08 noyabr 2023 10:18
370

Şuşanın azad olunması həm də mənəvi qələbəmizdir

Üç ildir Azərbaycan xalqı Qarabağın tacı  olan Şuşanın azad olunmasını qeyd edir. 8 noyabr - Şuşanın azad olunması Zəfər günü kimi tarixə düşdü. Biz şanlı qələbəmizi döyüş meydanında qazandıq. 28 il ərzində Şuşa işğal altında qalsa da, hər birimiz əmin idik ki, gec-tez biz tarixi torpaqlarımıza qayıdacağıq. Azərbaycan Prezidentinin də bəyan etdiyi kimi, Şuşasız bizim işimiz tam sayıla bilməzdi. Azərbaycan xalqı 30 il ərzində bu tarixi anı gözləyirdi. Ermənistan və onun havadarları Şuşanın azad olunacağına inanmaq istəmirdilər. Dərk edirdilər ki, mühüm strateji əhəmiyyətə malik olan Şuşaya sahib olmaq bütövlükdə Qarabağa sahib olmaqdır.

Şuşanın azad olunması Vətən müharibəsinin taleyində həlledici rol oynadı. Şuşanı azad edərkən Azərbaycan əsgər və zabiti qəhrəmanlıq, peşəkarlıq, fiziki güc, yüksək milli ruh göstərdi. Üç ildir, Azərbaycan bayrağı Qarabağın döyünən ürəyində - Şuşada dalğalanır. Müzəffər Ali Baş komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın bu dəfəki səfəri zamanı da şəhərin inkişafının şahidi olduq. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr, 1 saylı tam orta məktəbin istifadəyə verilməsi, yeni otelin açılışı və s. bərpa -quruculuq işlərinin plan üzrə getdiyini təsdiqləyir. Burada bütün milli ənənələr bərpa olunmaqdadır.

"Xarıbülbül" festivalı, Vaqif poeziya günləri, ziyallarımızın ev muzeylərinin, dini-mədəni abidələrin bərpası  Şuşanın tarixi və milli simasını özünə qaytarır. Şuşa mədəniyyət paytaxtı olmaqla yanaşı həm də beyin mərkəzinə çevrilməkdədir. Beyin mərkəzlərinin nümayəndələrinin toplaşdığı məkan kimi qlobal trendlərin, yeni çağırışların müzakirə olunduğu beynəlxalq platformalara ev sahibliyi edir.  Bu gün Şuşaya gələn hər bir insan görür ki, şəhərin memarlıq ansamblı Azərbaycan memarlıq məktəbini təcəssüm etdirir. Şuşanın azad olunması hərbi-strateji uğur olmaqla yanaşı, həm də mənəvi qələbəmizdir. Ötən il 270 illiyini qeyd etdiyimiz Şuşa yenidən Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamaqda davam edir. Bu il Şuşa 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edildi. Eyni zamanda 2024-cü il aprelin sonu və ya mayın əvvəlində Şuşada TDT dövlət başçılarının qeyri-rəsmi toplantısının təşkili nəzər tutulur. 

Son 3 ildə ən böyük uğurumuz isə Azərbaycan bayrağının Şuşa ilə yanaşı Xankəndidə, Xocavənddə, Xocalıda, Ağdərədə, Əsgəranda da dalğalanmasıdır və bu bayraq bu ərazilərdə əbədi dalğalanacaq.

Könül Nurullayeva,
Milli Məclisin deputatı