14 noyabr 2023 01:57
278

Cənubi Qafqazı qan çanağına döndərmək siyasəti

Fransanın Ermənistanı silahlandırması, Avropa İttifaqının buna göz yumması Brüssel sülh prosesinə zərbədir

Qərbin, xüsusilə Makron Fransasının əsas istəyi Cənubi Qafqazı yenidən qan çanağına döndərməkdir. Məhz bu səbəbdən Fransa bir ucdan Ermənistanı silahlandırmaqda davam edir. “Caliber”in etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, noyabrın 12-də Fransanın Ermənistan üçün göndərdiyi hərbi texnika Gürcüstan ərazisindən Gürcüstan-Ermənistan sərhədinə doğru hərəkət edib. Həbri texnikaya “Acmat” şirkətinin istehsalı olan 20-dən çox “Bastion” markalı çoxməqsədli zirehli maşınlar, həmçinin həmin qurğular üçün  avadanlıqlar daxildir. Həmin silahları Hayastana göndərən isə Fransanın ARQUUS şirkətidir. 

Ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycan qonşusuna heç bir təhdid yaratmır. Hətta rəsmi Bakı ən yüksək səviyyədə bəyan edib ki, bizim Ermənistan ərazisində gözümüz yoxdur. Daha doğrusu, təcavüzkar ölkədən fərqli olaraq, rəsmi Bakı Ermənistana qarşı hər hansı ərazi iddiası irəli sürməyib.  Amma Qərb, xüsusilə  ölkəmizə qarşı hədyanlar yağdıran Fransa isə bunların heç birinə əhəmiyyət vermir. Hətta rəsmi Paris utanıb-qızarmadan Azərbaycanın yaxın günlərdə və ya həftələrdə Ermənistana qarşı “hərbi müdaxilədən dərin narahatlıq keçirdiyini” də açıq-aşkar tirajlayır. Bununla da hayları növbəti hərbi qarşıdurmaya təhrik edir.  Halbuki, 30 il ərzində ölkəmizin 20 faiz ərazisinin haylar tərəfindən işğalına göz yuman və ərazilərimizdə separatizmi təşviq edən Fransanın Azərbaycan tərəfini Ermənistanın ərazi bütövlüyü və suverenliyinə təhdid yaratmaqda ittiham etməsi olduqca gülüncdür və qəbuledilməzdir. 

Şübhəsiz, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransanın  Ermənistana silah ixrac etməsi birmənalı olaraq danışıqlar prosesinə, o cümlədən Çənubi Qafqazda kövrək sülhə ciddi zərbədir. Digər tərəfdən, Ermənistan Fransanın bu addımlarından cəsarətlənərək əvvəlki illərdə olduğu kimi, hərbi təxribatlarına davam etdirəcəyi şəksizdir. Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin sözləri ilə desək, sözügedən hərbi texnikanın ötürülməsi Azərbaycan ərazilərinin bir hissəsini 30 ilə yaxın işğal altında saxlayan, hazırda da təcavüzkar siyasətdən və ritorikadan əl çəkməyən Ermənistanın hərbi potensialını gücləndirməyə və bölgədə destruktiv fəaliyyətinə xidmət edəcək. Bütün bunlar isə Fransanın beynəlxalq hüquq normalarına məhəl qoymamasından xəbər verir. Bu ölkənin yalnız bir məqsədi var: nəyin bahasına olursa olsun Cənubi Qafqazda möhkəmlənmək naminə yeni toqquşmalara və hətta hərbi əməliyyatların bərpasına nail olmaq! Beləliklə, Cənubi Qafqazda Fransanın təsiri və Ermənistanın əli ilə hərbi gərginlik riski artmaqdadır. 

Bəli, görünən odur ki, özünü beynəlxalq hüququn təminatçısı, bölgədə sülh və sabitliyin tərəfdarı kimi təqdim edən Fransa onun diktəsi ilə oturub-duran Ermənistanı silahlandırmaq siyasətindən əl çəkmək fikrində  deyil.  Fikrimizcə, bu məqamda Prezident İlham Əliyevin aşağıdakı sözlərini xatırlatmaq yerinə düşərdi: “Fransanın Ermənistana silah verməsi sülhə deyil, yeni qarşıdurmaya xidmət edən yanaşmadır və əgər regionda hər hansı yeni qarşıdurma baş verərsə, bunun səbəbkarı məhz Fransa olacaq”.

Amma nə qədər qəribə olsa da, Qərbin bir sıra ölkələri, eyni zamanda, demokratiyadan dəm vuran beynəlxalq qurumlar, həmçinin Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq niyyətində olan Avropa İttifaqı Fransanın Ermənistana   öldürücü silahların verməsinə göz yumur.  Sanki bu, belə də olmalı imiş. Yeri gəlmişkən, qeyd edək ki, artıq neçə aydır Ermənistanda ikiillik mandatla 100 nəfərdən ibarət  Avropa İttifaqının yeni missiyası fəaliyyət göstərir. Halbuki bu missiyanın Ermənistana göndərilməsinə heç bir zərurət yox idi. Son günlər guya Azərbaycanın Ermənistana qarşı ərazi iddiasında olmasından, hətta Qərbi Zəngəzuru ələ keçirməyə çalışmasından dəm vuran Qərb elə bu bəhanə ilə  missiyanın coğrafiyasını geniş­ləndirir. Bu isə o deməkdir ki, rəsmi Parisin, o cümlədən, Avropa İttifaqının məqsədi Cənu­bi Qafqazda öz maraqlarını reallaşdırmaq və  Ermənistandan plasdarm kimi istifadə etməkdir.

Məgər onlar anlamırlar ki, Fransanın bu addımları Ermənistanın aqressiv iddialarını güclənməsinə gətirib çıxaracaq və bütün regionun sabitliyini təhlükə altına salacaq? Məgər onlar anlamırlar ki, bölgəmizdə sülh və sabitliyə mane olan təcavüzkar Ermənistanı dəstəkləmək və silahlandırmaq məqsədi daşıyan Fransanı məkrli siyasətinə son qoymağa çağırmaq lazımdır? Məgər onlar anlamırlar ki, Fransa iki ölkə arasında gərginliyi qoruyub saxlamaq siyasəti yürüdür? Şübhəsiz, anlayırlar. Görünür, son illər Azərbaycanın bölgədə söz sahibi olması, Cənubi Qafqazda yeni reallıqlar yaratması onların da ürəyincə deyil. 

Bir sözlə, Fransanın regiondakı dağıdıcı xarakter daşıyan siyasəti sülhə təhdiddir. Amma  Cənubi Qafqazda “yuva” qurmağa çalışan, regionumuzu qan çanağına çevirməyə hazırlaşan Fransanın bu gün bölgədə yeni reallıqlar yaradan Azərbaycanla təzyiq dilində danışmaq istəyi və “bacı”sını silahlandırması mənasız addımlardır.  Faktiki olaraq Fransanın Ermənistanı silahlandırması, Avropa İttifaqının isə buna göz yumması sulh prosesinin əleyhinədir. Bununla da onlar elə özləri Brüssel sulh prosesinə zərbə vurmuş olurlar.

Qvami Məhəbbətoğlu, “İki sahil”