06 noyabr 2023 16:26
112

Tarixi Qələbə

2020-ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsi, Ermənistanın qeyri-konstruktiv mövqeyinin və davamlı xarakter alan hərbi və siyasi təxribatlarının nəticəsi idi. Azərbaycanın dövlət başçısı İlham Əliyev dəfələrlə bəyan edirdi ki, bizim səbrimiz tükənməz və biz nəyin bahasına olursa, olsun torpaqlarımızı işğaldan azad edəcəyik. Azərbaycan hərb yolunu heç bir zaman istisna etmirdi, əgər Ermənistan münaqişənin sülh yolu ilə həllinə manelər törədərək dondurmağa çalışarsa, Azərbaycan beynəlxalq hüququn tələblərinə uyğun olaraq ərazilərini işğaldan azad etmək haqqını hər an yerinə yetirə bilər və bu belə də oldu. 44 gün ərzində davam edən Vətən müharibəsi qələbəmizlə başa çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu əsl peşəkarlıq və misli görünməmiş qəhrəmanlıq göstərərək tarixi torpaqlarımızı Ermənistanın 30 illik işğalından azad etdi. Ərazi bütövlüyümüz bərpa edildi, 30 illik Vətən həsrətimizə son qoyuldu. Müasir tariximizə milli qürur günümüz kimi həkk olunan bu tarixi günlərimiz daim xatırlanacaq. Azərbaycan Ordusu, qəhrəman əsgər və zabitlərimiz bu sevinci və xoşbəxtliyi bizlərə yaşatdılar. Biz hər zaman onlara borcuyuq və minnətdarıq.

44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrilən “Dəmir yumruq” Prezident-Xalq-Ordu birliyinin, həmrəyliyinin təqdimatı oldu. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin çirkin kampaniyalarına qarşı fədakarlıqla mübarizə apardılar. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşları görünməmiş həmrəylik nümayiş etdirdi, ön və arxa cəbhədə sarsılmaz birlik yarandı. Bu birlik və həmrəylik haqlı olaraq “Dəmir yumruq” kimi səciyyələndirilir. Son üç ildə bu birliyi işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərində görürük.

Artıq işğaldan azad edilmiş ərazilərimiz yenidın qurulur, dirçəldirilir, oradakı həyat şəraiti bərpa edilir, məcburi köçkünlər öz yurdlarına geri qayıdırlar. Tarixi ata-baba yurdlarımız öz həqiqi sahiblərinə qovuşub və biz orada əbədi olaraq yaşayacağıq.

Sayad Adilova,
YAP Xətai rayon təşkilatının "Məzahir Rüstəmov 35" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü