07 noyabr 2023 16:05
364

Türk Dövlətləri Təşkilatı qlobal səviyyəli nüfuza malikdir

Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib. Bundan sonra da türk dövlətləri birliyi amallarına sadiq qalacaq.

Noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının (TDT) “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşündə iştirak edən Prezident İlham Əliyev çıxışında bir sıra vacib məsələlər barədə fikir bildirib.

Dövlət başçısı qeyd edib ki, türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində müxtəlif sahələrdə əməkdaşlığımız təsisatlanıb, Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib. Bu gün təşkilatımız beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir.

Azərbaycan türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub. Bunun əsas hissəsi Türkiyəyə qoyulan sərmayədir. Artıq birgə sərmayə fondlarının yaradılması prosesi başlayıb. Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondu yaradılıb. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə, 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi 40 faiz artıb. Bu münasibətlərin inkişafı kontekstində nəqliyyat və logistika sahələri mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa bazarları arasında etibarlı tranzit ölkə kimi özünü təsdiqləyib. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin dayanıqlı fəaliyyətinə öz dəyərli töhfəsini verir.

Bu gün dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur. Müharibələr, qanlı münaqişələr alovlanır. Belə olan halda, ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir. TDT-yə üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artacaq.

Üç il əvvəl Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işlərinə başlayıb. Bu məqsədlə artıq ölkəmizin dövlət büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il ən azı 2,4 milyard ABŞ dollarının ayrılacağı nəzərdə tutulur. Böyük Qayıdış Proqramı uğurla icra edilir. Artıq keçmiş məcburi köçkünlər - bu torpaqların əsl sahibləri Laçın və Füzuli şəhərlərinə və üç kəndə qayıdıb. 2026-cı ilin sonunadək Qarabağ və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur.

Türk dövlətləri də Böyük Qayıdış Proqramına böyük dəstək verir. Dövlətimizin başçısı Zirvə görüşündə Füzuli şəhərində inşası başa çatmış məktəbə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə, Qazaxıstanın Azərbaycana hədiyyəsi olan həmin şəhərdə inşa edilən yaradıcılıq mərkəzinə görə Prezident Kasım-Jomart Tokayevə təşəkkür edib. Bunlar Azərbaycan, Özbəkistan, və Qazaxıstan xalqları arasında olan dostluğun və qardaşlığın təzahürüdür.

Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi bütün Türk dövlətlərində qürur doğurur və bu, sülh üçün geniş imkanlar açır. Dost, qardaş dövlətlər bu tarixi uğurdan son dərəcə qürur və sevinc hissi duyur. Bununla da bölgəmizdə davamlı sülhə bir addım da yaxınlaşdıq. Açılan fürsət pəncərəsinin dəyərləndirilməsi böyük arzudur. Ermənistanın Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi vacibdir. Azərbaycanın qərb bölgəsi ilə Naxçıvanı birləşdirəcək kommunikasiya xəttinin həyata keçirilməsi də böyük önəm daşıyır. Bu xəttin açılması bütün bölgə ölkələrinin rifahına ciddi töhfə verməklə yanaşı, Türkiyəni də Orta Asiya ilə birləşdirəcək. Bu prosesin uğurla başa çatdırılmasına üçün Türk dünyası dəstəyini davam etdirəcək.

Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri