08 noyabr 2023 11:35
344

Dünyaya səs salan Zəfərimiz xalqımızın yenilməzliyinin, məğrurluğunun dünyaya sübutudur - Kamran Bayramov

30 il davam edən beynəlxalq riyakarlıq tarixi ədalətin bərpa olunması üçün hərbi gücdən istifadə olunmasını qaçılmaz etdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. İmzalanmış Bəyanat rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu. 30 il danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi və «Böyük Ermənistan» planı fiaskoya uğradı. Keçmiş «Dağlıq Qarabağ»ın statusunun müəyyən edilməsi məsələsi tarixin arxivinə getdi. Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları darmadağın oldu..»

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, tarixi Qələbə Azərbaycan xalqının milli dəyərlərə söykənən böyük  potensialını üzə çıxardı. Reallıq göstərdi ki, Azərbaycan müstəqillik dövründə dövlətçilik dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar bir nəsil yetişdirib. Bu nəsil iki əsrdə yoluna qoyulması mümkün olmayan münaqişəni «Dəmir yumruğ»un zərbəsi ilə cəmi 44 günün içində həll etdi. BMT  tarixində bu, ilk haldır ki, belə bir mötəbər beynəlxalq qurumun qətnamələrini işğala məruz qalan tərəf özü hərbi yolla icra etməli oldu.
İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi. Düşmənə qan udduran igid hərbçilərimiz Ermənistan rəhbərliyini Azərbaycanın qüdrətini qəbul etmək kimi danılmaz fakt qarşısında qoydular. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Amma məhv edilən sadəcə Ermənistan hərbi texnikası deyil, həm də dünya erməniliyinin mənfur ideologiyası idi.  Bu müharibədə qardaş Türkiyənin mənəvi və siyasi dəstəyi də əhəmiyyətli rol oynadı. Türkiyənin açıq dəstəyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərinə imkan vermədi. 

K.Bayramov xüsusi olaraq qeyd edib ki,  hazırda işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri həyata keçirilir. Dövlət başçımızın amalı işğaldan azad olunmuş əraziləri ən müasir standartlara uyğun şəkildə bərpa etmək və qısa müddət ərzində soydaşlarımızı öz dədə-baba yurdlarına yerləşdirməkdir.  Burada xüsusi vurğulanmalı məqam ondan ibarətdir ki, bu işi Azərbaycan dövləti öz resursları hesabına həyata keçirir. Dövlətimizin başçısı Qarabağa səfərlər zamanı əsas diqqəti həm də erməni vandalizminə məruz qalmış tarixi mədəniyyət abidələrimizin bərpasına yönəldir. Azad edilmiş ərazilərə səfərləri ilə Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirmişdir. Azad edilmiş bütün şəhərlərdə İşğal və Zəfər muzeyləri inşa ediləcək. Hərtərəfli iş görülür - infrastruktur işləri, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimizin bərpası, muzeylər, hava limanları, dəmir yolları, tunellər. Azərbaycanın quruculuq missiyası başlanır. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara həyat qayıdır. 44 günlük Vətən müharibəsində yalnız torpaqlarımızı işğaldan azad etmədik, eyni zamanda, mədəniyyət  beşiyimiz Şuşamıza qayıtdıq, «Xarıbülbül» musiqi festivalı, Vaqif Poeziya Günləri - ənənələr bərpa edildi. Muğamlarımız yenidən Qarabağın səmalarında qanadlandı. Eyni zamanda, Qarabağın tacı Şuşa  Azərbaycan və Türkiyə birliyinin, həmrəyliyinin zirvəsi olan Şuşa Müttəfiqlik Bəyannaməsinin imzalanmasına şahidlik etdi. Şuşa Bəyannaməsi dünyaya bir sıra mesajlarını çatdırdı. Azərbaycan dost, qardaş ölkənin Prezidentini Şuşada qarşıladı. 28 il Şuşanı erməniləşdirməyə çalışanlar atılan bu addımların fonunda bir daha bu reallığın şahidi oldular ki, tarixi inkar etmək qeyri-mümkündür.  Azərbaycan dövləti işğalçı Ermənistana sülh razılaşmasını imzalamağı təklif etməklə humanizm prinsiplərinə sadiqliyini  nümayiş etdirir. Ermənistan yenə də xislətinə uyğun olaraq sülh razılaşmasını imzalamaqdan yayınır.  Amma Azərbaycanın tələbi də ortadadır-Sülh təklifi masa üzərində daimi saxlanıla bilməz. 

K.Bayramov əlavə edib ki, əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüzü, sentyabrın 19-da isə suverenliyimizi tam bərpa etdik. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələrinin silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tam şəkildə tərksilah olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin Azərbaycan ərazilərini tərk etməsi, qeyri-qanuni erməni silahlı dəstələrinin buraxılması, eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi  Azərbaycanın növbəti Qələbəsinin təntənəsidir. Müzəffər Ali Baş Komandan, Azərbaycan əsgəri və Azərbaycan xalqı bir daha sübut etdi ki, şəhidlərimizin qanı nahaq yerə tökülmədi.  Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir. Bu günkü Azərbaycan, məhz,Ulu Öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.