14 noyabr 2023 19:23
89

Azərbaycan ECO-nun fəaliyyətinə töhfələrini davam etdirir

Noyabrın 9-da Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısı keçirilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Dövlətimizin başçısı Zirvə toplantısında çıxış etdi. Yüksək qonaqpərvərliyə görə qardaş Özbəkistanın Prezidenti Şavkat Miromonoviç Mirziyoyevə minnətdarlığını bildirdi.

İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən üzv dövlətlər arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı təşviq etmək məqsədilə yaradılmış hökumətlərarası regional təşkilatdır. ECO, 1964-cü ildən 1979-cu ilə qədər mövcud olmuş  Inkişaf üzrə Regional Əməkdaşlıq Təşkilatının xələfidir. 1992-ci ildə Təşkilat Əfqanıstan İslam Respublikası, Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Tacikistan Respublikası, Türkmənistan Respublikası və Özbəkistan Respublikası kimi 7 yeni üzvün daxil olması ilə daha da genişlənmişdir. Təşkilatın bugünkü  tərkibdə genişləndiyi 28 noyabr tarixi ECO günü kimi qeyd olunur.

Ötən müddətdə Azərbaycan təşkilatda fəal rolu ilə seçilib və üzv dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurub. Azərbaycanın xarici siyasətində ECO-ya üzv ölkələrlə əlaqələr prioritet istiqamətlərdən birini tutur. Ulu Öndər Heydər Əliyev də ECO-nun fəaliyyətinə xüsusi önəm verirdi. Belə ki, Ümummilli Lider hələ 2002-ci ildə ECO-ya üzv ölkələrin İstanbulda keçirilmiş dövlət və hökumət başçılarının 7-ci Zirvə görüşündə təşkilatın daha səmərəli fəaliyyətinin təmin olunması məqsədilə Bakıda qurumun Tədqiqat Mərkəzinin yaradılması təklifini irəli sürüb. 2006-cı ildə ECO-nun ölkəmizdə IX Zirvə görüşündə Mərkəzin Bakı şəhərində təsis edilməsi təklifi Prezident İlham Əliyev tərəfindən yenidən irəli sürülüb və 2021-ci ilin martında təşkilatın Türkiyənin sədrliyi ilə videokonfrans vasitəsilə keçirilmiş XIV toplantısında Mərkəzin nizamnaməsi imzalanıb. Tədqiqat Mərkəzinin əsas fəaliyyət istiqamətləri iqtisadi tədqiqatlara əsaslanan regional əməkdaşlığın qurulması üçün ECO-ya və üzv ölkələrə yardım etməkdir. 

Azərbaycan ECO-nun fəaliyyətinə töhfələrini davam etdirir. Ölkəmiz təşkilatın bir sıra toplantılarına uğurla ev sahibliyi edib. Belə ki, təşkilatın 9-cu və 12-ci Zirvə toplantıları müvafiq olaraq 2006-cı və 2012-ci illərdə Bakıda reallaşıb. Bu il oktyabrın 10-da isə Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası keçirilib. Eyni zamanda, Şuşa şəhəri 2026-cı il üçün ECO-nun turizm paytaxtı elan edilib. ECO regionun nəhəng iqtisadi potensialından daha səmərəli istifadə, region ölkələri arasında iqtisadiyyat və ticarət sahəsində əlaqələrin inkişaf etdirilməsi baxımından əlverişli imkanlara malikdir. Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə genişlənməsinin tərəfdarıdır.

Bundan başqa, təşkilata üzv ölkələr Azərbaycanın haqq işinə daim öz dəstəklərini göstəriblər. Türkiyə və Pakistanın Azərbaycana hərtərəfli dəstəyi özünü bütün dövrlərdə açıq şəkildə büruzə verib. Bu iki ölkənin Vətən müharibəsi dövründə Azərbaycana siyasi və mənəvi dəstəyi açıq və birmənalı olub. Həmçinin 2021-ci ildə Türkmənistanda keçirilmiş Zirvə Toplantısının sonunda qəbul edilən “Aşqabad fəaliyyət konsensusu” adlı yekun bəyannamə özündə Azərbaycanın maraqlarına birbaşa cavab verən müddəaları da ehtiva edir. Sənədin mətnində Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı Qələbə münasibətilə təbrik yer alıb. Sənəddə Azərbaycanın ərazi bütövlüyünün bərpasının mehriban qonşuluq münasibətlərinin qurulması yolu ilə Qafqaz regionunda davamlı sülhə və iqtisadi tərəqqiyə yol açacağına inam ifadə olunur, üzv dövlətlər Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma layihələrinə sərmayə yatırmaq imkanlarını araşdırmağa çağırılır. Bütün bunlar ölkəmizin təşkilatın fəaliyyətində oynadığı rola, Prezident İlham Əliyevin qonşu və tərəfdaş ölkələrə münasibətdə yürütdüyü və qarşılıqlı faydalı əməkdaşlığa istiqamətlənən siyasətə, Azərbaycanın Vətən müharibəsində Qələbə qazanmaqla regionda yaratdığı yeni reallıqlar sayəsində artan nüfuzuna verilən yüksək qiymətin əyani təzahürüdür

İqtisadi Əməkdaşlıq Təşkilatı parlaq ticarət perspektivləri ilə zəngindir. Yaşının gənc olmasına baxmayaraq, ECO inkişaf etməkdə olan regional təşkilata çevrilmişdir. Onun beynəlxalq aləmdəki nüfuzu getdikcə artır. 

Aytən Abbasova,
YAP Xətai rayon təşkilatı "Fəzail Bayramov" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü