14 noyabr 2023 02:58
270

Fransa Ermənistanı silahlandırmaqdan əl çəkməlidir

Cənubi Qafqazı gərginlik ocağına çevirmək istəyən rəsmi Paris bölgədə sülh və əmin-amanlığın bərqərar olunmasının qarşısını alan destruktiv fəaliyyətini hələ də həyasızcasına davam etdirir  

Bu günlərdə ABŞ-ın “Financial Times” nəşrində yayımlanan məqalədə bildirilirdi: “Ukrayna və İsraildəki müharibələr dünyanı qaranlıq bir dövrə sürükləyir. İndi demokratların və sülhpərvərlərin dövrünü müharibələri dəstəkləyən millətçilər dövrü əvəzləyir. Bu dövr dəyişikliyini qaranlıq zamanların başlanğıcı kimi xarakterizə edə bilərik”.

Son zamanlar Fransanın Cənubi Qafqazda silahlanma və və hərbiləşmə siyasəti yeridərək Ermənistanı silahlandırması yuxarıda deyilənləri bir daha təsdiq edir. Uzun müddət Azərbaycanın 20 faiz ərazisinin təcavüzkar Ermənistan tərəfindən işğal edilməsinə göz yuman, hətta işğalçıya gizli dəstək verən rəsmi Paris hazırda regionla bağlı öz çirkin əməllərini pərdələmək üçün ən çirkin vasitələrə əl atır, hətta ölkəmizə qarşı yalan və əsassız böhtanlar səsləndirir. Fransa Prezidenti Emmanuel Makronun və digər fransız rəsmilərin Azərbaycanın yaxın günlərdə və ya həftələrdə Ermənistana qarşı “hərbi müdaxiləsindən dərin narahatlıq keçirdiklərini” bəyan etmələri siyasi riyakarlığın pik nöqtəsidir. Halbuki, ölkə rəhbərliyi tərəfindən dəfələrlə bəyan edilib ki, təcavüzkar Ermənistandan fərqli olaraq Azərbaycanın kimsənin torpaqlarında gözü yoxdur. Şübhəsiz, bunu bütün dünyada məkrli neoimperialist siyasəti ilə tanınan Fransanın rəsmiləri da yaxşı bilir.  

Bu günlərdə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İtaliyanın “İn Terris” nəşrinə müsahibəsində jurnalistin “Açıq və rəhmsiz Azərbaycanın yaxın gələcəkdə Ermənistanı işğal etmək niyyəti varmı” sualına aydın və birmənalı cavvb verib: “Qətiyyən. Bu, son günlərdə yayılan və mənşəyini axıra qədər anlaya bilmədiyimiz saxta xəbərlərdir. Bu cür yalan xəbərlərə səbəb və ya bəhanə olaraq “Zəngəzur dəhlizi” adlandırılan, Azərbaycan ilə onun eksklavı olan Naxçıvan arasında yaranacaq nəqliyyat bağlantısı göstərilir: əslində isə bu, yalnız Azərbaycanı və Ermənistanı və ya region dövlətləri birləşdirən bir bağlantı deyil, eyni zamanda daha geniş anlamda Asiyanı Avropa ilə birləşdirə biləcək orta nəqliyyat dəhlizinin alternativ marşrutu ola bilər və əslində dünya ticarətinə güclü təkan verə biləcək strateji layihədir”.

Bütün bunların fonunda birmənalı demək lazımdır ki, qırx dörd günlük müharibədə tarixi Zəfər qazanaraq yeni reallıqlar yaradan Azərbaycanın regionla bağlı mövqeyi bəllidir: qonşularla mehribanlıq, əmin-amanlıq, sülh şəraitində yaşamaq, bütün başqa ölkələrlə də hər sahədə əməkdaşlığı daha da genişləndirmək. Ölkəmiz, həmçinin sülh danışıqları ilə bağlı öhdəliklərə sadiqdir və onların yerinə yetirlməsi istiqamətində səylər göstərir. Dövlətimizin başçısının bildirdiyi kimi, Azərbaycan Cənubi Qafqazda davamlı sülhün tərəfdarıdır və regional sülh gündəliyini, Ermənistanla münasibətlərin normallaşdırılmasını və sülh müqaviləsinin imzalanmasını dəstəkləyir. Belə olan təqdirdə görəsən Fransa nə üçün bütün beynəlxalq hüquq normalarını pozaraq Ermənistanı silahlandırmaq üçün dəridən-qabıqdan çıxır? Nədən Makron hər vəchlə bölgədə sülhün, əmin-amanlığın bərqərar olmasına qarşı çıxır?  

Təbii ki, E.Makron başda olmaqla bəzi Qərb ölkələrinin rəsmiləri də bu suallara cavab verməlidirlər. Fransa və onun “bacısı”, qırx dörd günlük müharibədə məğlub olaraq kapitulyasiya aktına imza atan Ermənistan bölgədə silahlanmaya və hərbiləşmə siyasətinə son qoymalı, bu ölkələr regionda sülh və əməkdaşlığın alternativinin olmadığını nəhayət, anlamalıdırlar. Ancaq nə edəsən ki, öz geosiyasi maraqları naminə Cənubi Qafqazı gərginlik ocağına çevirmək istəyən Fransa bölgədə sülh və firavanlığın bərqərar olunmasının qarşısını alan qeyri-legitim fəaliyyətini hələ də həyasızcasına davam etdirir.  Bu günlərdə Ermənistan ordusu üçün nəzərdə tutulan Fransanın “Acmat” şirkətinin istehsalı olan çoxməqsədli “Bastion” zirehli texnikasının təcavüzkar ölkəyə yola salınması bunun əyani təsdiqidir. Bütün bunların nəticəsidir ki, 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan, təcavüzkar siyasətini və ritorikasını artıran Ermənistan son zamanlar sülh danışıqları ilə bağlı destruktiv fəaliyyətini daha da gücləndirib. Ona görə də beynəlxalq ictimaiyyət E.Makron kimilərə anlatmalıdır ki, özünü beynəlxalq hüququn təbliğatçısı, bölgədə sülh və sabitliyin tərəfdarı kimi təqdim edən Fransa Hayastanı silahlandırmaqla regionda vəziyyəti daha da gərginləşdirir. Rəsmi Paris bu təhlükəli oyunları ilə bölgədə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı şəkildə tanınması və hörmət edilməsi əsasında əlaqələrin normallaşdırılması səylərinə ciddi şəkildə zərbə vurur. Buna görə də dünya birliyi Fransanı təcavüzkar Ermənistanı silahlandırmaqdan çəkindirməli, onun regionda sülh və əmin-amanlığın bərqərar olunmasına təhlükə yaradan pozucu fəaliyyətinin qarşısını almaq üçün ciddi addımlar atmalıdır. Əks təqdirdə Fransanın bu çirkin oyunları və məsuliyyətsizliyi regionda sabitliyi təhlükə altına sala və Cənubi Qafqazı barıt çəlləyinə çevirə bilər.

Zahid Rza, “İki sahil”