13 noyabr 2023 11:42
268

Hərbi paradla dünyaya bir daha bəyan etdik ki, Qarabağ Azərbaycandır

Noyabrın 8-də Azərbaycan Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradla dünyaya bir daha bəyan etdi ki, Qarabağ Azərbaycandır, sülhdən başqa yol yoxdur.

Ermənistanın baş naziri Nikol Paşinyan faktiki olaraq bəzi Qərb dövlətlərinin sözü ilə oturub-durur. Azərbaycanda isə belə bir şey yoxdur, çünki dövlət başçısı İlham Əliyev xalqın istək və arzularını nəzərə alaraq müstəqil siyasət aparır. Həmin müdrik siyasətin nəticəsidir ki, Azərbaycan 30 ildən sonra öz torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünü təmin etdi.

Bu reallığı qəbul etməyən dövlətlər var, çünki ermənilərin lobbisi və havadarları kifayət qədər çoxdur. Bir sıra dövlətlərin parlamenti heç bir əsası olmayan müəyyən qərarlar və bəyanatlar qəbul edir. Azərbaycanın Xarici İşlər Nazirliyi və parlament bu məsələyə öz obyektiv mövqeyini bildirir. Lakin Ali Baş Komandan İlham Əliyevin Xankəndidə hərbi parad keçirməsi artıq bütün dünyaya mesajdır ki, Azərbaycan kifayət qədər inkişaf etmiş, möhkəmlənmiş və dünya orduları sırasında öz yerini tutmuş bir dövlətdir.

Bəzi beynəlxalq güclər Azərbaycanı nə qədər etnik təmizləmə kimi absurd ittihamlarla günahlandırmaq istəsə də, tarix, hətta BMT-nin Xankəndidə olan missiyası göstərdi ki, bu iddialar tamamilə yalandır. Azərbaycandan könüllü surətdə köçən insanlara ölkəmiz yardımlar edib, pulsuz ərzaq paylayıb və s. Bu həqiqətlər BMT missiyasının rəyində də əksini tapıb.

İyirmi il bundan əvvəl Prezident kimi öz fəaliyyətinə başlayanda dövlətimizin başçısı xalqına İlham Əliyev bildirmişdi ki, biz torpaqlarımızı müharibə yolu ilə azad etməyə hazır olmalıyıq. O vaxt hələ sülh danışıqlarına müəyyən ümidlər var idi. Ancaq illər keçdikcə bu ümidlər tükənirdi. Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmaq istəmirdi. Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə məşğul olmuş vasitəçilər faktiki olaraq vəziyyəti dondurmağa çalışırdılar. Hesab edirdilər ki, Azərbaycan xalqı bu vəziyyətlə barışacaq. Ancaq xalqımız heç vaxt bu vəziyyətlə barışmaq fikrində deyildi. Dövlət başçısı dəfələrlə bunu müxtəlif kürsülərdən bəyan etmişdi ki, biz bu vəziyyətlə barışmayacağıq. Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına icazə verməyəcəyik, danışıqlar nəticəsiz başa çatsa, güc tətbiq edərək beynəlxalq hüquq əsasında öz doğma torpaqlarımızı döyüş meydanında işğalçılardan azad edəcəyik. Əgər Ermənistan rəhbərliyi və onun arxasında o vaxt və bu gün duran bəzi xarici qüvvələr bu sözlərə qulaq assaydılar, İkinci Qarabağ müharibəsinə ehtiyac qalmazdı.

Qırx dörd günlük müharibə ərzində Azərbaycana müxtəlif yerlərdən təzyiqlər göstərilirdi, təhdidlər səsləndirilirdi. Ancaq bizi haqq yolumuzdan heç kim göndərə bilməzdi. Şuşa Zəfərindən sonra düşmən faktiki olaraq kapitulyasiyaya hazır idi və bir gün sonra kapitulyasiya aktına imza atdı. O vaxt bizim Silahlı Qüvvələrimiz Xankəndinin bir addımlığında idi. Müharibənin o vaxt dayandırılması bizim şüurlu seçimimiz idi və 8 noyabr 2023-cü ildə Xankəndi şəhərinin mərkəzi meydanında hərbi paradı keçirməyimiz bir daha onu göstərir ki, nə qədər düzgün, müdrik addım idi.

Bu ilin sentyabr ayında keçirilmiş antiterror əməliyyatı cəmi bir gün çəkdi. Azərbaycan Ordusu peşəkarlıq və qəhrəmanlıq göstərərək, bütün strateji yerlərə çıxaraq, qısa müddət ərzində o əməliyyatın taleyini həll etdi. Düşmən ordusu nəinki təslim oldu, hətta 30 il bundan əvvəl bizim torpağımızda yaratdıqları qondarma rejimə də xitam verildi. Beləliklə, biz tarixi ədaləti bərpa etdik. Bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədini nəzarətə alaraq ərazi bütövlüyümüzü tam bərpa etdik. Bununla separatçıların kitabı bağlandı. Artıq ölkəmizdə separatçılığa yer olmayacaq. Azərbaycan dövləti bu gün bütün əraziyə nəzarət edir və bunun səbəbkarları meydanda dayanan igid hərbçilərimizdir. Onların qanı-canı bahasına tarixi Qələbə əldə etdik.

Bu gün Azərbaycan-Türkiyə münasibətləri çox yüksək səviyyədədir. Rəsmi Bakı və Ankara Şuşa Bəyannaməsi ilə bir-birinin təhlükəsizliyinə təminat verib. Bu, bəzi xarici dairələrdə müəyyən qıcıq doğurur. Paradın Xankəndidə keçirilməsi isə dünyaya ismarıcdır ki, Azərbaycanla yalnız siyasi-hüquqi müstəvidə danışıqlar aparmaq olar.

Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri