08 noyabr 2023 01:58
358

Arzuların, xəyalların gerçək oldu...

Sənə Zəfər çox yaraşır, bütöv Azərbaycan!

“Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”

...Üç il əvvəl Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri ürəyi Vətən eşqi ilə yanan, Vətən torpaqlarının azadlığı uğrunda can alıb, can verənlərlə döyünən, Şüşa həsrətindən qubar bağlamış milyonların sevinc göz yaşlarına çevrildi. Zəfərə təşnə xalq bayrağına sarılıb küçələrə, meydanlara axışdı. Tanıdı, tanımadı hər kəs bir-birini bağrına basdı, bir-birinə gözaydınlığı verdi. Azərbaycan bir daha özü boyda, bütövləşən sərhədləri boyda yumruğa döndü. Şəhid ruhları göy üzündə rahatlığına qovuşdu.

Haradan başlamışdı bizi Zəfərə aparan bu yol? Ulu Öndərimiz Heydər Əliyevin “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur!” arzusundan, nidasından. “Biz Qarabağımıza qayıdacağıq, Qarabağ tarixi Azərbaycan torpağıdır” deyən Müzəffər Ali Baş Komandanımızın Vətən sevgisindən, qətiyyətindən, polad iradəsindən. Bu müqəddəs arzu, bu böyük sevgi, sarsılmaz iradə bizi addım-addım o böyük günə yaxınlaşdırırdı. Və bir gün qəflətən sükut pozuldu! Yer yerindən oynadı, göyün bağrı yarıldı, zirvəsində dayanıb uzünü Tanrıya tutan bozqurdun ulartısından dağlar daş yuxusundan oyandı. Uca Türkün hayqırtısına haylar pərən-pərən düşdü, torpaq müqəddəsliyinə qovuşmaq, yenidən öz sahiblərinin Vətəni olmaq üçün qana susadı. Qarabağın, Şərqi Zəngəzurun səmasını Türkün “əbabil quşları” bürüdü, süzüb-süzüb düşmənin başına öd ələdilər. Elin igid ərləri, ərənləri böyük Sərkərdənin əmri ilə haqq savaşına yürüdülər, “Eyyy, yurdumu yağmalamış namərd kafir, ölümlərdən ölüm bəyən, hesab çəkməyə, can almağa gəlirik!” dedilər. Yorulmadan, gecə-gündüz demədən qarış-qarış, addım-addım böyük Zəfərə doğru irəlilədilər – ölümdən qorxmadan, yağıya arxa çevirmədən, dəyib Vətəni incidər deyə sinəsini düşmənin gülləsinə sipər edərək, canından keçməyi, müqəddəs şəhidlik məqamına ucalmağı xoşbəxtlik, şərəf bilərək. Geri qayıtmamaq üçün yarasını gizləyərək!

İrəlilədilər, irəlilədilər və nəhayət, quş qonmayan sıldırımları ilə gözəl Şuşamıza, qeyrət qalamıza dırmaşıb, əliyalın tankın-topun üstünə yeriyərək düşməni dişiylə-dırnağıyla parçalayıb dünyanı heyrətə salan qəhrəmanlıq dastanı, Zəfər tarixi yazdılar, canlı əfsanəyə çevrildilər! Vətənin düşmən əsarətində inləyən dağıdılmış, viran qoyulmuş parasını, parçasını azad edib ürəyi Qarabağla, Şərqi Zəngəzurla döyünən hər kəsə Qələbə xoşbəxtliyini – Zəfər Gününü yaşatdılar!

Tanrı şahiddir ki, bizim apardığımız müqəddəs müharibə haqq davası, bizim olanı geri almaq savaşı idi. Ancaq biz bu savaşda yalnız mənfur, şərəfsiz ermənilərlə, onların “məğlubedilməz” ordusu, “keçilməz Ohanyan səddi” ilə qarşı-qarşıya deyildik, az qala dünyanı yarısı qarşımızı kəsməyə çalışırdı. Beynəlxalq hüququ, ədaləti, qonşuluğu öz maraqları naminə tapdalayanlar, dinə-imana naxələf çıxanlar işğalçının tərəfində dayanıb bizə təzyiq göstərməyə çalışır, hər cür şər, böhtan atırdılar. Ermənistana gizli-aşkar yardım edənlər bizim Qələbəmizi gözləmədikləri kimi, istəmirdilər də. Buna görə tariximizin cəmi 44 günə qızıl hərflərlə yazılmış şanlı səhifəsi bu qədər qiymətlidir.

Vətən müharibəsi həm də bizi sevənlərə də, sevməyənlərə də birliyimizi, həmrəyliyimizi göstərdi. Göstərdi ki, milliyyətindən, dilindən və dinindən asılı olmayaraq bu Vətənin övladı olan hər kəs Azərbaycanın bütövlüyü naminə yumruq kimi birləşməyə, canını fəda etməyə hazırdır və qadirdir, heç kim aramıza nifaq toxumu səpib bizi ayıra bilməz.

Bu gün uca dağlarımızın zirvələrində dostlarımızı qürurlandıracaq, el-obanı şadlığa, şadyanalığa səsləyəcək tək tonqalların qalandığı gündür, gözün aydın, bütün Türk dünyası!

Ruhunuz şaddır, şəhidlərimiz! Bu xoş günləri yaşamağımızda haqqınız bir ömür boyu ödənməz. Canınız sağ olsun, sağlamlığını Vətən üçün əsirgəməyən əziz qazilərimiz, hər birinizə borcluyuq. Sənə bütövlük, azadlıq çox yaraşır, gözəl yurdum. Sən həmişə qələbələrə layiqsən arzuların, xəyyalların gerçək oldu, Azərbaycan, Zəfər Günün mübarək!

Gözünüz aydın, Xocalı, Xankəndi, Ağdərə, Əsgəran, Xocavənd həsrətliləri! Bu gün Xankəndimizdə rəşadətli ordumuzun Qələbə paradı keçiriləcək, qəhrəman oğullarımızın ayaq səsləri bütün düşmənlərimizin canına üşütmə salacaq! Bu addım səsləri yenidən hər kəsə xatırladacaq ki, əbədi olaraq Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Mahir Rəsuloğlu, “İki sahil”