13 noyabr 2023 13:03
465

Milli həmrəyliyimizin təntənəsi

44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının qazandığı parlaq Zəfər tariximizdə əbədi qalacaq və daima xalqımızın sonsuz qürur mənbəyi olacaq. 10 noyabr 2020-ci ildə Ermənistan təslim olaraq kapitulyasiya aktını imzalasa da Xankəndində və bir sıra digər ərazilərimizdə hələ də separatçıların tör-töküntüləri qalmaqda idi. Üstəlik Ermənistana məxsus silahlı qruplaşmalar da Azərbaycan Respublikasının Qarabağ iqtisadi zonasını tərk etmək istəmirdilər. Halbuki, 10 noyabr üçtərəfli Bəyanatında Ermənistana məxsus silahlıların ərazilərimizdən dərhal və qeyri-şərtsiz çıxarılması öz əksini tapmışdı. Bununla bağlı dövlər başçımız Cənab İlham Əliyevin etdiyi bütün xəbərdarlıqlara baxmayaraq Ermənistan lazımi nəticələr çıxarmaq istəmirdi. Azərbaycan Respublikasının Silahlı Qüvvələri 19 sentyabr 2023-cü il tarixində Qarabağ iqtisadi zonasının Xankəndi şəhərində və ətraf ərazilərdə bir gündən də az müddətdə davam edən lokal antiterror əməliyyatı keçirərək axırıncı separatçıları da təslim olmağa məcbur etdi. Qanunsuz və cinayətkar xunta rejimi özünü buraxdığını elan etdi.

Azərbaycan dövləti Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə xalqımıza qarşı 30 ildən artıq davam edən haqsızlığa son qoydu. Həm də qeyd edək ki, İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam qələbəsi ilə sona çatdı. Dünya hərb tarixinə qızıl hərflərlə yazılan Şuşa əməliyyatından bir gün sonra düşmən təslim olaraq ağ bayraq qaldırdı. Bu əməliyyat xalqımızın qəhrəmanlıq dastanına çevrildi. Böyük Zəfəri bizə bəxş edən müzəffər Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək mənfur düşməni bizim əzəli və əbədi torpaqlarımızdan qovdu. Qazanılan tarixi Zəfər Azərbaycan əsgərinin igidliyini, yenilməzliyini və əyilməz döyüş ruhunu bir daha ortaya qoydu. Bu qələbə həm də milli həmrəyliyimizin təntənəsi idi.

44 günlük müharibənin 10 noyabr 2020-ci il tarixində dayandırılması və Ermənistanın təslim olaraq kapitulyasiya aktını imzalaması Ağdam, Kəlbəcər və Laçın rayonlarının bir güllə atılmadan Azərbaycana qaytarılmasını təmin etdi. Qeyd edilən rayonların bir güllə atılmadan azad edilməsi minlərlə gəncimizin həyatını xilas etdi. Bu, Ermənistanın imzaladığı kapitulyasiya aktının tərkib hissəsi idi və Azərbaycanın beynəlxalq hüquq normalarına əsaslanan tələbi idi. Ermənistan bu tələbi yerinə yetirməyə məcbur oldu. Çünki döyüş meydanında Azərbaycan Silahlı Qüvvələrinin gücünü və Azərbaycan dövlətinin siyasi rəhbərliyinin siyasi müstəvidə iradəsini görmüşdü. 20 sentyabr 2023-cü il tarixi də 8 noyabr 2020-ci il tarixi kimi xalqımızın yaddaşında əbədi qalacaq. Çünki 20 sentyabr 2023-cü ildə separatçıların kitabı birdəfəlik bağlanmış oldu. Artıq Azərbaycanda separatçılığa yer olmayacaq. Azərbaycan dövləti bu gün özünün bütün ərazilərinə tam nəzarət edir və bunun səbəbkarları on minlərlə Azərbaycan hərbçiləridir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cari ilin 8 noyabr tarixində Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paraddakı çıxışında çox önəmli mesajlar səsləndirdi. Dövlət başçımız bildirdi ki, biz istədiyimizə nail olmuşuq, beynəlxalq hüququ, tarixi ədaləti və milli ləyaqətimizi bərpa etmişik, düşmənə onun yerini göstərmişik. Artıq bizə yeni müharibə lazım deyil.

Cavid Məmiyev,

YAP Sumqayıt şəhər təşkilatının sədr müavini