15 noyabr 2023 11:28
211

Avropa İttifaqının Azərbaycana yönəlik ittihamları yersiz və əsassızdır

Cəlil Xəilov: Bu cür məsuliyyətsiz açıqlamalar Cənubi Qafqazda vəziyyəti mürəkkəbləşdirir

“Avropa İttifaqının Azərbaycana yönəlik ittihamları yersiz və əsassızdır”.

Bunu “İki sahil”ə açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, sözügedən təşkilatın birtərəfli şəkildə Erməmənistanın müdafiəsində dayanması, Azərbaycanın ünvanına böhtanlar səsləndirməsi Qərbin ənənəvi ikili standartlar siyasətindən xəbər verir:

“Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellin ölkəmizin ünvanına səsləndirdiyi ittihamlar, xüsusilə də Azərbaycanla xəbərdarlıq dilində danışmaq cəhdi təəsssüf və gülüş doğurur.

Hər şeydən öncə cənab Borrell başa düşməlidir ki, Azərbaycanla xəbərdarlıq dilində danışmaq olmaz və ölkəmizin hər danışıq və davranışa uyğun ortaya qoyacaq adekvat mövqeyi hökmən vardır. İkincisi, Azərbaycanın hansısa ölkənin sərhədlərini pozmaq, onun suverenliyinə təhlükə yaratmaq, bölgədə hərbi müstəvidə hansısa addımlar  atmaq planı yoxdur. Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarını işğaldan azad edib və cari ilin lokal antiterror tədbirləri nəticəsində suverenliyinin tam şəkildə bərpasına nail olub. Bu, Azərbaycanın beynəlxalq hüquqla təsbir edilən haqqıdır  və bizə bunu xaricində heç nə lazım deyil.

Əksinə, Fransanın aktiv dəstəyi ilə Ermənistanın sürətlə silahlanması, müxtəlif ölkələrdən silah-sursat almağa səy göstərməsi onu göstərir ki, bölgənin gələcəyi üçün təhdid təşkil edən ölkə Ermənistandır. Yaxşı olardı ki, Avropa İttifaqı Azərbaycanın ünvanına məsuliyyətsiz açıqlamalar səsləndirmək əvəzinə ikili standartlardan imtina etsin. Ermənistanı silahlandırmaq, onu hərbi, siyasi və psixoloji baxımdan yeni qarşıdurmaya hazırlamaq səylərindən əl çəksin. Avropa İttifaqının Cənubi Qafqaz regionunun gələcəyinə verə biləcəyi ən böyük töhfə elə bu ola bilər”.