14 noyabr 2023 11:17
88

Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq

30 ilə yaxın işğal dövründə Azərbaycan Qarabağla bağ­lı siyasətində bir addım belə geriləmədi. İstər ulu öndər Heydər Əliyevin dövründə, istərsə də Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi bu illər ərzində aparılan siyasət öz bəhrəsini verdi, tor­paqlarımız işğaldan azad olundu.

Bu missiyanın əsası Ulu Öndər tərəfindən qoyulmuşdu. O, bütün çıxışlarında qaçqın və məcburi köçkünlərin mütləq öz torpaqlarına qayıdacağı­nı, erməni qəsbkarlığının uzun sürməyəcəyini dönə-dönə bildi­rirdi. Hər şeyin zamana ehtiyacı olduğunu vurğulayırdı. Aydın məsələdir ki, yaxın keçmişdə yurdumuzda daxili vəziyyət bugünkündən tamamilə fərqli idi. Sabitlik yaratmaq lazım idi. İşğalçı ermənilərin və onların havadarla­rının ölkəmizə qarşı təcavüzünə duruş gətirmək, Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq və möhkəmləndirmək, vətəndaş müharibəsinin qarşısını almaq üçün, bir sözlə, yurdumuzu “olum ya ölüm!” çarpışmasından zəfərlə çıxarmaqdan ötrü, zərurət yaran­dıqda, qəti və sərt addımlar atmaq, keçid dövrünün qanunlarına uyğun siyasət yeritmək lazım idi. Ulu öndərimiz Heydər Əliyev məhz belə də etdi. Azərbaycan məhv olmaqdan xilas edildi. Xalqımız Qurtuluş savaşında qalib gəldi!

Şübhəsiz ki, bu gün Ulu Öndərin, şəhidlərimizin ruhları şad­dır! Prezident İlham Əliyev Şuşa azad olunanda Heydər Əliyevin məzarını ziyarət etdi, həm hesa­bat verdi, həm də borcunu yerinə yetirdi. Ardınca Şəhidlər xiyabanın­dan Prezidentimizin Azərbaycan xalqına müraciəti qələbənin lap yaxında olduğunu göstərdi. O, Ulu Öndərin vəsiyyətini yerinə yetirərək, Qarabağı bütünlüklə işğaldan azad etdi! Beləliklə, Prezidentimiz başda olmaqla Azərbaycan xalqı yeni tarix yazdı! Biz tarixçilər həmişə bir arzumuzu dəfələrlə bəyan etmi­şik: “Gün o gün olsun ki, Cənab Prezidentimiz Azərbaycan tarixinə Qarabağımızı azad edən xilaskar Prezident kimi daxil olsun!” Və o gün gəldi! Ali Baş Komandan İlham Əliyev Azərbaycan tarixinə Qara­bağı azad edən xilaskar Prezident kimi daxil oldu!

Qələbəyə gedən yol Ulu Öndər Heydər Əliyevin siyasi varisinə vəsiyyəti ilə başlandı. müraciətində bu sözləri bildirirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim tale­yüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

– 44 günlük müharibə nəinki döyüş meydanında, həm də informasiya məkanında aparıldı. Dövlət başçısı döyüşlərə koman­danlıq etməkdən savayı, eyni zamanda dünyanın ən nüfuzlu telekanallarına, mətbuat orqanla­rına 30-dan çox müsahibə verdi. Bununla ermənilərin həm də informasiya manipulyasiyasına ciddi zərbə vuruldu.

İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik. Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq.

Noyabrın 8-də Azərbaycan təntənəli şəkildə əzəli düşmən üzərində Qələbənin üçüncü ilini qeyd etdi. Həmin gün Bakının müxtəlif küçə və prospektlərində, Gəncə, Bərdə, Füzuli, Laçın və Zəngilan rayonlarında hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri oldu. Xalqımız böyük qürur və fərəh hissi ilə şanlı Qələbənin üçüncü ildönümünü bayram etdi. Qələbə gününü ən yaddaqalan hadisəsi isə çoxdan səbirsizliklə gözlədiyimiz bir hadisə azad edilən Xankəndidə əzəmətli paradın keçirilməsi oldu.

Ülkər Məmmədzadə,
6 saylı Bakı ASAN xidmət mərkəzinin baş mütəxəssisi,
YAP Xətai rayon təşkilatının üzvü