04 noyabr 2023 16:39
96

Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmət nümunəsi

Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin 20 illik fəaliyyəti xalqa qətiyyətlə, cəsarətlə və sədaqətlə xidmət etmək nümunəsidir. O, yorulmaz fəaliyyəti, beynəlxalq təşkilatlardakı qətiyyətli çıxışları ilə Azərbaycanın haqq səsini dünyaya çatdırıb, ikili standartların hökm sürdüyü Qərbin siyasi dairələrində tariximiz və 30 illik acı taleyimiz haqqında obyektiv rəy formalaşdırmağa nail olub, erməni yalanlarını ifşa edib. Beynəlxalq münasibətlər tarixini dərindən bilməsi ona peşəkar siyasətçi kimi dünyada böyük hörmət və nüfuz qazandırıb.

Ötən 20 il - iki onillik qoca tarix üçün böyük bir zaman kəsiyi deyil. Amma Cənubi Qafqazın ən güclü dövlət olan Azərbaycan üçün cənab İlham Əliyevin 20 illik Prezidentliyi dövrü həm də əsrə bərabər işlərin görüldüyü, suverenliyimizin tam təmin edilməsi ilə yaddaşlara yazılan əlamətdar ayların, günlərin məcmusudur. Bəli, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında gözlərimiz önündə şərəfli, parlaq bir Zəfər gündəliyi yazılır. İllər sonra oğul-uşaqlarımız, nəvə-nəticələrimiz bu yaşananları tarix kitablarından oxuyacaq, biz isə onlara dövrün şahidləri kimi qürurlu günlərimizin fəxarətindən bəhs edəcəyik.
           Bu gün isə cənab İlham Əliyevin 20 illik siyasi fəaliyyətinə Xankəndi, Xocalı, Xocavənd, Ağdərə ucalığından baxırıq. Möhtərəm Prezident Xankəndidəki inzibati binanın pəncərəsini açıb otağın havasını dəyişməklə həm də göstərdi ki, şəhərə əsl azərbaycanlı ruhu, doğmalıq, təmiz hava geri qayıdıb. Murdar, iylənmiş, avantürizm və separatçılıq niyyəti güdənlərə bu torpaqlarda daha yer yoxdur. Bir vaxtlar tarixi şəhərimizdə oturub bizimlə ultimatum ritorikası ilə danışan təlxəklər, xalqımızın başına amansız müsibətlər gətirib soyqırımı aktı törədənlər indi Bakıda Azərbaycan qanunları ilə mühakimə olunurlar. Fikrimizcə, bu faktın özü belə 20 illik zəfərin təntənəsi hesab olunmalıdır. Qarabağda canlanan həyat Azərbaycan dövlətinin yükşəliş və inkişafının göstəricisidir.

Bu gün Azərbaycanda hər bir sahədə müşahidə olunan inkişaf tendensiyası təhsil sektorunda da nəzərə çarpmaqdadır. Bu inkişafın əsasında isə şübhəsiz, Ulu Öndər Heydər Əliyevin ideyaları və həmin ideyaların işığında həyata keçirilən siyasi-strateji kurs dayanır. Bu gün isə məhz Ulu Öndər Heydər Əliyevin miras qoyduğu, özündə yüksək norma və dəyərlər sistemini ehtiva edən ənənələr Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının yüksək diqqəti və effektiv göstərişləri əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir. Bu da, şübhəsiz, ölkəmizin milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından yetişdirilməsi və təkmilləşdirilməsi işinə mühüm töhfə verir.

Hər bir ölkənin bugünü və gələcəyi təhsillə bilavasitə bağlıdır. Təhsilin səviyyəsi, eyni zamanda, elmi-texniki tərəqqini də böyük dərəcədə şərtləndirir. İnkişaf etmiş ölkələrin təcrübəsinə baxdıqda, görürük ki, onları inkişaf etmiş ölkələrə çevirən təbii resurslar yox, məhz bilik, savad, təhsil və elmin inkişafıdır. Məlum olduğu kimi müasirləşməni strateji hədəf kimi müəyyənləşdirən Azərbaycanda da təhsil dünyanın qabaqcıl ölkələrinin təcrübəsi nəzərə alınmaqla dövlət siyasətinin prioritetlərindən biri kimi müəyyənləşdirilib. Son 20 ildə respublikamızda dövlət başçısının siyasi iradəsinə uyğun olaraq qara qızılın insan kapitalına çevrilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, gənclərin innovasiyalara, yeni texnologiyalara çıxış imkanlarının genişləndirilməsi məqsədilə böyük həcmli işlər görülüb. Prezident cən İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifə isə belədir ki, Azərbaycan təhsili ən yüksək tələblərə cavab verməlidir. Təhsil sahəsində bu günə qədər aparılan islahatlar daha da dərinləşməlidir. Təhsil ölkəmizin ümumi inkişafına uyğun şəkildə inkişaf etməlidir və ən müasir tələblərə cavab verməlidir.

Təhsil sahəsində keyfiyyət göstəricilərinin yaxşılaşmasını şərtləndirən amillər sırasında infrastrukturun rolu xüsusilə böyükdür. Müasir infrastruktur, güclü maddi-texniki təchizat öz növbəsində keyfiyyətli təhsilə yol açır. Bu baxımdan ölkəmizdəki vəziyyət təqdirəlayiqdir. Son 20 ildə respublikamızda təhsil infrastrukturunun yenilənməsi sahəsində böyük uğurlar əldə olunub. Bəhs olunan dövrdə təhsil infrastrukturunun yenilənməsi həm ümumtəhsil məktəblərini, həm də ali təhsil ocaqlarını əhatə edib.

Yuxarıda vurğuladığımız kimi, Prezident cənab İlham Əliyev ölkədə təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı qarşıya ciddi vəzifələr qoyub ki, burada da müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Təhsilin səviyyəsinin yüksəlməsində müəllimlərin peşəkarlığı mühüm rol oynayır. Bununla bağlı fikirlərini ifadə edən Prezident cənab İlham Əliyev deyib: “Təhsilin keyfiyyəti artmalıdır və artır. Bunu müxtəlif reytinqlər göstərir və əlbəttə, burada əsas məsələlərdən biri müəllimlərin peşəkarlığıdır. Çünki təhsilin səviyyəsi müəllimlərin peşəkarlığından asılıdır. Müəllimlər uşaqları necə öyrədirlərsə, uşaqlar da buna uyğun şəkildə biliklər əldə edirlər”.
Bu məqamda vurğulamaq yerinə düşər ki, son illərdə Azərbaycanda müəllim peşəsinə ənənəvi hörməti bərpa etmək üçün çox böyük işlər görülüb. Dövlət xətti ilə həyata keçirilən layihələr bu sahədə xüsusi rol oynayır. Dövlət başçısı tərəfindən təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında məktəb infrastrukturunun yenilənməsinin yer alması ilə son 20 ildə bu istiqamətdə böyük uğurlar əldə edilib. 2003-2023-cü illər ərzində respublika ərazisində 3630 məktəb binası inşa və ya əsaslı təmir edilərək şagirdlərin istifadəsinə verilib. Respublikamızda yeni yanaşma tətbiq olunaraq müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılıb. Diaqnostik qiymətləndirmədən uğurla keçmiş müəllimlərin əməkhaqları orta hesabla 2 dəfə artırılıb. Əməkhaqlarının artırılması öz növbəsində cəmiyyətdə müəllimlərin peşəkarlığının və nüfuzunun yüksəlməsinə səbəb olub. Təsadüfi deyildir ki, son vaxtlarda ölkəmizdə həyatlarını bu şərəfli peşə ilə bağlamaq istəyənlərin sayı getdikcə artır.

Göründüyü kimi, Prezident cənab İlham Əliyevin siyasi fəaliyyəti dövründə vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsi olan təhsilə xüsusi həssaslıqla yanaşılıb, təhsilin inkişafı naminə ən ali səviyyədə siyasi iradə ortaya qoyulub. İlham Əliyevin 20 illik prezidentliyi dövründə təhsil sahəsində görülmüş işlər, qazanılmış uğurlar növbəti illərdə dövlətimizin daha yüksək nailiyyətlər əldə edəcəyinə və xalqımızın xoşbəxt, firavan gələcəyinə möhkəm təməl yaradıb.

Aidə Əsgərova,
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi