13 noyabr 2023 14:25
319

Antiterror tədbirlərindəki Qələbəmiz 44 günlük tarixi Zəfərimizin pik nöqtəsidir

Prezident İlham Əliyev: Əgər rəsmi İrəvan bizim sözümüzə baxsaydı, sentyabr ayında keçirilmiş antiterror tədbirinə ehtiyac qalmazdı

2023-cü ilin sentyabrın 20-də Qarabağ iqtisadi rayonunda cəmi bir gün ərzində Azərbaycan Ordusunun keçirdiyi lokal antiterror tədbirləri ilə dövlətimiz öz ərazisində separatizmin kökünü birdəflik kəsməklə Ermənistanın işğal, mənimsəmə və torpaq iddiasına son qoymaqla yanaşı ölkəmizdə ikinci erməni dövlət yaratmaq kimi absurd iddialarını da birdəfəlik tarixin arxivinə göndərdi. Xankəndidə,  Ali Baş Komandanın rəhbərliyilə ucaldılan şanlı üçrəngli bayrağımız və keçirilən qələbə paradı xalqımızın istək və arzularının reallaşması oldu”.

Bəli, biz  Vətən müharibəsində tarixi Zəfərimizin üçüncü ildönümünü təntənə ilə qeyd edirik. Bu əlamətdar gün xalqımızın yaddaşında, tariximizdə unudulmayacaq, ən möhtəşəm gün kimi yaşayacaq. Belə ki, noyabrın 8-də Xankəndi şəhərində dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və oğulları Heydər Əliyevin iştirakı ilə hərbi parad keçirildi. Bu parad dünyaya mühüm çağırışları səsləndirməklə yanaşı, Azərbaycan Ordusunun keçdiyi inkişaf yolunun, qazandığı uğurların fonunda qarşıda dayanan hədəflərin təqdimatı oldu.

Hərbi paraddakı çıxışında “Azərbaycan xalqı uzun illər ərzində işğal dövründə bir nöqtəyə vururdu ki, tezliklə bizim torpaqlarımız işğalçılardan azad edilsin. Biz bu müqəddəs günü hər gün, hər saat öz əməyimizlə, işimizlə yaxınlaşdırırdıq” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim: əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq: “Xatırlayıram, beş il bundan əvvəl - 2018-ci ilin sentyabrında Bakının Azadlıq meydanında keçirilmiş hərbi paradda çıxış edərkən demişdim ki, gün gələcək Azərbaycan Bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır və bu gün gəldi.”

Ölkəmizin başçısı çıxışlarında dəfələrlə  Ermənistana müdriklik göstərməyi, işğaldakı  torpaqlarımızı qeyd- şərtsiz azad etmələrini tövsiyə edib. Lakin onlar nəinki 30 il ərzində hətta 44 günlük tarixi Qələbəmizdən sonra da, ağıllanmadılar. Xüsusilə Xankəndidəki xunta rəhbərləri anlamalıydılar ki, nə Ali Baş Komandanımız, nə də ki, qüdrətli ordumuz 44 günlük tarixi qələbəni pik nöqtəsinə çatdırmaqda israrlıdırlar. Ona görə də Prezident İlham Əliyev sentyabr ayında bir günlük lokal antiterror tədbirlərinin uğurla başa çatmasından sonra  Ermənstana ciddi mesaj verdi: «Əgər rəsmi İrəvan bizim sözümüzə baxsaydı, sentyabr ayında keçirilmiş antiterror tədbirinə ehtiyac qalmazdı.»

Bəli, hazırda ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycan regionda yeni reallıqlar yaradır. Bütün şərtləri diktə edən qalib Azərbaycandır. İrəli sürülən hər bir təşəbbüs, qəbul olunan qərarlar, atılan addımlar regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinə yönəlib. Dövlətimizin gücü, qüdrəti, Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, xalqımızın sarsılmaz birliyi Azərbaycanı daim yeni-yeni zəfərlərə aparacaq. Müzəffər Ali Baş Komandan qarşıdakı dövrün əsas hədəfləri sırasında yenə də ordu quruculuğunun prioritet olduğunu bildirdi. “XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Bunu biz hamımız yaxşı bilirik, bunu dünya da bilsin” deyən cənab İlham Əliyev vurğuladı ki, bizə yeni müharibə lazım deyil. Biz istədiyimizə nail olduq, beynəlxalq hüququ, tarixi ədaləti, milli ləyaqətimizi bərpa etdik, düşmənə onun yerini göstərdik.

Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilaitının sədri