09 noyabr 2023 22:21
346

Tarixi Zəfəri müdrik siyasət tam qələbə ilə tamamladı

İkinci Qarabağ müharibəsi mahiyyəti baxımından Vətən müharibəsi idi və Azərbaycan bu müharibəni ədalətli müharibə kimi aparırdı, torpaqlarını işğaldan azad etmək üçün döyüşürdü. Havadarlarından nə qədər siyasi və hərbi güc alsa da Ermənistan Azərbaycan Ordusunun hücum­larının qarşısını almaq gücündə deyildi.

Noybrın 8-də Şuşa işğaldan azad edildi. Bu böyük qələbə Vətən müharibəsini sonlandırdı. İki gün sonra Rusiyanın fəal müdaxiləsi – vasitəçiliyi ilə üçtərəfli Bəyanat imzalandı. Bu sənəd hüquqi müstəvidə Azərbaycanın qalibiyyət, Ermənistanın məğlubiyyət sənədi idi.

İkinci Qarabağ müharibəsini, müharibənin xarak­te­rini, üçtərəfli Bəyanatın mahiyyətini, nə­ti­cə­lərini, müharibədən sonrakı vəziyyəti - qalib və məğ­lub dövlətlər arsındakı müna­si­bətlər haq­qın­da dövlətin münasibətini ifadə edən xarici siyasət Azərbaycanın dünyəvi dövlət olduğunun təsdiqi oldu. Bəyanatda ifadə edilən razılaşma şərtlərini qalib Azər­bay­can müəy­yən­ləşdirdi. Razı­laşma şərtlərinə ərazi bütövlüyünün, suverenliyin və bey­nəlxalq sər­həd­lərin qarşılıqlı tanın­ması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn tam məlum prinsipləri daxil edilib. Dünyəvi ni­zamın mahiyyəti baxımından hüquqi şərtlərdir. Bu şərtləri dünyanın aparıcı dövlətləri də təqdir etdi,  onları məğ­lub Ermənistan da qəbul etməyə məcbur oldu. Müəyyən əraziləri mü­vəq­qəti də olsa saxlamaq niyyəti olsa da qəbul etdi.  Ermənistan bu Bəyanatın şərtlərinə tam əməl etmirdi. Dağılmış ordusunun hissələri Xankəndidə toplaşmış separatçı adlandırılan silahlı qüvvələrlə birləşmişdi, Kəlbəcər və Laçında müxtəlif səviyyəli təxribatlar törədirdi. Onda Azərbaycan öz hüquqlarından istifadə etməklə lokal xarakterli antiterror əməliyyatı keçirdi. Silahlılar təslim oldu, Xocalıdan, Əsgərandan, Ağdərədən, Xankən­di­dən  çəkilib getdi...

Bəyanat rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu. 30 il danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi və “Böyük Ermənistan” planı fiaskoya uğradı.

2021-ci il iyunun 15-də Azərbaycanla Türkiyə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoyan Şuşa Bəyannaməsi imzalandı.

Azərbaycan tərəfindən sülh müqaviləsi üçün əsas olan beynəlxalq hüququn beş əsas prinsipi irəli sürüldü: ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması, gələcəkdə ərazi iddialarından çəkinmək, güc tətbiq etməmək və ya güc tətbiq etmək hədəsindən çəkinmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması.

Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaq­la­rımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail oldu.

Yeni dövrün müharibəsini aparmış Silahlı Qüvvələrimizin təcrübəsi dünya ölkələri tərəfin­dən öyrənilir. Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar həm texniki imkan­lar, həm də operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir. İkinci Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. Bəzi aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyat­la­rı­nın öyrənilməsi zərurətini qeyd edirlər.

2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat Azərbaycanın dövlət maraqlarınin ifadəsi kimi tarixləşmişdi. Bu maraqları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdruk siyasəti tam qələbə ilə tamamladı...

Səbinə Xasayeva,

Milli Məclisin deputatı