09 noyabr 2023 16:30
330

Cəsarət, qəhrəmanlıq, fədakarlıq və şücaət nümunəsi - ŞƏRH

XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməyib

Prezident İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışı zamanı ordu quruculuğu məsələsinə toxundu. Dövlətimizin başçısı deyib: "Bundan sonra da ordu quruculuğu bizim üçün prioritet məsələlərdən biri olacaq, bunu hamı bilsin".  Hazırkı beynəlxalq siyasi konyekturanın tələblərinin tez-tez dəyişməsi Azərbaycan Silahlı Qüvvələrinin təkmilləşdirilməsini, yenilənməsini və ordunun maddi-texniki bazasının gücləndirilməsi məsələsini gündəmə gətirir.
Əvvəla qeyd edək ki,  qardaş Türkiyənin Silahlı Qüvvələrinin (TSK) modelinə uyğun olaraq  Azərbaycan Ordusu artıq yenidən qurulmağa başlayıb. Əsasən, 2020-ci ildən başlayan bu prosesin birinci mərhələsi 44 günlük Vətən müharibəsi ilə yekunlaşdı. Müharibə dövrünə qədər ənənəvi hərbi model Həmlə taborlarına keçidlə başladı. Bu birliklər hərbi hissələrin kəşfiyyat bölmələrindən də hazırlığı olması ilə diqqət çəkirdi. Təxminən müharibəyə 8-10 ay qalmış yaradılan Həmlə taborları Vətən savaşında öz bacarıqlarını göstərdi və orduda olan dəyişikliklərin müsbət nəticələrindan biri kimi xarakterizə olundu. 
Növbəti mərhələ isə İkinci Qarabağ müharibəsindən sonra daha yeni birliklərin- Komando briqadalarının yaradılması ilə başladı. Bu hazırlıqlı qruplar isə daha çox dağ-meşə şəraitində savaşmağı bacaran, antiterror əməliyyatlarını uğurla icra edən, müasir dövrün tələblərinə cavab verən bölmələrdən ibarət idi. Onların effektivliyi isə Vətən müharibəsindən sonra aparılan hərbi əməliyyatlarda özünü göstərdi. Azərbaycan suverenliyini və ərazi bütövlüyü təmin etdiyi üçün artıq qarşımızda növbəti hədəflər dayanır. Ona görə də ən müasir tələblərə cavab verən Türkiyə modelinə uyğun yeni hərbi birliklərin yaradılması başlayıb. 

Nə qədər sənin silahın, sursatın olsa belə, nə qədər müasir hərbi texnologiyalardan istifadə etsən belə, qələbəni əldə edən əlində silah olan əsgərdir, zabitdir

Bunlarla yanaşı, Azərbaycan hərbi arsenalını daha çox Türkiyə silahları ilə gücləndirəcək. Düzdür, ölkəmiz Rusiyadan, İsraildən, Belarusdan və digər dövlətlərdən silah alsa da, bundan sonra əsas üstünlük Türkiyəyə veriləcək. Bu, bütün yönlərindən əlverişli bir yoldur. Çünki müasir standartlara cavab verən ən son texnologiyanı istifadə etmək üçün müəyyən hazırlıqlar lazımdır. Ortaq dil məsələsi ordu quruculuğunun inkişafı üçün ən vacib komponentlərdən biridir. Ona görə də dünya silah bazarında iddiali güc olan  Türkiyə Azərbaycan üçün ən yaxşı seçimdir. 
Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Xüsusi Komandanlıq Qrupunun komandanı general-polkovnik Bəxtiyar Ersayın paraddakı iştirakı və Prezident İlham Əliyevin ordu quruculuğunun inkişafı barədə söylədiyi fikirlər bu deyilənlərin təsdiqidir. 

Bundan sonra da ölkəmizə qarşı istiqamətlənən bütün mənfi çağırışların qarşısı Ordumuz tərəfindən tərəfdən alınacaq

 

 

TSK modelinə uyğun olaraq yenidən qurulan Azərbaycan Ordusu qardaş dövlətin hərbi təcrübəsindən uğurla yararlanır. Bundan əlavə, millətimiz, dinimiz, dilimiz, mədəniyyətimiz bir olduğu üçün keçirilən təlimlərin də mənimsənilməsi daha asan  formada mümkün olur. 
Şuşa Bəyannaməsinə əsasən, siyasi, hərbi və təhlükəsizliyin və birgə fəaliyyətlərin təşviq edilməsi məqsədilə gələcək illərdə ölkəmizdə Türkiyənin hərbi bazası da yaradıla bilər. Bu istiqamətdə zəmin hazırlanır, desək yanılmarıq. 

Silahlı Qüvvələrdə başa verə biləcək digər dəyişikliklər isə Ordu korpuslarının birləşdilməsi və yaxud fərqli sistem əsasında fəaliyyətinin təşkil edilməsi ola bilər.  Bu gün müzəffər ordu olan Azərbaycan Silahlı Qüvvələri qarşıya qoyulmuş bütün vəzifələri uğurla icra edib.  Bundan sonra da ölkəmizə qarşı istiqamətlənən bütün mənfi çağırışların qarşısı Ordumuz tərəfindən tərəfdən alınacaq.

Elmir Səftərov
Siyasi şərhçi