08 noyabr 2023 00:17
286

Qərbin sağalmaz, avantürist ikili standartlar siyasəti

Bu gün Ukraynada, Qəzzada baş verənlər, daha əvvəl isə “ərəb baharı” nəticəsində Liviyanın, İraqın, Suriyanın və.s alovlara qərq olmasının əsas səbəbi  məhz bəzi Qərb ölkələrinin eqoistik siyasətinin bariz nümunəsidir

Zaman-zaman bəzi ölkələrə qarşı ikili standartlar nümayiş etdirən, xroniki islamofobiya  və türkofobiya xəstəliyinə tutulan, separatizmi təşviq edən ABŞ və bəzi Qərbi Avropa ölkələrinin, xüsusilə Fransa və Almaniya rəsmilərinin son zamanlar reallıqlardan tamam ilə uzaq, böhtan mahiyyətli bir sıra anti-Azərbaycan xarakterli açıqlamaları demək olar ki, əndazəni aşıb. Danılmaz həqiqətdir ki, hadisələrə qərəzli və qeyri-obyektiv yanaşma onların fəaliyyətinin əsas prinsiplərindən birinə çevrilib.

Dünyanı yönləndirməyə çalışan güc mərkəzlərinin, “qoca qitə”nin böyük dövlətlərinin etnik separatizmi və terrorçuluğu dəstəkləmələri, ayrı-ayrı etnik qrupların silah, işğal gücünə dövlət qurmaq istəyinə, “öz müqəddəratını təyinetmə hüququ” adı altında bir dövlətin ərazi bütövlüyünə qəsd etmək cəhdlərinə qətiyyətsiz münasibətləri bütün dünyanı  qarşısıalınmaz parçalanma prosesi ilə üz-üzə qoyub. Qərbin dünyanın müxtəlif yerlərində separatizmə laqeyd münasibəti, bir çox hallarda dövlətlərin ərazi bütövlüyünə etnizasızlıq göstərməsi, işğalçıya, separatçı qüvvələrə münasibətdə ikili standartlardan çıxış etməsi artıq öz fəsadlarını verir.

Bir məsələni də  xüsusilə vurğulamaq lazımdır ki, Qərbin Azərbaycana münasibətində ikili mövqe sərgiləməsi yeni deyil və 32 illik müstəqillik tariximizdə dəfələrlə belə halların şahidi olmuşuq. Lakin son illərdə Azərbaycan inkişaf etdikcə, iqtisadi və siyasi gücünü artırdıqca, qırx dörd günlük münaribədə öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra ölkəmizə qarşı ikili standartlar və qarayaxmalar da bu prosesə adekvat olaraq güclənib.  Danılmaz faktdır ki, terrora qarşı mübarizədə, demokratiya və insan haqları sahəsində qəbul edilən prinsiplərə, sərhədlərin toxunulmazlığı və suverenliyin qorunması qaydalarına Qərbdə yalnız öz maraqlarına uyğun olduqda diqqət yetirilir. Digər hallarda isə bu qaydaları onlar özləri də poza bilərlər.

Daim insan haqqlarından, demokratiyadan dəm vuran bəzi Qərb ölkələrində dini və etnik məsələlərdə diskriminasiya, islamofobiya, miqratlara nifrət, rasizm, artıq özünün pik nöqtsəinə çatıb. Sözdə insan hüquqları haqqında danışanlar Aralıq dənizində boğulan miqrantlar haqqında danışmır. Məsələn, “qoca qitə”nin aparıcı ölkələrindən olan Fransanın başqa etnik və dini qruplara baxışı daha çox assimilyasiya siyasəti üzərində qurulub. Bu, özünü xristian olmayan dini qruplara baxışda açıq-aşkar göstərir. Bu ölkədə fərqli etnik və dini qruplar “ümumfransız” kimliyinin içərisində əridilməyə çalışılır, fərqliliklər gözardı edilir. Belə ki, Fransa dövlətinin xüsusən müsəlmanlara qarşı diskriminasiya siyasətində bu mövqenin təzahürləri bariz şəkildə özünün göstərir.

