07 noyabr 2023 16:39
398

Qərbin separatçılığa dəstəyinin pərdəarxası çox ziddiyyətlidir - Aydın Hüseynov

“Qərb ikili oyun oynayır. Bir tərəfdən daxili separatizmin kökünü kəsməyə çalışır, digər yandan isə xarici ölkələrdəki separatçıları dəstəkləyir. Bu gün Avropa ölkələrində toplum olaraq 450-ə yaxın separatçı ocaqlar var. Onlarla mübarizəyə ölkələr milyarlarla dollar vəsait xərcləyir. Onlar milli, irqi və hətta dini baxışlara əsaslanan hərəkətlər sırasındadır. Uzun illər separatçılıqdan əziyyət çəkən Azərbaycan Avropadakı separatçılar barədə həmişə mənfi rəydə olub və həmin ölkələrin ərazi bütövlüyünü daim dəstəkləyib. Hətta İspaniyada Kataloniya separatçılarının kütləvi etiraz aksiyaları zamanı Azərbaycan İspaniyada baş verənlər hadisələri öz adı ilə çağırdı. Bu gün isə Azərbaycana qarşı Avropa Birliyi ölkələrinin qərəzini görürük. Həmin ölkələrin müxtəlif strukturları işğalçı Ermənistanın və Qarabağdakı separatçıların əməlləri ilə həmrəydirlər, ölkəmizi hansısa cinayətlərdə suçlamaq niyyətindədirlər. Bir sözlə, Qərbin separatçılığa dəstəyinin pərdəarxası çox ziddiyyətlidir”.

Bunu “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

AşHüseynov əlavə edib ki, dünya birliyi ərəb ölkələrinə “rəngli inqilablar” ixrac edən, demokratiya, insan haqları kimi “humanism dəyənəyi”ndən istifadə edərək Ukrayna və Cənubi Qafqazda olduğu kimi,  başqa dövlətlərin daxili işlərinə qarışmasını əngəlləməlidir: “Qərbin demokratiya ixracı daha çox iğtişaşlarla, müharibələrlə, toqquşmalarla, ölkələrin vətəndaş müharibəsinə sürüklənməsinə səbəb olur. Ukrayna bu gün Qərblə Rusiyanın təcrübə meydanına çevrilib. ABŞ-ın Avropa bazarını və münbit torpaqları ələ keçirmək iştahası Ukrayna müharibəsini reallaşdırıb. Bu gün Ukraynada baş verənlər, hər iki tərəfin itirdikləri Qərbi narahat etmir.

ABŞ-a gücsüz, idarə olunması asan olan ölkələr lazımdır. Avropa Rusiyanın karbohidrogen və digə xammal asılılığından qurtulduğunu düşünür, amma ABŞ şirkətlərinin həmin boşluğu doldurması onları alternativ yollar axtarmağa məcbur edib. Fransanın və Almaniyanın Azərbaycan və Türkiyənin təklif etdiyi Orta Dəhliz layihəsində üstün mövqe tutmaq iddiaları onları yanlış addım atmağa vadar edir. Makronun Orta Asiyaya səfərinin arxasında dayanan istəklər də budur. Maraqlıdır, hər iki Avropa ölkəsi ilk baxışdan eyni hədəfə birgə addımladıqlarını göstərirlər. Amma Afrikadan qovulan Fransanın yerini Almaniyanın tutmaq niyyəti iki Avropa dövləti arasında gərginliyin nə qədər dərində olduğunu göstərir. Bundan başqa, ABŞ və Qərbin Ukrayna savaşının dayandırılması istiqamətində heç bir ciddi addım atmağa həvəsli olmadığı da narahatedicidir. ABŞ və Qərbin atdığı bütün addımlar Ukrayna savaşının mümkün qədər, hətta illərlə uzadılmasına hədəflənib. Məlum olur ki, Qərb hazırda Ukrayna savaşının dayandırılması barədə düşünmür”.