08 noyabr 2023 11:03
307

Biz bu Qələbəyə layiqik

Bu gün Zəfər Günüdür. Dövlətimizin qətiyyəti, Ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi sayəsində çoxəsrlik tariximizin Zəfər səhifəsi yazıldı. Hər bir tarixi gün, əlamətdar hadisə keçilən yola nəzər salmağı bir zərurət kimi qarşımıza qoyur. Azərbaycan xalqı tarixi Zəfəri ilə yenilməzliyini, məğrurluğunu dünyaya çatdırdı. Bu reallıq hər zaman vurğulanır ki, keçmişini unutmayan, bu günü ilə qürur duyan, gələcəyə inamla addımlayan xalq tarixin bütün sınaqlarından şərəflə çıxır. Azərbaycan xalqı bunu bir daha təsdiqlədi. 30 il müharibə şəraitində yaşasa da inamını itirmədi. Gec-tez ədalətin zəfər çalacağını, torpaqlarımıza qovuşacağımızı bilirdi. Çünki dövlətini, xalqını canından artıq sevən Ümummilli Lider Heydər Əliyev düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində elə möhkəm təməl yaratmışdır ki, Azərbaycan onun üzərində yalnız və yalnız zirvələri fəth edə bilər. Bu Zəfər, eyni zamanda, Ümummilli Lider Heydər əliyevin 2003-cü ildə xalqa tarixi müraciətində ifadə etdiyi inamın, etimadın, bir sözlə, inamın növbəti ünvanının doğruluğunun nümayişi oldu. Prezident İlham Əliyev ilk gündən verdiyi hər bir vədi yerinə yetirərək Azərbaycanın sözünün imzası qədər dəyərini artırdı, ölkəmiz bütün sahələrdə təkmil  təcrübəsi ilə nümunə oldu. Ümummilli Lider Heydər Əliyevin “Sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordu olmalıdır” çağırışı bütün dövrlər üçün aktuallığını qorudu. Azərbaycan ordusu gücləndi, maddi-texniki bazası möhkəmləndirildi, Qələbəyə hazırlandı.  

2018-ci ildə keçirilən Azərbaycan  Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə  hərbi paradda dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin söylədiyi bi fikirləri yada salaq: «2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var. Həmin o bayraqlar bu gün bu paradda, Azadlıq meydanında nümayiş etdiriləcək. Bu bayraqlar hərbçilərimizi qabağa aparırdı. Bu bayraqlar döyüşdə olan bayraqlardır… Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq.»

Azərbaycan torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində səylərini daha da artırdı. Sülh danışıqlarının imitasiya naminə aparılmasının tərəfdarı olmadığını ən yüksək tribunalardan bəyan etdi. Azərbaycan tarixi faktlara, real həqiqətlərə söykənən təbliğatı ilə dünyaya sübut etdi ki, bu torpaqların sahibi Azərbaycan xalqıdır. Qarabağ münaqişəsi Ermənistanın əsassız torpaq iddiasının nəticəsidir. Bu müharibə 20 faiz torpaqlarımızın işğal altında, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətində yaşamasına səbəb oldu. Dövlət başçısı İlham Əliyev keçmiş məcburi köçkünlərlə bütün görüşlərində onlar üçün yaradılan şəraitin  müvəqqəti xarakter daşıdığını, tezliklə torpaqlarımızın işğaldan azad ediləcəyini və doğma yurd-yuvalarına qayıdacaqlarını bildirirdi. Bu əminlik Azərbaycanın artan gücünə, qüdrətinə, rəşadətli Ordumuzun döyüş bacarığına,  diplomatik uğurlarımıza əsaslandı. 

Xalqımız «Dəmir yumruğ»un nəticəsi olan tarixi Zəfərinə qovuşdu və dünyaya  Qələbəmizi təqdim edən  Zəfər Paradını keçirdi. 2020-ci il 10 dekabr Zəfər paradında Müzəffər Ali Baş Komandan İlham Əliyev böyük qürur hissi ilə qeyd etmişdir: «Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik» 

Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğu istiqamətində aparılan islahatları daha geniş sahədə davam etdirən, Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqəti sayəsində ölkəmizin güclənən müdafiə qüdrəti dünyanı heyrətləndirir. Rəşadətli Ordumuz dünya hərb tarixinə yeni səhifə yazdı. Döyüş təcrübəsi hazırda beynəlxalq ekspertlər tərəfindən öyrənilir. Bu, Azərbaycanın hərtərəfli inkişafına xidmət edən inkişaf modelinin təqdimatıdır.  Bu gün Bakıdakı Hərbi Qənimətlər Parkında nümayiş etdirilən Ermənistanın dağıdılmış hərbi texnikası da qüdrətli Azərbaycan əsgərinin döyüş rəşadətinin məntiqi nəticəsidir.

Tariximizin Zəfər səhifələri davamlılığı ilə diqqətdədir. 2023-cü il tariximizə ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edildiyi il kimi yazıldı. Separatçılardan təmizlənmiş ərazilərimizdə qalibiyyət rəmzi olan üçrəngli bayrağımız dalğalanır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə Azərbaycan Bayrağını ucaltdı. Prezident İlham Əliyev Xankəndidən xalqa müraciətində bu çağırışı etdi: “Bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Gülər Kərimova,
​YAP Şabran rayon təşkilatının məsləhətçisi