13 noyabr 2023 15:35
442

Azərbaycanla Özbəkistan arasındakı dostluq və əməkdaşlıq daha uğurlu mərhələyə qədəm qoyub

Bu gün Prezident İlham Əliyevin siyasi priortetlərindən biri də Azərbaycanın ən yaxın tərəfdaşları və dünya ölkələri ilə uğurlu əməkdaşlıq əlaqələrinin qurulması və genişlənməsidir. Məhz cənab Prezidentin müdrik strateji xarici siyasətinin nəticəsi kimi bu gün Azərbaycan müxtəlif regional və beynəlxalq təşkilatların işində fəal iştirak edir, onların aparıcı üzvü kimi bu təşkilatların işinə töhfələr verir.

Belə ki, noyabrın 9-da Özbəkistanın paytaxtı Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısında təşkilata üzv ölkələr arasında iqtisadi-ticari, investisiya, nəqliyyat-kommunikasiya və humanitar əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olundu.  İqtisadi Əməkdaşlıq Təşkilatına  üzv ölkələrin liderləri, eyni zamanda, təşkilatın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı fikirlər səsləndirildi.

Xüsusi vurğulamaq lazımdır ki, ölkəmizin  təşkilatın inkişafına verdiyi töhfələrə və üzv dövlətlərlə əlaqələrini təhlil etsək görərik ki, ölkəmiz  üzv olduğu digər qurumlarda olduğu kimi, burada çox fəaldır. Belə ki, 1992-ci ildə Təşkilata üzv olan Azərbaycan ötən 31 il ərzində aktiv fəaliyyəti ilə  rolu ilə seçilmiş və üzv dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurmuşdur. Azərbaycanın xarici siyasətində ECO-ya üzv ölkələrlə əlaqələr prioritet istiqamətlərdən birini tutur. Prezident İlham Əliyev bununla bağlı fikirləri dediklərimizi təsdiqləyir: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır. Biz, həmçinin beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində Iqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə səmərəli əməkdaşlıq edirik”.

Azərbaycan təşkilatın bir sıra toplantılarına uğurla ev sahibliyi edib. Belə ki, təşkilatın 9-cu və 12-ci Zirvə toplantıları müvafiq olaraq 2006-cı və 2012-ci illərdə Bakıda reallaşıb. Bu il oktyabrın 10-da isə Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası keçirilib. Eyni zamanda, Şuşa şəhəri 2026-cı il üçün ECO-nun turizm paytaxtı elan edilib. ECO regionun nəhəng iqtisadi potensialından daha səmərəli istifadə, region ölkələri arasında iqtisadiyyat və ticarət sahəsində əlaqələrin inkişaf etdirilməsi baxımından əlverişli imkanlara malikdir. Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə genişlənməsinin tərəfdarıdır.

Ölkəmizin ECO-ya üzv ölkələrlə əlaqələrində bir sıra məqamları qeyd etmək mümkündür. Belə ki, dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın nəqliyyat-logistika infrastrukturunun bütün ECO ölkələri üçün açıq olduğunu bildirib. Eyni zamanda, rəsmi Bakı ilə Tehran arasında İran ərazisi vasitəsilə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə ilə razılıq əldə olunub. Füzuli şəhərində Özbəkistan tərəfindən məktəb tikilib istifadəyə verilib və Qazaxıstan tərəfindən yaradıcılıq mərkəzinin inşası davam etdirilir. Bu, ölkələrimiz arasında qardaşlığın, həmrəyliyin və dostluğun növbəti bariz təzahürü kimi qiymətləndirilir.

Azərbaycan, həmçinin Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal çalışır. Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alan Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəfləyir. Habelə regional məsələlərin bilavasitə region ölkələrinin iştirakı ilə həll edilməsi prinsipindən çıxış edən Azərbaycan 3+3 əməkdaşlıq formatını irəli sürüb. Bütün bu təşəbbüslərin reallaşması təşkilata üzv ölkələr arasında əlaqələrin daha da möhkəmlənməsinə, Şərqdən Qərbə yüklərin daha qısa zamanda və sərfəli qiymətə daşınmasına xidmət edəcək.

Bundan başqa, təşkilata üzv ölkələr Azərbaycanın haqq işinə daim öz dəstəklərini göstəriblər. Türkiyə və Pakistanın Azərbaycana hərtərəfli dəstəyi özünü bütün dövrlərdə açıq şəkildə büruzə verib. Bu iki ölkənin Vətən müharibəsi dövründə Azərbaycana siyasi və mənəvi dəstəyi açıq və birmənalı olub. Bu gün ECO ölkələri böyük ticarət dövriyyəsinə malikdir və ticarət-iqtisadi, nəqliyyat və logistika, enerji, iqlim gündəliyi, o cümlədən kənd təsərrüfatı sektoru qarşılıqlı fəaliyyətin prioritet istiqamətləri kimi müəyyən edilir.

Bu tədbirdə diqqət çəkən digər önəmli məsələ isə Azərbaycanla Özbəkistan arasındakı dostluq və əməkdaşlaq əlaqələrinin genişlənməsidir. Tədbirə ev sahibliyi edən Özbəkstanda Azərbaycan Prezidenti İlham Əliyevə həm özbək xalqının, həm də onun rəhbəri Şavkat Mirziyoyevin xüsusi rəğbəti  açıq hiss olunurdu. Məhz son bir ildə hər iki ölkə liderlərinin Bakda və Daşkənddə reallaşan işgüzar görüşləri bir daha deməyə əsas verir ki, bu iki dost və qardaş ölkə arasındakı dostluq  və əməkdaşlıq yeni və uğurlu mərhələyə qədəm qoyub.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri