15 noyabr 2023 00:28
290

T.Yaqubluya Aristotelsayağı cavab: Əndazəni gözlə, mümkün olan işdən yapış, abır-həyanı əldən vermə

Bir müdrik kəlamda deyilir: “Hər şey həddini aşanda özünə qarşı çevrilir”. Gerçəkdən də belədir. Son zamanlar ölkəmizdəki radikal müxalifətin təmsilçilərinin, xüsusilə də AXCP sədri Əli Kərimlinin, “Milli Şura”nın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun və s. sosial şəbəkələrdəki çıxışlarına, “moizə”lərinə diqqət edəndə həqiqətən də yuxarıdakı kəlamların müdrikliyinə  qeyri-ixtiyari olaraq heyran olursan.

Bu, bir gerçəklikdir ki, bu gün yeni texnologiyalar, sosial şəbəkələr cəmiyyətin həyatına ciddi təsir edir. Belə ki, “YouTube”, “Facebook” kimi platformalar artıq informasiya mənbəyi, ünsiyyət vasitəsi olmaqla insanları daha çox cəlb edir. Bütün bunlardan faydalanmağa çalışan,  əgər el dili ilə desək, heç yerdə işləməyə-işləməyə əməlli başlı dolanan, daha doğrusu xaricdəki “dostlarından” əməlli-başlı ənamlar alan T.Yaqublu kimi dil canbazı sosial şəbəkələrdə milli maraqlarımıza zidd açıqlamaları, həqiqətdən uzaq əsasssız iddiaları ilə tez-tez gündəmə gəlir. Elə buna görə də tez-tez bizim də qələmimizə tuş gəlir.

Niyə də tuş gəlməsin? Axı T.Yaqublu son zamanlar, xüsusilə qırx dörd günlük müharibədən sonra demək olar ki, günaşırı  “YouTube” da, Qənimət Zahidin “Azərbaycan saatı”nda, “Osmanqızı tv”-də Ermənistanın baş naziri Nikol Paşinyanı davamlı olaraq tərifləyir, Hayastana olan sevgisini terminik sözlər, pafoslu cümlələrlə ifadə edir. Bu yaxınlarda T.Yaqublu internet tv-lərin birində təxminən belə deyirdi: “İki gün əvvəl Ermənistanda prokurorluq işçilərinin peşə bayramı idi. Bununla bağlı keçirilən tədbirdə baş nazir Nikol Paşinyan da iştirak edirdi. O, istintaqçılar qarşısında çıxış edərkən, onlara belə bir tapşırıq verdi: “Heç bir təqsirsiz şəxs təqib edilməməlidir, vətəndaş azadlıqları qorunmalıdır və heç bir cinayətkar azadlıqda gəzməməlidir”.

 Əslində, necə deyərlər, orta-ağır psixoloji problemləri olan, N.Paşinyana xüsusi simpatiyası ilə diqqəti çəkən T.Yaqublu özü də yaxşı bilir ki, Ermənistanın baş nazirinin prokurorlar qarşısında söylədikləri manipulyasiyadan başqa bir şey deyil.

Dahası da var... Əli Kərimlinin orbitində fırlanan Tofiq Yaqublu bu günlərdə sosial şəbəkələrdəki çıxışlarından birində yenə cümlələrinə süni boya çəkərək deyirb ki, müharibədə qazanılmış qələbənin eyforiyası keçəndən sonra qalib SSRİ-nin vətəndaşları məğlub olmuş Almaniyanın vətəndaşlarının yaşayışına və hüquqlarına həsəd aparırdılar. Bir azdan bizdə də elə olacaq, qalib Azərbaycanın vətəndaşları məğlub Ermənistanın vətəndaşlarının yaşayışına və hüquqlarına həsəd aparacaqlar...

Klassik antimilli “məntiq” deyilmi?  Buna həqiqətləri inkar edən təfəkkürsüz T.Yaqublusayağı “təfəkkür” və ya inkar edilən həqiqətlər də demək olar. Nədən qırx dörd günlük Vətən müharibəsində tarixi Zəfər qazanan qalib Azərbaycanın qürurlu vətəndaşları məğlub Ermənistanın rəzil vətəndaşlarına həsəd aparsınlar?  Axı qalib xalq kimi kimə, nəyə həsəd aparacağıq ki? 2020-ci ildən bu günə qədər, xüsusilə də bu il sentyabrın 19-20-də həyata keçirilən lokal antiterror tədbirlərindən, yəni Xankəndinin və ətrafının xunta rejimindən azad edilməsindən sonra çasqınlıq, xaos içində olan erməni cəmiyyətinə? İşsizlikdən, yoxsulluqdan dünyanın dörd bir yanına səpələnmiş ermənilərə?..

Əlbəttə, ölkəmizlə bağlı hər şeyi qara rəngdə görən T.Yaqubludan bundan artqı başqa bir şey gözləmək olmaz. O da var ki, bu zat sosial şəbəkələrdəki belə sərsəmləmələri, daha doğrusu, Ermənistana simpatiyası ilə gündən-günə cəmiyyətimizin, xüsusilə də şəhid ailələrinin və qazilərin nifrətini daha çox qazanır.  

T.Yaqublunun sərsəmləmələri ilə bağlı yazını müdrik bir kəlamla başladıq,   qədim yunan filosofi, müdriklik elminin bilicilərindən olan Aristotelin müdrik kəlamı ilə bitirmək istərdik. Aristotel  “Siyasət” əsərində yazırdı: “Əndazəni gözlə, mümkün olan işdən yapış, abır-həyanı əldən vermə”.  Bu qiymətli sözlər sanki erməni sevdası ilə alışıb- yanan T.Yaqublunun boyuna biçilib...

Zahid Rza, “İki sahil”