15 noyabr 2023 00:44
296

Qəhrəmanlının təzə "mız"ı...

Bizdə niyə asi gənclər yoxdur? Bu gülünc sualı verən kim olsa yaxşıdır? AXCP sədrinin müavini Fuad Qəhrəmanlı. İndiyədək sədr müavininin dilindən qəribə və bəzən də əcaib fikirləri çox eşitmişik. Ancaq bu, heç kəsi təəccübləndirmirdi. Çünki bilirlər ki, bunların işi-peşəsi hər şeyə bir "mız" qoymaqdır. Bu dəfəki "mız" isə lap qəribə və məntiqsizdir. Onun sualına əks sual qoyula bilər: Nə səbəbə bizdə asi gənclər olmalıdır? Qəhrəmanlı sayıqlamalarına davam edərək iddia edir ki, guya gənclərimizin düşüncəsində ictimai dəyər, ölkənin taleyi ilə bağlı bir qayğı, bütün istəklərin fövqündə duran bir Azərbaycan arzusu, modeli yoxdur. Qəlbləri, düşüncələri böyük bir boşluq içindədir bu gənclərin.

Əlbəttə, Fuad Qəhrəmanlının gözləri belə görür, çünki o da bəziləri kimi çörəyini iqtidarın gördüyü işlərə, həyata keçirdiyi tədbirlərə qara yaxmaqla qazanır. Axı, onlara ianələri, qrantları buna görə verirlər. Həqiqəti desə kimdir ona pul verən? Belə işləri yandaşı Əli Kərimli hamıdan yaxşı bilir. Otuz ildir ki, bu cür işlərin peşindədir. Haram yollarla əldə etdikləri pullar cəbhəçilərin gözlərini elə örtüb ki, sanki Azərbaycanda gənclərə yaradılan şəraitdən xəbərləri yoxdur. Onlar ölkəmizdə fəaliyyətdə olan gənclər təşkilatlarını görə, gənclərin vəzifələrə irəli çəkilməsini hiss edə bilmirlər. Yəqin ki, hiss üzvləri çox korşalıb. Qəhrəmanlı unudur ki, Qarabağ kimi çətin bir problemi şəxsi heyəti əsasən gənclərdən ibarət olan Azərbaycan Ordusu cəmi 44 gün ərzində həll etdi. Onlardan bir nəfər də olsun fərarilik edən olmadı, igidliklə vuruşub betonlaşdırılmış səngərlərdə olan məkrli düşmənə qalib gəldilər. Həmin günlərdə bütün mülki gənclər hərbi səfərbərlik xidmətlərinin qarşısına toplaşaraq qətiyyətlə tələb edirdilər ki, onları da müharibəyə aparsınlar. Fuad Qəhrəmanlı bunu nə tez unudub?

Bir çox gənclərimiz Avropada və dünyada öz parlaq qələbələri ilə üçrəngli bayrağımızı böyük idman arenalarında qaldırdılar. İdmanın bir çox növlərində Avropa və dünya çempionlarımızın sayı ildən-ilə artmaqdadır. Bütün bunların hamısı Azərbaycana sevgi deyil, bəs nədir? Hansı idarəyə, müəssisəyə, təşkilata, şirkətə üz tutsaq işçilərin əksərinin gənclər olduğunu görərik. Bu, gənclərə dövlət qayğısı deyilmi? Gənclərimizin ölkə hüdudlarından uzaqlarda təhsil almaları, hələlik tək-tək də olsa o ölkələrdə vəzifə tutmaları, zabit kimi hərbi xidmət keçmələri, deputat seçilmələri bizim fəxrimizdir.

Təəssüf ki, Qəhrəmanlı iddia edir ki, guya bizim gənclər taqətsiz qocalar kimi aciz, yorğun və tükənmiş kimi görünürlər. Bu iddianı təkzib edən daha bir misal. Xarici ölkələrdəki diaspor təşkilatlarının öncülləri gənclərdən ibarətdir. Onlar yaşadıqları yerlərdə Azərbaycanın maraqlarını müdafiə edir, təbliğat kampaniyaları keçirir, şərəfimizi qoruyurlar.   44 günlük Vətən müharibəsi günlərində onların fəallıqlarını dünya gördü. Yalnız siz görmədiniz. Çünki sərf etmir, onda namərdcəsinə yaxanızı çəkib kənarda seyrçi mövqe tutdunuz. Bütün bunlar öz yerində.

Fuad Qəhrəmanlı: Bu suala da siz cavab verin: Gənclər nə üçün asi olmalıdır?

Vəli İlyasov, "İki sahil"