08 noyabr 2023 01:14
249

Vətən keşikçiləri dövlət qayğısı ilə hərtərəfli əhatə olunublar

Dövlət başçısının noyabrın 7-də imzaladığı Fərman da sübut edir ki, hərbi qulluqçuların və ailələrinin sosial təminatı Ali Baş Komandanımızın diqqət mərkəzindədir

Hərbçilərimizin sosial müdafiəsinin daha da gücləndirilməsi Azərbaycanda həyata keçirilən siyasətin əsas prioritetlərindəndir. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev hər zaman cəmiyyətdə bütün kateqoriyadan olan təbəqələrə, o cümlədən hərbi qulluqçulara diqqət və qayğısını əsirgəməyib, bu gün də əsirgəmir. Dövlət başçısının noyabrın 7-də imzaladığı Fərman da sübut edir ki, hərbi qulluqçuların və ailələrinin sosial təminatı Ali Baş Komandanımızın diqqət mərkəzindədir. Fərmana əsasən, Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılıb. Həmçinin ölkə başçısı Müdafiə Nazirliyinin bir neçə hərbi qulluqçusuna “general-mayor” ali hərbi rütbəsinin verilməsi ilə bağlı, eləcə də Silahlı Qüvvələrin hərbi qulluqçularının və Daxili İşlər Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında də sərəncamlar imzalayıb. Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbayan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və Daxili İşlər Nazirliyinin əməkdaşları təltif ediliblər. Zəfər Günü ərəfəsində sözügedən Fərman və sərəncamların imzalanması Prezident İlham Əliyevin və dövlətin hərbçilərə diqqət və qayğısının növbəti təzahürüdür.

Qeyd edək ki, ölkəmizdə hərbi qulluqçuların sosial müdafiəsi ilə bağlı məsələlərə dövlət müstəqilliyinin bərpasından az sonra, milli ordu quruculuğu üçün ilk addımların atıldığı vaxtdan xüsusi diqqət yetirilib, bir sıra qanunvericilik aktları qəbul edilib, hərbi qulluqçuların statusu, onlar üçün güzəştlər, imtiyazlar, maddi təminatlar müəyyənləşdirilib. Bu məsələlər Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi müasir ordu quruculuğu prosesində əsaslı şəkildə öz həllini tapıb, hərbi qulluqçulara dövlət qayğısı real xarakter alıb. Həmin dövrdə müharibə şəraitinin mövcudluğu, torpaqlarımızın işğal altında olması ölkəmizin hərbi potensialını sürətlə artırmaq vəzifəsini qarşıya qoyurdu. Silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, şəxsi heyətin müasir silah və texnikadan məharətlə istifadə etmək bacarığına, döyüş təcrübəsinə yiyələnməsi, hərbi təhsilin keyfiyyətcə yenilənməsi və s. məsələlərlə yanaşı, hərbçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması da qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün mühüm amil idi. Məhz buna görə də Ulu Öndər Heydər Əliyev hərbi qulluqçuların və onların ailələrinin etibarlı sosial müdafiə sisteminin yaradılmasına, məişət və xidmət şəraitinin yaxşılaşdırılmasına xüsusi əhəmiyyət verirdi. Məhz bunun nəticəsində Azərbaycan Ordusu qısa müddətdə bölgədə ən güclü və intizamlı hərbi gücə çevrildi.

Bu gün Azərbaycan güclü orduya, təkmilləşmiş hərbi sistemə, inkişaf etmiş müdafiə sənayesinə malik ölkədir.  Azərbaycan hərbçilərinin sosial müdafiəsinin gücləndirilməsi də daim dövlətin diqqət mərkəzindədir. 2011-ci ilin dekabrında  Prezidentin imzaladığı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Fərmana əsasən, ölkədə ilk dəfə hərbçilərin dövlət tərəfindən pulsuz mənzillərlə təmin edilməsinin mexanizmi yaradıldı. Prezident İlham Əliyevin imzaladığı Fərman bu sahədə vəziyyəti dəyişdi, hərbçilərin dövlət hesabına mənzillərlə təmin olunması mexanizmlərini hazırlamaq üçün xüsusi komissiya yaradıldı. Fərman Silahlı Qüvvələrdə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət büdcəsi vəsaiti hesabına mənzillə təminatına əsas yaratdı. Hərbçilərin əməkhaqları müntəzəm olaraq qaldırılır, fərqlənmiş hərbçilər mükafatlandırılır.

2020-ci ildə rəşadətli ordumuzun Ermənistan işğalçı qüvvələrini məhv etməsi, təcavüzkar ölkəni diz çökdürməsi və möhtəşəm zəfər qazanması qəhrəman hərbçilərimizin onlara qüdrətli dövlətimiz və Müzəffər Ali Baş Komandan tərəfindən göstərilən diqqət və qayğıya, hərbçi peşəsinə verilən dəyərə cavabı oldu. “Dəmir yumruq” əks-həmlə əməliyyatı - 44 günlük Vətən müharibəsi və ordumuzun sentyabrın 19-20-də Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri Azərbaycan Silahlı Qüvvələrinin gücünün, onun şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının necə yüksək səviyyədə olduğunu bütün dünyaya nümayiş etdirdi. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Qarabağda Qələbəni hərbi texnika deyil, məhz vətənpərvər və cəsur əsgər və zabitlərimiz qazanıblar.

Xalqımızın otuz illik arzusunu reallığa çevirərək hərbi qüdrətini bütün dünyaya göstərən ordumuzun qəhrəman əsgər və zabitləri bu gün işğaldan azad edilmiş ərazilərimizin mühafizəsi və müdafiəsində “dəmir yumruq” kimi dayanıblar. Bugünkü Qələbəmiz Azərbaycan hərbçisinin rəşadəti, qarşısına qoyulan bütün döyüş tapşırıqlarını şərəflə, dəqiqliklə yerinə yetirməsinin ifadəsidir. Bu Qələbəni şərtləndirən əsas amillərdən biri xalqımızın Azərbaycan Ordusunun qüdrətinə inamıdır. Eyni zamanda, bütün dünya yeni əsrin müharibəsini aparmış ordumuzun gücünü, peşəkarlığını və öz tarixi missiyasını uğurla reallaşdırmaq iqtidarında olduğunu gördü. Bu gün Azərbaycan xalqı ona Qələbə sevinci yaşatmış rəşadətli ordusu, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı ilə haqlı olaraq qürur duyur.

Sevinc Azadi, “İki sahil”