08 noyabr 2023 01:37
251

Bizim Qələbəmizə Paşik də sevinir

Baş nazir Nikol Paşinyan nəinki sevinir, hətta çırtıq çalıb oynayır. Axı, Qarabağa xərclənən yüz milyonlar bundan sonra Ermənistana qalacaq.

Sentyabrın 19-da ordumuzun Qarabağda həyata keçirdiyi antiterror tədbirlərindən sonra separatçı rejimin varlığına nöqtə qoyuldu. Sentyabrın 28-də qondarma qurum özünü buraxdı və Ermənistan hökumətinin separatçılara hər il öz büdcəsindən ayırdığı yüzmilyonlarla ölçülən maliyyə vəsaiti də dayanmış oldu.

Xatırlatmaq yerinə düşər ki, Ermənistan yalnız İkinci Qarabağ müharibəsindən sonra separatçılara 2021-ci ildə 256 milyon dollar, 2022-ci ildə isə 288 milyon dollar ayırıb. 2023-cü il üçün isə bu rəqəm 370 milyon dollara qalxmışdı. Hələ Birinci Qarabağ müharibəsində axıdılan milyonları demirik. Təbii ki, yuxarıdakı rəqəmlər son deyil. Ermənistan hər il dəfələrlə artıq gorbagor olmuş Qarabağ separatçılarına əlavə pullar da ayırıb. Bu pullar ya kredit şəklində (sonradan kreditlər Ermənistan hökuməti tərəfindən bağışlanırdı), ya da ilin ortasında Ermənistan büdcəsinə yenidən baxılan zaman artırılırdı. Məsələn, 2021-ci ildə Ermənistan Qarabağa 256 milyon dollar vəsait ayırsa da, sonradan bu rəqəm əlavələr sayəsində 317 milyon dollara çatmışdı. Büdcə ayrılmaları ilə yanaşı, digər xərcləri də götürsək, Ermənistan hökumətinin Qarabağa hər il ən azı yarım milyard dollara yaxın xərc çəkdiyi məlumdur. Əlbəttə, bu rəqəm kiçik Ermənistan büdcəsi üçün böyük və əlavə yükdür.

Bundan başqa, 44 günlük müharibədən sonra Ermənistana köçən ermənilərin sosial müdafiə üçün rəsmi İrəvan xeyli vəsait xərcləyirdi. Onların kirayə haqları, kommunal xərcləri, verilən kompensasiyalar Ermənistanın üzərinə düşürdü. Onu da nəzərə alaq ki, 44 günlük müharibədən sonra İrəvan Qarabağda yaşayan ermənilərə Ermənistanda məskunlaşanlara nisbətən ikiqat kompensasiya verirdi. Hətta buna görə Qarabağda yaşamaq istəməyən bir çox fırıldaqçı ermənilər burada qeydiyyata düşüb sonra Ermənistana dönürdü.

İrəvanın iddiasına görə, Qarabağda 100 min erməninin yaşadığına inansaq-hərçənd ki, bu bir uydurma rəqəmdir- Ermənistan büdcəsindən təkcə kompensasiyalara nə qədər pulun ayrıldığını təxmin etmək olar. Digər tərəfdən, separatçıların və terrorçu dəstənin saxlanılması üçün milyonlar ayrılırdı. Ən azı 10 min silahlının döyüş sursatı, maaşı, səhiyyə, ərzaq və geyim təminatı, sosial xərcləri üçün milyonlarla dollar lazım gəlirdi.

Hazırda ölkə rəhbərliyi  Ermənistana miqrasiya edən şəxslərin sosial təminatını xarici ölkələrdən diləndiyi ianələr və donor təşkilatlar vasitəsilə həyata keçirməyə çalışır. Ermənistana bu baxımdan yardım edən ölkə və təşkilatlar da az deyil.

Belə məlum olur ki, Paşinyan hökuməti faktiki olaraq illik yüz milyonlarla dollar yükdən xilas olub. Belə olan halda Paşik sevinməsin neynəsin?

Vəli İlyasov, "İki sahil"