12 noyabr 2023 16:59
251

Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqindən qürur duyuruq!

Möhtəşəm Zəfəri sayəsində artıq üçüncü ildir ki, 12 noyabr Konstitusiya Günü ölkəmizin hər bir vətəndaşı tərəfindən iftixar hissi ilə qeyd edilir

Konstitusiya - dövlətin Ali Qanunudur, ali hüquqi qüvvəyə malikdir və həmin dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir, vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Konstitusiya sözünün hərfi mənası “qurmaq, yaratmaq, əsasını qoymaq” deməkdir.
Konstitusiya dövlətin bir fenomen kimi mahiyyətini açıqlayan, qanunvericilik, icra və məhkəmə orqanlarının funksiyalarını əks etdirən, cəmiyyət, şəxsiyyət və dövlət arasındakı qarşılıqlı münasibətləri müəyyən edən ən yüksək hüquqi qüvvəyə malik olan hüquqi sənəddir. 
Azərbaycan xalqı 1990-cı illərin əvvəllərində yenicə bərpa etdiyi müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldı, lakin bu ağır günlərdə qətiyyətli iradə nümayiş etdirərək öz taleyinə sahib çıxmağı bacardı.
1993-cü ildə Azərbaycanda xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev cümhuriyyətin müstəqilliyini əbədi və dönməz etdi. H.Əliyev ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu.
Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxdı, bunun üçün Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradılaraq Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarıldı.  1995-ci il noyabrın 12-də xalqımızın referendum yolu ilə qəbul etdiyi Konstitusiya müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk milli Konstitusiyasıdır.

Xüsusi olaraq qeyd etməliyik ki, Ulu Öndər Heydər Əliyevin 1991-ci il 3 sentyabr tarixində Naxçıvan MR Ali Məclisinin Sədri seçilərək Milli dövlətçiliyimizə yeni nəfəs gətirdi. Ulu Öndər Heydər Əliyev keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Özünün təkmil dövlətçilik konsepsiyasında ədalət, qanunçuluq və hüquq qaydalarının təminatına hər zaman üstünlük verən Ümummilli Lider «ədaləti ədalətsizliklə bərpa etmək olmaz» - deyərək dövlət idarəçiliyində qanunun aliliyini, ədaləti əsas meyar kimi müəyyənləşdirdi və hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında hüquqi dövlətin bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olundu, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edildi. Şübhəsiz ki, Ulu Öndər Heydər Əliyev dühasını, onun xalqımız qarşısında xidmətlərini sonadək öyrənmək qeyri-mümkündür. Ulu öndərimizin böyüklüyü, onun xalqımızın rifahı naminə həyata keçirdiyi mühüm tədbirlərin mahiyyətini tam dərk etmək üçün böyük zaman tələb olunur. Zaman keçdikcə isə bu dahi insanın adı Azərbaycan xalqının simvoluna, əməlləri isə hünər rəmzinə çevrilir.

Əsas Qanunda dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşdirilməsinə və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, bazar iqtisadiyyatına xas olan münasibətlərin formalaşmasını təmin etmək  kimi nailiyyətlər təsbit olunmuşdur. Xalqımızın düşmən üzərində möhtəşəm Zəfəri sayəsində artıq üçüncü ildir ki, 12 noyabr Konstitusiya Günü ölkəmizin hər bir vətəndaşı tərəfindən  daha sevinclə,  qürurla və iftixar hissi ilə qeyd edilir. Azərbaycan dövlət müstəqilliyini və milli inkişafını təmin etdi, respublikada demokratik dövlət quruculuğu, siyasi plüralizm, vətəndaş cəmiyyəti və bazar iqtisadiyyatı prinsiplərini dönməz hala gətirdi, ölkəni dinamik inkişaf yoluna çıxardı. Bütün bunlara nail olunması və ən vacıb olanı Azəybaycanın bütün ərazilərində suverenliyin bərpa olunması idi ki, bu da əqidə və inamdan keçirdi . Ata-oğul, sələf-xələf Əliyevləri bir-birinə bağlayan ən vacib amil əqidə birliyi, Azərbaycanın müstəqilliyinə olan sarsılmaz inamı xalqımızın taleyini həll etdi.

Artıq xəyallar gerçəkləşib. Girdiyi bütün döyüşlərdən zəfərlə çıxan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev hakimiyyətinin 20 illik yubileyində üçrəngli müqəddəs bayrağımızı əzəli Azərbaycan torpağı olan Xankəndinə asdı. Ulu Öndər Heydər Əliyevin uğurlu siyasi varisi cənab İlham Əliyev bizə Böyük Zəfəri, Qələbəni, müasir tələblərə cavab verən Müzəffər Ordunu, müstəqil xarici siyasəti olan güclü Azərbaycanı və ən nəhayətində Dövlət-Xalq və Hakimiyyətin siyasi münasibət fonunda həmrəyliyinə  nail olunmasını qazandırdı. Biz  inanırıq ki,  bütün məqsədlərinə nail olan, döyüşlərdən  qələbə ilə çıxan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Qərbi Azərbaycana qayıdışla  bağlı siyasəti də qələbə ilə nəticələnəcək və soydaşlarımızın öz doğma torpaqlarına qayıtmasını təmin edəcəkdir!  

Tanrı müstəqil, qüdrətli Azərbaycanı qorusun!

Sadiq Qurbanov,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri