında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Özbəkistanın vəsaiti hesabına Füzulidə böyük məktəb tikiləcəyini bildirmişdi. Artıq bu istiqamətdə işlər yekunlaşıb və məktəb istifadəyə verilib.

Hazırda Azərbaycan-Özbəkistan münasibətlərinin yüksək səviyyəyə çatmasında Prezident cənab İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri həlledici rol oynayır. Təsadüfi deyil ki, hər iki prezident dövlət səfərləri və rəsmi səfərlərlə yanaşı, müxtəlif beynəlxalq tədbirlər çərçivəsində tez-tez görüşürlər.

Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab Prezident İlham Əliyev Özbəkistanla dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə inkişafına xüsusi diqqət yetirir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, 2022-ci il Azərbaycan ilə Azərbaycan arasında əlaqələrin inkişafı baxımından xüsusilə səmərəli olmuşdur. Dövlətimizin başçısının həmin ildə üç dəfə Özbəkistana səfər etməsi Azərbaycan Prezidentinin qardaş ölkə ilə əməkdaşlığın inkişafına verdiyi böyük önəmin göstəricisidir.

Beləliklə, eyni soydan və uzun tarixə söykənən Azərbaycan-Özbəkistan münasibətləri bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf edir. İki ölkə arasında indiyədək imzalanmış 160-dan çox sənəd, o cümlədən strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafı haqqında Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaratmışdır. Azərbaycanın Özbəkistan, eləcə də digər Mərkəzi Asiya ölkələri ilə gündən-günə güclənən əməkdaşlığı bütün türk dünyasının olduğu kimi, ölkələrimizin və xalqlarımızın da inkişafına mühüm töhfələr verir.

Ülviyyə Hümbətova,
YAP Xətai rayon təşkilatının "Araz Novruzov 31" ünvanı üzrə ərazi partiya təşkilatının üzvu