14 noyabr 2023 01:15
411

Qərbin riyakar siyasəti bütün region üçün təhdiddir

Hazırda bir sıra ölkələri sonu görünməyən bataqlığa qərq edən Qərb Azərbaycanla Ermənistan arasında da münaqişənin, düşmənçiliyin sonsuzadək davam etməsində maraqlıdır

Son zamanlar ABŞ və Qərbi Avropa ölkələri (xüsusən Fransa, Almaniya) Azərbaycan əleyhinə atdığı addımlarla, səsləndirdiyi bəyanatlarla, hansısa kağız parçalarının qəbulu ilə əslində özlərini ifşa etməkdədirlər. ABŞ və Qərb bu davranışları ilə açıq şəkildə nümayiş etdirir ki, Cənubi Qafqaza sabitliyin, əmin-amanlığın gəlməsini istəmir. ABŞ və Fransanın, ümumilikdə Qərbin Yaxın Şərq və Cənubi Qafqaza yanaşmaları demək olar ki, eynidir. Məqsəd hər iki region üçün sülhü bərpa etmək, minlərlə insanın ölümünə səbəb olan qanlı döyüşləri dayandırıb, atəşkəsi əldə etmək yox, müharibəni daha da alovlandırıb yeni savaşlar yaratmaqdır. Görünən odur ki, Ukraynanı sonu görünməyən bataqlığa qərq edən Qərb Azərbaycanla Ermənistan arasında da münaqişənin, düşmənçiliyin sonsuzadək davam etməsində maraqlıdır. Əgər belə olmasaydı, otuz il torpaqlarımızın işğalda qalmasına, bir milyona yaxın qaçqın, köçkün probleminə, ərazimizdə separatizmin mövcudluğuna göz yummazdı və bu gün regionda məhz Azərbaycanın səyləri, təşəbbüsü ilə sülh üçün yaranmış real imkanları pozmağa çalışmazdı. Qərb bütün səylərini məhz buna yönəldib. Dünyanın istənilən yerində qaynar bir nöqtənin, münaqişənin olması Qərb üçün əlverişlidir. Çünki həmin regiona nüfuz edir, öz təsir dairəsini yaradır. Necə ki, Fransa illərlə Afrika qitəsində hökmranlıq edib, sərvətlərini talamaqla məşğul olub. Nəticədə bu gün Afrika xalqları yoxsulluq içində yaşayırlar, qitəni xəstəlik bürüyüb və həmin Fransa bütün bu qanlı, talançı əməllərinə görə artıq Afrikadan qovulur. Fransa, həmçinin, öz sərhədlərindən uzaqda yerləşən ərazilərdə - Sakit və Atlantik okeanlarda dənizaşırı icma və ərazilərində yaşayan xalqlara qarşı kolonializm siyasətini davam etdirir. Xalqların azad yaşamaq, öz dövlətlərini qurmaq istəklərini boğur.

Bu gün Azərbaycanın öz ərazi bütövlüyünü, suverenliyini tam bərpa etməsi, dövlətimizin güclənməsi ilə barışa bilməyən bəzi qüvvələr ən müxtəlif yalanlara, şər böhtana əl atırlar. Bəzi Avropa təsisatları, o cümlədən, Avropa Parlamenti, Avropa İttifaqı, həmçinin Fransa, Niderland, Almaniya və digərləri öz mövqeyində bunu aydın nümayiş etdirir. Məhz həmin güclər Ermənistanla sülh sazişinin imzalanmaması üçün əllərindən gələni edirlər. Təəssüf ki, müstəqil dövlət olduğunu unudan Ermənistan tərəfi də məhz bu güclərin diktəsi ilə hərəkət edir. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında vasitəçi kimi çıxış edən Avropa İttifaqı bu gün nümayiş etdirdiyi mövqeyi ilə özü özünü ifşa edir, vasitəçilik təşəbbüsünə kölgə salır. Avropa təsisatları Azərbaycanın öz ərazisində keçirdiyi bir günlük lokal antiterror tədbirlərinin mahiyyətinə və nəticəsinə də ədalətlə yanaşmadılar. Qərb dairələri tərəfindən əsassız şəkildə Azərbaycanı "etnik təmizləmə" siyasəti həyata keçirən ölkə kimi təqdim etmək cəhdləri özünü açıq büruzə verir. Ermənistana ardıcıl maliyyə və humanitar yardımının göstərilməsi, silahlandırılması istiqamətində atılan addımlar, Aİ-nin bu ölkədəki hərbiləşmiş missiyasının müddətinin uzadılması ehtimalının yüksək olması, Paşinyan başda olmaqla Ermənistan rəsmilərinə edilən siyasi reveranslar Qərbin ikiüzlülüyündə, ikili standartlarında və riyakarlığında heç bir şübhə yeri qoymur. Təəssüf ki, Avropa təsisatları ədalətli ola bilmirlər. Əksinə, Avropa Şurası, Avropa Parlamenti, Avropa İttifaqı Fransanın oyunlarına ortaq olur. Parisin Cənubi Qafqaz siyasəti regionda yeni müharibəyə təhrik etmək, qarşıdurma yaratmaqdır. Ermənistanı silahlandıran Paris ölkəmiz əleyhinə qərəzli qətnamələrin, bəyanatların müəllifidir. Bütün bunlar isə qeyd etdiyimiz kimi, sülhə birbaşa maneədir.

