14 noyabr 2023 00:36
256

Xankəndidəki möhtəşəm parad kimləri və nə üçün məyus edir?

Əli Kərimliyə və ətrafına xatırlatma - məğlubların söz haqqı olmur

Ölkəmizin Cənubi Qafqazdakı mövcud mövqe üstünlüyü və Ermənistanın davamlı geosiyasi məğlubiyyəti, o cümlədən Qarabağdakı terrorçu-separatçı xuntanın darmadağın edilməsi, onların qatil rəhbərlərinin həbs edilərək Bakıya gətirilməsi,  bunun ardınca isə  Ali Baş Komandanımızın Xankəndidə,  Ağdərədə,  Xocalıda, Əsgəranda, Xosavənddə  üçrəngli bayağımızı ucaltması və Xankəndində möhtəşəm hərbi parad keçirməsi xaricdə anti-Azərbaycan qüvvələri və onların daxildəki nökərlərini ciddi şəkildə əndişələndirib.

Xüsusilə AXCP sədri Əli Kərimli ənənəsinə sadiq qalaraq Azərbaycan dövləti və xalqı əleyhinə  sosial şəbəkələrdə böhtan dolu "tezislər"ini  tirajlamaqda davam edir. Hətta özünün antimilli çıxışları ilə kifayətlənməyib inhisarına aldığı dağıdıcı düşərgəni də böhtan kampaniyasına qoşub. Məsələn, o, «cəbhəçi»lərə təlimat verib ki, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi məsələsində rəsmi Bakıya qarşı açıq ittihamlar səsləndirsinlər.

Bundan başqa, Əli Kərimlinin son günlər yazdığı statuslarından da aydın görünür ki, o, hələ də don kixotluq etmək xaraktersizliyindən əl çəkə bilmir. Onun bu dayaz düşüncəli tezislərinə nəzər yetirdikdə bir daha anlayırsan ki, bundan adam olmayıb, olmayacaq da. Kərimli  yazır: "…Məqsədyönlü şəkildə Qarabağı azad etməyə çalışan Ali Baş Komandanın ordusunda heç bu boyda korrupsiya olar? Ordu quruculuğu necə prioritet idi ki, Müdafiə Nazirliyində korrupsiya halları aşkarlanıb?"

Bu, adamdakı riyakarlığa baxın ki, orduda korrupsiya hallarını dilə gətirir, amma korrupsiyada adı hallananların ədalət məhkəməsi qarşısında cavab verdikləri barədə bir kəlmə də yazmır. Qeyd edək ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin bir müddət əvvəl həyata keçirdiyi istintaq-əməliyyat  tədbirləri nəticəsində bir neçə yüksək rütbəli hərbçi korrupsiya hallarına görə həbs edilmiş və onların mənimsədikləri maliyyə vəsaitlərinin xeyli hissəsi dövlət büdcəsinə qaytarılmışdır. Bu proses hal-hazırda da davam edir.

Əli Kərimlinin ən böyük rəzilliyi isə ondadır ki, İkinci Qarabağ müharibəsindən öncə separatçıların Xankəndidə keçirdikləri  qondarma "paradı"ın fotolarını paylaşıb qələbəmizə ikrah hissi ilə yanaşırdı. Belə məqamda haqlı suallar yaranır: Bəs 8 Noyabr- Zəfər Günündə Azərbaycan Ordusunun Xankəndi şəhərində, üç rəngli bayrağımızın altında keçirdiyi paraddan niyə fotolar paylaşmadın? Bəli, bunun adı rəzillikdir, Azərbaycanın uğurlarına kəm baxmaqdır.

Təbii ki, onun qalib Azərbaycan Ordusu haqqında sərsəmləmələri son 3 ildəki tarixi zəfərlərimizə qısqanclığından qaynaqlanır. Belə ki, o, statuslarında, İkinci Qarabağ müharibəsində guya əsgərlərimizin döyüşlərə dəbilqəsiz və hazırlıqsız qatıldığını yazır. Axı necə ola bilir ki, 44 günlük müharibədə hərbi uğurumuz, xüsusilə də çətin və mürəkkəb dağ relyefinə malik olan Şuşa şəhərini işğaldan azad edən Silahlı Qüvvələrimiz haqqında dünyanın ən tanınmış hərbi ekspertləri heyranlıqla danışırlar, ancaq Kərimli isə hələ də könül bulandırmaqla məşğuldur.
Məlumdur ki, onun bu iddaları yalandır və hətta gerçək olsa belə, anlamalıdır ki, qalibləri mühakimə etmirlər. Bundan başqa, qəlbi təmiz insanlar ordunun problemlərindən deyil, onun qələbələrindən danışarlar.

Hətta Əli Kərimli Xankəndidəki hərbi paradın möhtəşəmliyinə kölgə salmaqdan ötrü mənasız mövzu tapıb. Deyir ki, Rusiya sülhməramlıları Qarabağdan çıxmalıdırlar. Təbii ki, Rusiya sülhməramlıları Qarabağı gec və ya tez tərk edəcəklər. Biz isə Əli Kərimliyə deyirik -  heç hənanın yeridir... Bu qədər möhtəşəm qələbələri görməzlikdən gəlmək ən böyük rəzillikdir.  Hər bir Azərbayan vətəndaşı Xankəndi şəhərində keçirilən hərbi paraddan qürur hissi keçirdi, yalnız Əli Kərimli və troll dəstəsindən başqa. 

Bundan başqa, Əli Kərimlinin müavini Seymur Həzi də özünə müdriklik görkəmi verərək pafoslu nitqlərini cəmiyyətə sırımaq istəyir. O statuslarında yazır ki, niyə məcburi köçkünlər öz torpaqlarına sürətli şəkildə qaytarılmır? Və yaxud yazır ki, nə üçün işğaldan azad olunan  ərazilərdəki  yararlı torpaqlar hələ də məcburi köçkünlərə paylanılmır? Görünən odur ki, bu Seymur Həzinin gerizəkalılığının fontan vuran vaxtıdır. Bu adam hələ də anlamır ki, o torpaqlarda ermənilər miyonlarla mina basdırıblar. Elə təkcə son bir ayda Tərtərdə üç mülki şəxs ayrı- ayrı vaxtlarda və ayrı –ayrı ərazilərdə kənd təsərrüfatı işləri ilə məşğul olarkən minaya düşüblər.  Eyni zamanda, ermənilərin viran qoyduğu kəndlər və şəhərlər yenidən qurulmalıdır ki, insanlar oraya qayıdanda normal yaşayış şəraiti ilə təmin olunsunlar. Hazırda bu istiqamətdə çox ciddi işlər həyata keçirilir ki, siz onları hələ də görməzlikdən gəlirsiniz. Amma sizlərdən fərqli olaraq dövlət vətəndaşının  oraya təhlükəsiz qayıdacağı vaxtı da, məqamı da daha yaxşı bilir.

Elçin Zaman, "İki sahil"