06 noyabr 2023 10:21
95

Zəfər dastanı

44 günlük vətən müharibəsində qazanılan qələbə işğal altında olan torpaqlarımızın azad edilməsinə hesablanmış məqsədyönlü daxili və xarici siyasətin nəticəsi idi.

Birinci Qarabağ müharibəsi dövründən fərqli olaraq ölkə iqtisadiyyatı sürətlə inkişaf etdirilmiş, Azərbaycan Respublikası bütün göstəricilər üzrə Ermənistanı geridə qoymuşdur.

Birinci Qarabağ müharibəsində isə Azərbaycan böyük dövlətlərin havadarlıq etdiyi Ermənistan ilə müqayisədə demək olar ki, müttəfiqsiz qalmışdı.

44 günlük müharibədə Ali Baş Komandan-Ordu-Xalq birliyi Dəmir yumruğa çevrilərək qələbəmizdə böyük rol oynadı. Dinindən, dilindən və irqindən asılı olmayaraq,  bütün Azərbaycan vətəndaşları, burada yaşayan bütün xalqların nümayəndələri torpaqlarımızın azad edilməsi uğrunda mübarizədə həmrəylik nümayiş etdirdilər. İnformasiya mübarizəsində də Ermənistan məğlub edildi.

XX əsrin 90-cı illərindən fərqli olaraq ölkədə güclü siyasi hakimiyyət və vahid komandanlıq vardır. Ən müasir silahlarla təchiz edilmiş peşəkar ordu formalaşır. İlham Əliyev 2003-cü ildə Prezident seçiləndən sonra ordu quruculuğuna diqqət daha da artırıldı, yeni hərbi doktarina qəbul edildi. Həmin ildən etibarən dövlət büdcəsindən orduya ayrılan xərclər bəzi illərdə ya Ermənistan büdcəsinə bərabər ya da ondan çox olmuşdur. Xüsusi Təyinatlı Qüvvələrin yaradılması və onun peşəkarlığının daim yüksəlməsi də Vətən müharibəsinin gedişində mühüm rol oynadı.

Xalqın böyük dəstəyini kürəklərində hiss edən rəşadətli ordumuz, Vətən uğrunda şəhidliyi zirvə hesab edən Azərbaycan əsgəri saysız-hesabsız qəhrəmanlıq nümunələri ilə 44 günlük müharibədə dastan yazdı. Yüksək rütbəli zabitlərimiz isə öz əsgərləri ilə çiyin-çiyinə döyüşür, onları qələbəyə ruhlandırırdı.

 Və nəhayət 18 sentyabrda başlayan 23 saat 43 dəqiqə davam edən lokal anti-terror əməliyyatı nəticəsində Xankəndi, Xocavənd, Ağdərə, Xocalı rayonları ermənilərdən təmizləndi və 15 oktyabrda prezident İlham Əliyev üçrəngli bayrağımızı azad olunmuş ərazilərdə qaldırdı.

Bu, Ali Baş Komandan-Ordu-Xalq birliyinin möhtəşəm qələbəsi idi.

Qarabağ Azərbaycandır!

Bahar Vəliyeva,
YAP Xətai rayon təşkilatının "Məzahir Rüstəmov 35" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü