15 noyabr 2023 02:57
276

Ermənipərəst konqresmenin həyasızlığının son həddi

Separatçı şəxsləri “hökumət məmurları” və “siyasi məhbus” kimi qələmə verən Adam Şiffin ABŞ hakimiyyətini erməni məhbusların "hüquqlarının pozulması"na görə Bakıya qarşı sanksiyalar tətbiq etməyə çağırması yumşaq formada desək siyasi əxlaqsızlıqdır

Erməni lobbisinin və pullarının sayəsində Konqresdə yer tutan bəzi amerikalı “siyasətçi”lər zaman-zaman ölkəmizə qarşı bu cür çirkin kampaniyalar aparıblar və bu gün də aparmaqdadırlar. Uzun illərdir Birləşmiş Ştatlar Konqresində erməni lobbisinin qatı müdafiəçisi Frank Pelloni, Adam Şiff, Robert Dold, Bred Şerman kimi konq­resmenlər, yaxud Barbara Bokser və Robert Menendes kimi senatorlar, eləcə də digərləri külli miqdarda er­məni vəsaitləri hesabına Azərbayca­na qarşı hər cür qərəzli sifarişi yerinə yetirirlər. Təbii ki, erməni qapısında “buyruq iti”nə çevrilən və ikili standartlardan çıxış edən bu şəxslərin məntiqsiz fikirləri heç bir halda ABŞ hökumətinin mövqeyi kimi qəbul edilə bilməz. Ancaq, necə deyərlər, “milçək bir şey olmasa da, ürək bulandırır”. 44 günlük müharibədən sonra “Qarabağın azadlığı tanınmalı, Türkiyənin bölgədəki rolu azaldılmalıdır”,-deyərək ermənipərəst mövqe sərgiləyən amerikalı konqresmen Adam Şiff Kaliforniya ştatından Konqesə seçilib - həmin ərazi isə ABŞ-dakı erməni icmasının nümayəndələrinin yaşadığı bölgə sayılır. Bu mənada, onun Azərbaycana qarşı qərəzli mövqeyi və açıqlamaları da təbiidir. Bu günlərdə Şiff ABŞ hakimiyyətini erməni məhbusların "hüquqlarının pozulması"na görə Bakıya qarşı sanksiyalar tətbiq etməyə çağırıb. O, “qanunsuz” olaraq həbs edilmiş erməni hərbi əsirləri, “əsir götürülmüş” mülki şəxsləri və siyasi məhbusları, o cümlədən “Dağlıq Qarabağ hökuməti”nin rəsmilərini Azərbaycandan dərhal azad etməyi tələb edən qanun layihəsini Konqresə təqdim edib. Həmçinin Nümayəndələr Palatasına göndərilən qətnamə layihəsində Azərbaycana yardımın dayandırılması təklif edilir. Sənəddə qeyd olunur ki, Bakı erməni məhbusları, qondarma rejimin hərbi-siyasi rəhbərliyinin nümayəndələrini dərhal azad etməlidir. Burada xüsusilə absurd olan məqam odur ki, A.Şiff separatçı şəxsləri “hökumət məmurları” və “siyasi məhbus” kimi qələmə verib. Guya Qarabağdakı separatçı qurum ayrıca bir dövlət imiş, onların məmurları var və o üzdən, bunlar “siyasi məhbus” imiş. İndi də bunların azadlığa buraxılmasını istəyir. Yəni Ruben Vardanyan,  Davit Manukyan, Levon Mnatsakanyan, David Babayan, Araik Arutyunyan, Arkadi Qukasyan və Bako Saakyan azad edilməlidir. Bu, tələblərin irəli sürülməsi həqiqətən də həyasızlığın son həddidir. Məgər Qarabağdakı qondarma qurum beynəlxalq aləmdə tanınmışdı ki, Şiff separatçı başçıları “hökumət rəsmiləri” kimi təqdim etsin. Heç Ermənistanın özü 30 il ərzində qondarma qurumu tanımadı. Belə olan halda onları siyasi məhbus kimi təqdim etməyin heç bir siyasi və hüquqi əsası yoxdur. Həmin separatçı şəxslər siyasi məhbus yox, hərbi cinayətkardılar. Onları “siyasi məhbus” kimi təqdim etməyin özü elə siyasi cinayətdir.

Məlumdur ki, Adam Şiff və onun kimilər tez-tez Qarabağ ermənilərinin durumunu gündəmə gətirməklə bölgədə gərgin vəziyyətin olduğunu və proseslərə müdaxilə etmək zərurəti görüntüsünü ortaya atıblar. Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında qaldığı 30 ildə ABŞ hökuməti, mətbuatı, təşkilatları heç zaman ölkəmizə birmənalı dəstək verməyiblər. Erməni diasporunun maddi dəstəyi ilə karyera quran ABŞ-ın məmurları, konqresmenlər, senatorlar Azərbaycana qarşı kəskin mövqe sərgiləyiblər. Son iki yüz il ərzində milli düşmənçilik zəminində ard-arda Azərbaycan xalqına qarşı qətliamlar, soyqırımları törədən ermənilər Birinci Qarabağ müharibəsində də bu mənfur əməllərini davam etdirərək xalqımıza qarşı saysız-hesabsız müharibə cinayətləri, Ballıqaya, Ağdaban, Başlıbel kimi faciələr yaşadıblar. 1992-ci il fevralın 26-da Xocalı sakinlərinə qarşı soyqırımı həyata keçirən erməni qatilləri 613 günahsız insanı xüsusi amansızlıqla qətlə yetiriblər. 8 ailəni tamamilə Yer üzündən siliblər. Erməni faşizminin xalqımıza qarşı qanlı əməlləri bununla da bitməyib və getdikcə daha qabarıq formada özünü göstərməyə başlayıb. 44 günlük Vətən müharibəsi zamanı dəfələrlə müharibə meydanından xeyli uzaqda yerləşən şəhər və kəndlərimizin qatil ermənilər tərəfindən raket atəşinə tutularaq terrora məruz qalmasını, mülki vətəndaşlarımızın qətl edilməsini bütün dünya görürdü. Lakin beynəlxalq ictimaiyyət Xocalı hadisələrində olduğu kimi, Ermənistan və separatçıların Gəncədə də soyqırımı törətməsinə, Bərdədə, Tərtərdə və digər yaşayış yerlərimizdə insanlarımızı qətl etməsinə səsini çıxarmadı. Baxmayaraq ki, uşaq qatili Serjik Sarkisyanın davamçısı, qondarma rejimin  cinayətkar başçısı Araik Arutyunyan 2020-ci ildə Gəncə şəhərini vur əmrini verdiyini, Azərbaycanın digər böyük şəhərlərinə də zərbə endirəcəklərini həyasızlıqla, ağzı köpüklənə-köpüklənə, "fəxrlə" videokamera önündə etiraf etmişdi. Azərbaycan dövləti dəfələrlə Ermənistan və onun himayə etdiyi qondarma qurumun xalqımıza qarşı törətdiyi cinayətləri faktlarla beynəlxalq təşkilatların diqqətinə çatdırıb, lakin bununla bağlı Ermənistana hər hansı sanksiyalar tətbiq edilməyib, qondarma qurumun özünü buraxması ilə bağlı hansısa təzyiqlər edilməyib. Elə bu cəzasızlıq mühitindən yararlanan Ermənistan və separatçılar azərbaycanlılara qarşı cinayət əməllərini davam etdiriblər. Hazırda Azərbaycanda həbsdə olan separatçılar de-yure Azərbaycan vətəndaşları sayılırlar. Həmin ünsürlər cinayətləri Azərbaycan ərazisində törədiblər. Onların beynəlxalq müdafiəsi mümkünsüzdür. Çünki onlar terror fəaliyyəti göstərib, qanunsuz silahlı dəstələr saxlayıb, dinc sakinlərin qətlində iştirak edib, habelə Azərbaycan dövlətinin konstitusiya quruluşuna qarşı çıxıblar. Onları müdafiə edənlər terror, qanunsuz silahlı dəstələrin saxlanılmasını və dinc sakinlərin qətlini dəstəkləmiş olurlar.

Azərbaycan ərazi bütövlüyü və suverenliyini tam təmin etdiyi kimi, ona qarşı çıxanları da cinayət məsuliyyətinə cəlb edərək cəzalandıracaq. Onların həbsi bu düşüncədə olanlara, onların havadarlarına da ibrət dərsidir. Bu, erməniləri Azərbaycan ərazisində yerləşdirib onlara dövlət yaratmaq, daha sonra “böyük Ermənistan” xülyası ilə zəhərləməyin nəticəsidir. Həbs tədbirləri və əməliyyatı Azərbaycan dövlətini kiçik görənlərə də tərs şapalaqdır. Separatçıların, dövlət xəyanəti edənlərin həbsi, zərərsizləşdirilməsi Azərbaycan hakimiyyəti ilə cəmiyyətinin birliyinin göstəricisidir. Bu hadisələr bir daha sübut etdi ki, Azərbaycan vətəndaşlarının dövlətçilik və vətənsevərlik ruhu yüksək səviyyədədir. Düşmənlər, separatçılara havadarlıq edib dəstək verənlər də bu hadisədən öz paylarını, heç şübhəsiz, götürəcək.

Sevinc Azadi, “İki sahil”