İtaliyanın Turin şəhərinin ev sahibliyi etdiyi Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) turnirində Serbiyalı raketka ustası Novak Cokoviç dünya sıralamasında dördüncü olan italiyalı Yannik Sinnerlə qarşılaşıb.
“İki sahil” xəbər verir ki, “Pala Alpitour”da keçirilən görüşdə Yannik Sinner dünyanın bir nömrəli tennisçisi Cokoviçə 2:1 (7-5, 6-7, 7-6) hesabı ilə qalib gəlib. Oyun 3 saat 9 dəqiqə davam edib. İtaliyalı tennisçi bu qələbə ilə karyerasında ilk dəfə Novak Cokoviçi məğlub edib və tunirin yarımfinalına vəziqə qazanıb.
Bu, Cokoviçin ardıcıl 19 qələbədən sonra ilk məğlubiyyətidir.
Serbiyalı raketka ustası turnirdəki ilk matçında danimarkalı Holqer Runa qalib gəlməklə 2023-cü ildə dünya reytinq cədvəlinin zirvəsində qalmağı təmin etmişdi. Otuz altı yaşlı tennisçi bu nəticə ilə 8-ci dəfə mövsümü birinci sırada başa vurmaqla öz rekordunu yeniləyib. ATP reytinqində ilk pillədə qalmaq vaxtını 440 həftəyə yüksəldən Cokoviç, həmçinin özünün dünya reytinqində birinci yerdə olan ən yaşlı kişi tennisçi rekordunu da yeniləyib.