Məlum olduğu kimi, bir neçə gün öncə Ermənistanın baş naziri Nikol Paşinyan Fransaya - səfər etdi. Paşinyan səfər zamanı nələri müzakirə etdikləri haqqında "X" səhifəsindəki qeydlərində bildirib ki, Ermənistanla Fransa arasında ikitərəfli münasibətlərin güclənməsini, Avropa İttifaqı ilə əməkdaşlığa dair məsələlər müzakirə predmeti olub. Təbii ki, Fransa ilə Ermənistanın bir neçə məqamda yolları "qovuşur" - riyakarlıq, rasizm, insan hüquqları pozuntusu, islamofobiya və bu kimi məsələlərdə analoji xətti tutan, yürüdən hər iki dövlətin sadalanan predmetlər üzrə əməkdaşlıq etmələri də istisna deyil. VI Paris Sülh Konfransı adı altında təşkil olunan toplantı Fransanın mənəvi əskiklərini ört-basdır etmək arzusudur. Fransanın "təşkil etdiyi" "sülh konfransı"nın "qonağı" olan Paşinyanın sülhlə bağlı "baxışları" hər kəsə bəllidir. Makron-Paşinyan cütlüyü bu gün dünyada sülhə və təhlükəsizliyə ən böyük təhdid ola-ola utanmadan "sülhdən" danışırlar. Ermənistan bir reallığı görməzdən gəlir – Qərbin, xüsusilə də Fransanın indiyə qədər hansısa bir münaqişə və ya qarşıdurma, hətta mübahisələri belə sülh vasitəsilə yatırtmağa niyyətləndiyini nə eşidən, nə görən, nə də duyan olmayıb. Çox uzağa getməyək. Fransanın sərgilədiyi "sülhpərvərliyə" Yaxın Orta Şərqin misalında baxa bilərik: Qəzza problemi yeni-yeni başlayan zaman Fransa Həmasa qarşı koalisiya formalaşdırmaq istəyirdi, hətta buna çağırışlar belə edirdi. Amma indi İsrailin üzərinə gedir. Makronun həm daxili, həm xarici siyasəti anlaşılmazlıqlarla, ziddiyyətlərlə doludur. Bu dövlətin əsas qayəsi sülhün əldə olunmamasıdır. Paris üçün destruktiv mənzərə həmişəki kimi, "ürəkaçıcıdır".

Bütün bu hadisələrdən nəticə çıxarmayan, öz havadarlarına arxayın olaraq yeni təxribatçı fikirlər səslənirən Nikol Paşinyan göründüyü kimi, yenə də dar siyasi təfəkkürü ilə hərəkət edərək Azərbaycanla imzalanması nəzərdə tutulan sülh müqaviləsi və aparılan sülh danışıqlarını baltalamağa qərar verib. Əgər Ermənistan sülh prosesini uzatsa, uduzan tərəf də elə özü olacaq. Çünki başqa çıxış yolları yoxdur. Azərbaycan bu gün regionda lider dövlət olmaqla yanaşı, qlobal müstəvidə də mühüm oyunçuya çevrilməkdədir. Cənubi Qafqazda maraqları olan güclər Azərbaycanla hesablaşmalı olduqlarını da bilirlər. Onların Ermənistanla bağlı populist çıxışların arxasında yalançı vədlərin, boş sözlərin olduğu gün kimi aydındır və bunları saymaqla bitən deyil. Azərbaycan isə sülh və təhlükəsizlik fonunda yeni səhifə açmağa hazırdır. Bu mənada Ermənistanın gələcəyi irəli sürülən təşəbbüslərə konstruktiv adekvat cavab verməsindən asılıdır. Bu, nə qədər tez baş verərsə, bütün region üçün, həm də Ermənistan üçün də faydalı olacaq.

Sevinc Azadi, “İki sahil”