Bundan başqa, qırx dörd günlük Vətən müharibəsindən sonra, bu il sentyabrın19-20-də Qarabağda lokal antiterror tədbirləri keçirirək mülki əhaliyə və infrastruktura zərər yetirmədən, yalnız legitim hərbi hədəfləri zərərsizləşdirməklə qanunsuz xunta rejiminə son qoyması və suverenliyini bərpa etməsi rəsmi Parisin anti-Azərbaycan fəaliyyətini daha da gücləndirib. Çox təəssüf ki, sentyabrın 19-20-də həyata keçirilən tədbirlərdən sonra bölgədə hərbi müstəvidə yaranmış sabitliyə Fransa başda olmaqla bəzi Qərb ölkələri və beynəlxalq dairələr diplomatik müstəvidə zərər verəcək addımlar atırlar. Xüsusilə Fransanın Ermənistana silah-sursat verməsi, bir müddət bundan əvvəl bu ölkənin xarici işlər naziri Ketrin Kolonnanın İrəvandakı çıxışı, sentyabrın 11-də Senatdakı çıxışı, ermənilərin Azərbaycana qayıdışına dair BMT-nin Təhlükəsizlik Şurasında qətnamə qəbul edilməsi istiqamətində təşəbbüs irəli sürəcəklərini bildirməsi bir daha göstərir ki, rəsmi Paris militarizm siyasəti və pərdəarxası çirkin diplomatik oyunları ilə regionda sülhün bərqərar olmasına imkan verməməyə çalışır. 

Fransa ilə bərabər, ABŞ-ın yedəyində sürərən Almaniyanın xarici işlər naziri Annalena Berbokun bu günlərdə Azərbaycana səfəri zamanı XİN-də mətbuat konfransında yalan açıqlama ilə çıxış eməsi isə qərəz, hiyləgərlik və ikiili standartlar siyasətinin əyani təzahürüdür. O, Ermənistanda Qarabağdan köçmüş ermənilərlə görüşdüyü təqdirdə, Azərbaycana səfəri zamanı azərbaycanlı köçkün və qaçqınlarla görüşüb-görüşmədiyi barədə “Real” televiziyasının müxbirinin sualına yanlış və yalan dolu cavab verməklə kifayətlənib. Xanım Berbok, həmçinin Azərbaycanın BMT tərəfindən tanınan şəhərlərinin adlarını təhrif edərək saxta erməni toponimləri ilə söyləyərkən  xarici işlər nazirimiz Ceyhun Bayramov birgə mətbuat konfransında Berbokun bu qərəzli yalanlarını  korrektə etməyə məcbur olub.

Təbii ki, bütün bunlar Azərbaycana qarşı qərəzli münasibətin təzahürdür. Biz yaxşı bilirik ki, bu ölkələr öz maraqlarına cavab verən, necə deyərlər, özlərinə sərf edən konfliktlərə göz yumurlar. Özlərinə sərf etməyəndə isə ən xırda insidentləri belə şişirdirlər. Öz əlaltılarını isə həyasızcasına müdafiə edirlər.  Bu mənada Ermənistana diqqət etsək hər şey aydın olar. Belə ki, Ermənistanın kütlələrin davamlı etirazları ilə müşayiət olunan siyasi vəziyyətinə nəzər yetirilsə aydın olar ki, heç zaman demokratik mühitin olmadığı bu ölkədə son zamanlar eyni ssenari dəfələrlə təkrarlanıb. Eləcə də Hayastanda televiziya kanallarının, bəzi mətbu orqanların fəaliyyətinin dayandırılması, seçkilərdə müxalifətdən olan namizədlərə fiziki, mənəvi təzyiqlərin göstərilməsi bu ölkə üçün xarakterikdir. Yaxud Ermənistanda Nikol Paşinyanın göstərişi ilə keçmiş hakimiyyətin bir çox nümayəndələri həbs edilib. Bildiyimiz ki, əksər hüquq müdafiəçiləri onları siyasi məhbus adlandırırlar. Ancaq nədənsə Qərb siyasi dairələri bu haqda bir söz də demirlər.

Bu gün birmənalı demək olar ki, ümumavropa siyasətinin cılızlaşması baş verir, nüfuzlu siyasətçi, lider artıq yoxdur. Bütün bunların fonunda  Farnsa Prezidenti Emmanuel Makron kimiləri özünü Avropanın əsas siyasətçisi kimi aparmağa çalışırlar. Heç kimə də sirr deyil ki, Almaniya Fransanın yedəyində gedən ölkədir. Özünün müstəqil xarici siyasəti yoxdur. Qərb ölkələrinin sözdə dünyada sülhə çağırışları isə manipulyasiyadan başqa bir şey deyil. Bu gün Ukraynada, Qəzzada baş verənlər, daha əvvəl “ərəb baharı” nəticəsində Liviyanın, İraqın, Suriyanın və.s alovlara qərq olmasının əsas səbəbi məhz Qərb ölkələrində iş başına keçən millətçi siyasətçilərin eqoistik siyasətinin bariz nümunəsidir.

ABŞ-ın “Financial Times” nəşrində yayımlanan məqalədə bildirilir:

“Ukrayna və İsraildəki müharibələr dünyanı qaranlıq bir dövrə sürükləyir. İndi demokratların və sülhpərvərlərin dövrünü müharibələri dəstəkləyən millətçilər dövrü əvəzləyir. Bu dövr dəyişikliyini qaranlıq zamanların başlanğıcı kimi xarakterizə edə bilərik”.

Zahid Rza, “İki sahil”