08 noyabr 2023 11:29
295

Bayrağımız qürur mənbəyimizdir

Bayraq Respublikanın varlığını təsdiqləyən, millətini ucaldan, hər bir vətəndaşı qürurlandıran dövlət rəmzdir. Azərbaycanda Dövlət Bayrağı Gününün təsis olunması və hər il təntənə ilə keçirilməsi məhz bu mənəvi dəyərdən qaynaqlanır.

Üçrəngli, ağ aypara və səkkizguşəli ulduzlu bayrağımız dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub. Azərbaycanın dövlət bayrağı mühüm ideoloji əsasları özündə cəmləmişdir. Bütün müsəlman və türk dünyasında  ilk dəfə idi ki,  milli mədəni, mənəvi dəyərlərə, eyni zamanda demokratik ideallara əsaslanan bir dövlət qurulurdu. Dövlət bayrağındakı üç rəngin ifadə etdiyi məna  XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipinə əsaslanırdı.  Bu,  Azərbaycanın görkəmli mütəfəkkiri Əli Bəy Hüseyzadənin irəli sürdüyü “Türkçülük, müasirlik və islamçılıq” prinsipi idi.  Bayraqdakı rənglərin təsviri və düzülüşü isə Məhəmməd Əmin  Rəsulzadənin fikirlərinə əsasən sıralanmışdır. 1920-ci ilin 28 aprelində Azərbaycan üçrəngli bayrağı dəyişdirilərək qırmızı sovet bayrağı ilə əvəzləndi.

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq xalqımızın azadlıq məfkurəsinə, milli mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir.

Azərbaycan Respublikasının Dövlət bayrağı milli suverenliyin simvoludur. Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Azərbaycanda Dövlət Bayrağı Meydanının, Dövlət Bayrağı Muzeyinin yaradılması  ölkə başçısının dövlət bayrağına nə qədər böyük önəm verdiyini bir daha sübut edir. 2010-cu il sentyabrın 1-də Bakıda açılışı olan Dövlət Bayrağı Meydanında ucaldılan bayraq dayağının hündürlüyü 162 metrdir. Bu dünyada ən hündür bayraq dayağıdır.

Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.

Biz yurdumuza bir əlində bayraq, bir əlində silah tutan igid, cəsur əsgər və zabitlərimizin qanı, canı, sağlamlığı hesabına hakim olduq.  Ölkəmizin təhlükəsizliyini, ərazi bütövlüyün qoruyan silahlı qüvvələrimizin əsgərləri vətən qarşısında xidmətə başlayanda əlini bayrağın üstünü qoyub and içirlər. Vətən uğrunda canını fəda edən şəhidlər bayrağa bükülür. Ona görə də bayraq Azərbaycan xalqı üçün sadəcə bir dövlət rəmzi deyil, ülvi və müqəddəslik simvoludur.

Dövlət bayrağımızı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İkinci Qarabağ müharibəsində işğaldan azad edilmiş ərazilərdə böyük qürurla dalğalandırdı. Bütün dünya bir daha əmin oldu ki. Azərbaycanın dövlət bayrağı həmişə yüksəklərdə dalğalanacaq! Yaşasın Azərbaycan!

Arzu Əliyeva,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı