15 noyabr 2023 14:26
299

Azərbaycanla Özbəkistan arasındakı strateji tərəfdaşlıq yeni və uğurlu mərhələyə qədəm qoyub

Çağdaş dövrün ən uğurlu geosiyasi mərhələsi dünya ölkələri iqtisadi əməkdaşlığı həm də dostluq telləri ilə möhkəmləndirməkdir. Bu mənada Prezident İlham Əliyevin siyasi fəaliyyətinin priortetlərindən biri də Azərbaycanın ən yaxın tərəfdaşları və dünya ölkələri ilə uğurlu əməkdaşlıq əlaqələrinin qurulmasına nail olmaqdır. Eyni zamanda, türkdilli dövlətlərin iqtisadi və siyasi birliyinin yaradılmasında da cənab Prezidentin yürütdüyü xarici siyasət xüsusi önəm daşıyır.

Bundan başqa, bu gün güclü Azərbaycan müxtəlif regional və beynəlxalq təşkilatların işində fəal iştirak edir, onların aparıcı üzvü kimi bu təşkilatların işinə mühüm  töhfələr bəxş edir. Xüsusi ilə noyabrın 9-da Özbəkistanın paytaxtı Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısında təşkilata üzv ölkələr arasında iqtisadi-ticari, investisiya, nəqliyyat-kommunikasiya və humanitar əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olundu.  İqtisadi Əməkdaşlıq Təşkilatına  üzv ölkələrin liderləri, eyni zamanda, təşkilatın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı fikirlər səsləndirildi.

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən olan Özbəkstanla Azərbaycan arasında əlaqələr yüksək templə inkişaf edir. Bu dostluq əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin şəxsi münasibətləri də həlledici rol oynayır. Təsadüfi deyil ki, hər iki prezident döv­lət səfərləri və rəsmi səfərlərdən əlavə müxtəlif beynəlxalq tədbirlər çərçivəsin­də də tez-tez görüşürlər. 

Prezident İlham Əliyevin də qeyd et­diyi kimi, son bir neçə ildə Azərbaycan–Özbə­kistan əlaqələrinin inkişafı baxımından xüsusilə məhsuldar olub. Məhz həmin il dövlətimizin başçısının Özbəkistana üç dəfə səfər etməsi Azərbaycan Pre­zidentinin qardaş ölkə ilə əməkdaşlı­ğın inkişafına böyük önəm verməsinin göstəricisidir. Ötən il iyunun 21-22-də Özbəkistana dövlət səfəri həyata ke­çirən Azərbaycan Prezidenti sentyabrın 15-16-da Şanxay Əməkdaşlıq Təşkila­tına üzv ölkələrin Səmərqənddə keçiril­miş Sammitində fəxri qonaq qismində iştirak edib. Həmçinin Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirak etmək üçün 2022-ci ilin no­yabrın 10-11-də Özbəkistanda səfərdə olub. Dövlətimizin başçısının bütün bu səfərləri zamanı əldə edilmiş razılasmalar Mərkəzi Asiyanın aparıcı ölkələ­rindən olan Özbəkistanla əlaqələrimi­zin yeni mərhələdə əsas konturlarını müəyyənləşdirib. 

Mühüm nəqliyyat marşrutlarının üzərində yerləşən Azərbaycan və Özbəkistan bu sahədə də fəal əmək­daşlıq həyata keçirir. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq ölkəmizdə bir sıra mühüm nəq­liyyat-logistika infrastrukturu yaradılıb və Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Bütün bunlar Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən, o cümlədən, Özbəkistandan yükdaşımaların həcmi­nin daha da artmasına təkan verəcək. Prezident İlham Əliyevin ötən ilin iyu­nunda Özbəkistana dövlət səfəri zama­nı imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomo­bil əlaqələri haqqında Saziş” bu baxım­dan mühüm əhəmiyyət kəsb edir. 

Həmin səfər zamanı dövlət başçıla­rının diqqət göstərdiyi əsas istiqamət­lərdən biri də mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi oldu. Məhz bu niyyətin ifadəsi olaraq, Azər­baycanın və Özbəkistanın mədəniyyət xadimlərinin bir qrupu dövlət başçıla­rının sərəncamları ilə yüksək fəxri ad­lar, orden və medallarla təltif edildi. Bu ilin  avqustun 1-4-də isə Bakıda Özbəkistan mədəniyyət günləri böyük təntənə ilə keçirildi. 

Özbəkistan Prezidenti Şavkat Mir­ziyoyevin avqustun 22-də ölkəmizə reallaşan dövlət səfəri qardaş ölkələrimiz arasında münasibətlərin tarixində yeni səhifə açdı. Bu səfərin gündəliyinə Özbəkistan–Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və çox­şaxəli əməkdaşlığın genişləndirilməsi məsələləri daxil idi. Səfər zamanı ticarət dövriyyəsinin həcminin artırılması, biz­nes və regional səviyyədə əməkdaslığın gücləndirilməsi, birgə investisiya layihələrinin təşviqi, nəqliyyat və tran­zit sektorunda imkanlardan səmərəli istifadə edilməsinə dair müzakirələrin aparılması, bir sıra mühüm sənədlərin imzalanması nəzərdə tutulurdu. 

Özbəkistan Prezidentinin işğaldan azad edilən ərazilərə planlaşdırılan səfəri qardaş ölkənin Azərbaycanın hə­yata keçirdiyi bərpa-quruculuq işlərinə töhfə və dəstəyinin daha bir göstəricisi oldu. Belə ki, səfər zamanı dost ölkənin Prezidenti Füzulidə Özbəkistan tərəfindən inşa olunmuş 960 şagird yerlik məktəb binasının, eləcə də yeni tikilmiş bir sıra obyektlə­rin açılışlarında iştirak etdi. 

Beləliklə, eyni soykökə və uzun ta­rixə söykənən Azərbaycan–Özbəkistan əlaqələri bu gün yeni dövrün reallıqları­na uyğun olaraq sürətlə inkişaf etdirilir. İki ölkə arasında bu vaxtadək imzalan­mış 170-dan çox sənəd, o cümlədən, «Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə» bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb. Azər­baycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir.

Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri