14 noyabr 2023 23:57
302

Qəhrəmanlıq dastanı

8 noyabr Azərbaycanın tarixi zəfərə imza atdığı gün, Şuşanın azad olunmasının üçüncü ildönümünə həsr olunan hərbi parad  Xankəndi şəhərində reallaşdı. Xalqımız qəhrəman oğullarımızın dünya hərb tarixinə düşən şücaəti ilə fəxr edərək bu günü bayram etdi. Möhtəşəm Zəfərin sədası bu dəfə dünyaya düşmən işğalından azad edilən Xankəndidən yayıldı. Azərbaycan xalqının torpağından bir qarış belə düşmənə güzəştə getməyəcəyi mesajı bu dəfə Xankəndi şəhərindən verildi. Tarixi Qələbənin üçüncü ildönümündə Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə ucaldılan üçrəngli bayrağımız Zəfər təntənəsini daha əlamətdar etdi.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Qarabağda keçirilən lokal antiterror tədbirləri nəticəsində erməni hərbi birləşmələrini diz çökdürdü. Cəmi 23 saat 45 dəqiqə davam edən antiterror əməliyyatı Azərbaycanın gücünü düşmənə, eləcə də onların havadarlarına göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Beləliklə, ölkəmizin suverenliyi tam bərpa edildi. Oktyabrın 15-də ölkə başçısı Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Noyabrın 8-də məhz Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradda çıxış edən ölkə başçısı olduqca mühüm məsələlərə toxundu, çox ciddi mesajlar verdi. Üç il bundan əvvəl Qarabağın tacı olan Şuşa şəhərinin işğalçılardan azad edilməsi ilə düşmən ordusunun təslim olduğunu və ağ bayraq qaldırdığını xatırladan prezident İlham Əliyev bildirdi ki, İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələndi. 20 il öncə Prezident seçildikdən sonra xalqa verdiyi bütün sözləri tutan, yerinə yetirən cənab İlham Əliyev xalqın sevgisini, etimadını qazandı. Prezident kimi xalqına söz vermişdi ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik və Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq. Və bu gün Azərbaycan Bayrağı bütün torpaqlarımızda dalğalanır.

Azərbaycan əsgəri torpaqlarımızın işğaldan azad etmək qüdrətində olduğunu bir daha təsdiqlədi. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bildirir ki, müasir, mütəşəkkil ordu yaradılması Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Qeyd edək ki, hələ Ümummilli Lider Heydər Əliyevin hakimiyyətinin birinci dövründə gərgin səyləri nəticəsində Cəmşid Naxçıvanski adına hərbi lisey yaradılmışdır. Ordumuzda xidmət edən zabitlərin əksəriyyətinin Ulu Öndər Heydər Əliyevin yaratdığı və Azərbaycanın hərb tarixində xüsusi yeri olan Cəmşid Naxçıvanski adına hərbi liseyin kursantları, quru qoşunlarının, hərbi hava və hərbi dəniz qüvvələrinin məzunlarıdırlar.

Cənab İlham Əliyev hər zaman bu məqamı da diqqətə çatdırır ki, əgər Ermənistan rəhbərliyi və onun arxasında o vaxt və bu gün duran bəzi xarici qüvvələr  sözlərimə qulaq assaydılar, İkinci Qarabağ müharibəsinə ehtiyac qalmazdı: “Mən dəfələrlə deyirdim, Ermənistan rəhbərliyinə müraciət edərək deyirdim ki, əgər siz bizim torpağımızdan çıxmasanız, döyüş meydanında bizimlə üz-üzə gələcəksiniz və sizin arxanızda kim istəyirsə dursun, bu, bizi haqq yolumuzdan döndərə bilməz. 44 günlük Vətən müharibəsi bunu bir daha göstərdi.”

Cənab İlham Əliyevin hər bir çıxışı Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajları ilə zəngindir. “Biz istədiyimizə nail olduq, beynəlxalq hüququ bərpa etdik, tarixi ədaləti bərpa etdik, milli ləyaqətimizi bərpa etdik, düşmənə onun yerini göstərdik” deyən Müzəffər Ali Baş Komandan İlham Əliyev qeyd etdi ki, düşmən  qabağımızda diz çökdü və bu gün  burada müzəffər Silahlı Qüvvələrin qarşısında çıxış edirəm: “Yəni, biz bütün vəzifələri icra etmişik, ancaq bununla bərabər, bundan sonra da ordu quruculuğu məsələləri bizim üçün prioritet məsələlərdən biri olacaq. Bunu hamı bilsin və heç kim bunu unutmasın.”

Arzu Əliyeva,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı