07 noyabr 2023 10:32
163

İşğala son qoyan Zəfər

Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə diplomatik-siyasi müstəvidə getdiyi üçün bu mübarizə səbir, qətiyyət və iradə tələb edirdi. Ümummilli Lider Heydər Əliyev təsadüfi olaraq demirdi ki: "Diplomatiya döyüş meydanı deyil, burada siyasətçilər təvazökarlıq, səbir, iradə və əzm göstərməklə istədiklərinə nail ola bilirlər''. 

Hələ Prezidentliyinin əvvəllərindən münaqişənin siyasi yollarla həll olunmasına sadiqliyini sərgiləyən cənab İlham Əliyev bununla belə, əgər zərurət yaranarsa hərb yolunun da istisna olunmadığını vasitəçilərə bildirmiş, beynəlxalq tribunalardan səsləndirmişdi. Zaman etibarı ilə qısa müddətə müasir beynəlxalq standartlara cavab verən güclü və mütəşəkkil Azərbaycan Ordusu yaradılmış, müasir silahlar və döyüş texnikaları ilə silahlanmışdır.

 Azərbaycanın xarici və daxili siyasət baxımından 2020-ci ildə əldə etdiyi ən mühüm nailiyyət sentyabrın 27-də başlanan və 44 gün davam edən işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi əməliyyatıdır. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-na kimi davam etmiş 2-ci Qarabağ müharibəsi münaqişənin 30 ilə yaxın diplomatik yolla həll oluna bilməməsi fonunda baş vermiş və Azərbaycan ordusunun müstəsna uğurları ilə nəticələnmişdir.  Azərbaycan 44 günlük müharibə dövründə “Dəmir yumruq” əməliyyatı həyata keçirməklə erməni qəsbkarlarını darmadağın etdi. Nəticədə Ermənistan kapitulyasiya aktı imzalamağa məcbur oldu.

44 günlük müharibə Cənubi Qafqaz regionunda geosiyasi və geoiqtisadi vəziyyəti kökündən dəyişdirmiş, eləcə də yeni reallıqlar və regional əməkdaşlıqla bağlı yeni imkanlar yaratmışdır. Müharibə zamanı Azərbaycan 5 şəhər, 4 qəsəbə, 286 kənd və Azərbaycan-İran sərhədini işğaldan azad etmiş, 10 noyabr tarixli birgə bəyanata əsasən, dekabrın 11-dək daha 3 şəhər Azərbaycana qaytarılmışdır. Bundan əlavə, 10 noyabr 2020-ci il tarixli birgə bəyanata əsasən, “Regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokadasına son qoyulmalıdır. Ermənistan Respublikası Azərbaycan vətəndaşlarının, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək məqsədilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə təminat verməlidir. Sözü gedən dəhliz Azərbaycan və Naxçıvan Muxtar Respublikası arasında birbaşa nəqliyyat əlaqəsini təmin edəcək, nəzəri cəhətdən Türkiyəni Naxçıvan, Azərbaycanın qalan hissəsi və Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya ilə birləşdirəcəkdir.

Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsi Cənubi Qafqazda geosiyasi və geoiqtisadi ab-havanın dəyişməsi ilə yanaşı, bu regionda yeni qüvvələr balansının formalaşmasına da öz töhfəsini vermişdir. Əgər müharibə başlamazdan əvvəl ATƏT-in Minsk qrupunun həmsədr ölkələri bütövlükdə status-kvonu saxlamağa çalışırdılarsa, indi vəziyyət tamamilə dəyişmişdir.

Bundan əlavə, ikinci Qarabağ müharibəsinin daha bir regional nəticəsini qeyd etmək lazımdır. İran İslam Respublikası ilə dövlət sərhədimizin 132 kilometrlik hissəsi işğaldan azad edilmiş, orada sərhəd zastavaları yaradılmışdır. Bu, həm siyasi, həm də qeyri-siyasi baxımdan beynəlxalq aləmdə böyük hadisədir. Otuz ilə yaxındır ki, bu sahələrdə transmilli cinayətkarlığın bəzi təzahürləri, xüsusən də narkotik vasitələrin qanunsuz dövriyyəsi və logistikası kriminal əməkdaşlıq formasında geniş şəkildə təşəkkül tapmış və həyata keçirilmişdir. Artıq bu baxımdan da işğaldan azad olunmuş ərazilərdə qanunun gücü və hüquqi yurisdiksiya bərpa olunmuş, cinayət təzahürləri aradan qaldırılmışdır. Öz növbəsində, digər nəticə beynəlxalq terrorizmin qarşısının alınması ilə bağlıdır. İşğaldan azad edilmiş ərazilərdə qeyri-qanuni iqtisadi fəaliyyət, eləcə də terrorçu cinayətkar qrupların məskunlaşdırılmasına (Yaxın Şərqdən, xüsusilə Suriyadan, Livandan və digər ölkələrdən erməni ailələrinin yerləşdirilməsi yolu ilə ərazilərin erməniləşdirilməsinə) son qoyulmuşdur.

Şübhəsiz ki, baş verən dəyişikliklər Cənubi Qafqazda nəqliyyat infrastrukturu xətlərinin və qovşaqlarının bərpası ilə yanaşı, həm dövlətdaxili və ölkələrarası, həm də regiondaxili və regionlararası ticarət-iqtisadi əlaqələrə mühüm təsir göstərəcək. Bu, Azərbaycana Türkiyə ərazisindən qərbə və İrandan keçməklə cənuba yük daşımalarını şaxələndirmək imkanları yaradacaq.
İkinci Qarabağ savaşı nəticəsində işğaldan azad edilmiş ərazilərin Azərbaycanın nəzarətinə keçməsinin ölkəmiz üçün mühüm müsbət nəticələrdən biri də təbii sərvətlərinin mənimsənilməsi, bu ərazilərin rekreasiya potensialının ölkəmizin və xalqımızın mənafeyi naminə istifadəsinin təmin edilməsi olmuşdur. Belə ki, faydalı qazıntılar, xüsusilə qızıl və s. üzərində nəzarətin bərpa olunması da ölkəmiz üçün mühüm müsbət nəticələrdən biridir və Azərbaycanın regional üstünlüyünə öz töhfəsini verməkdədir.

Geosiyasi nöqteyi-nəzərdən baxdıqda  onu da deyə bilərik ki, İkinci Qarabağ Müharibəsi Türkiyə ilə Azərbaycan arasında hərbi, siyasi, iqtisadi və mədəni inteqrasiya prosesini sürətləndirəcək. Azərbaycanın Türkiyə ilə sıx iqtisadi əlaqələri daha da genişlənəcək və iki qardaş ölkənin Ermənistan bazarına nüfuz imkanları yarana və genişlənə bilər.

Beləliklə, dünyada baş verən çoxsaylı münaqişələrin və müharibələrin gedişatına nəzər salsaq görərik ki, son nöqtəni güclü tərəf qoyur. Bunun ən son nümunəsi Azərbaycan xalqının Qarabağ uğrunda apardığı 44 günlük Vətən müharibəsidir. Ötən illərdə biz gücləndik, düşməni dəmir yumruqla darmadağın etdik. 44 gündə otuz illik işğala, ədalətsizliyə son qoyduq.

Azərbaycan 30 ilə yaxın davam edən işğala hərbi-siyasi yollarla son qoydu, öz ərazi bütövlüyünü bərpa etdi, BMT-nin dörd qətnaməsini özü icra etdi. Halbuki bu qətnamələri BMT özü icra etməli idi.

Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkənin İkinci Qarabağ müharibəsindəki qələbəsini təmin edən mühüm amillər oldu. Prezident İlham Əliyev bu qələbəni qeyd etmək üçün xüsusi bayram gününün təsis edilməsi barədə Sərəncam imzaladı.

  Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə qərara alıram:

1. Hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".

Bu tarixi qələbə milli kimliyimizi, birliyimizi, gücümüzü və əzmimizi bütün dünyaya nümayiş etdirməklə bərabər, bizləri gələcək nəsillərin keçmişə boylananda hər zaman böyük qürur hissi ilə xatırlayacağı günlərin canlı şahidinə çevirdi.

Aygün Xudabaxışova,
Bakı şəhəri Xətai rayonu 27 saylı məktəbin Azərbaycan dili müəllimi,
YAP Xətai rayon təşkilatının "Yusif Səfərov 11" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü