08 noyabr 2023 09:27
253

10 noyabr Bəyanatı Azərbaycanın qələbəsini rəsmiləşdirdi

Müharibənin bitdiyi o gecə Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış 10 noyabr üçtərəfli bəyanatından artıq üç il ötür. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda 44 gün ərzində apardığı müharibəni tarixi Qələbə ilə yekunlaşdırdı. Vətən müharibəsi dövründə xalqımızı daim yeni xəbərlərlə sevindirən Ali Baş Komandan İlham Əliyev xalqımıza ən böyük müjdəni verdi. Müharibə başa çatdı, Ermənistan döyüş meydanındakı məğlubiyyətini siyasi cəhətdən də etiraf etdi, təslim oldu. Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin, o cümlədən Ermənistanın baş naziri Nikol Paşinyan 10 noyabr 2020-ci il tarixində vidiokonfrans formatında olan görüşdə imzaladıqları birgə Üçtərəfli Bəyanat Ermənistanın təslim olmasını təsdiq edən sənədidir. 10 noyabr tarixli Bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoydu.

44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Azərbaycan Vətən müharibəsindən sonra mövcud status-kvonu özünə sərf edən şəkildə dəyişdi və itirilmiş əraziləri qaytardı. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olub. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaq. Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir.

Ordumuzun döyüş meydanında qazandığı qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Belə ki, Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olub. Üçtərəfli bəyanatın birinci maddəsində qeyd olunan tərəflərin hazırda tutduqları mövqelərdə qalması birbaşa Azərbaycanın xeyrindədir. Bu Bəyanat eyni zamanda Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsini rəsmiləşdirdi. Münaqişə artıq başa çatıb və torpaqlarımız artıq işğaldan azad olunmuşdur. Xalqımız, Rəşadətli ordumuzla və Müzəffər Ali Baş Komandanla birgə, Şanlı Zəfərin ikinci dönümünü qeyd edir. Son günlər ordumuzun, Ali Baş Komandanımızın ünvanına ən xoş sözlər deyilir, ən gözəl ifadələr yazılır, xalq və hakimiyyət birliyi bir daha nümayiş olunur. Şəhidlərin əziz xatirələri anılır, qazilərə hörmət və ehtiram yüksək səviyyədə nümayiş etdirilir. Əminliklə deyə bilərik ki, bundan sonra uzun illər, bəlkə də əsrlər boyu bu sevgi və ehtiram davam edəcək. Xalqımız və ölkəmiz var olduqca bu qələbənin səbəbkarları sayılıb, seviləcəkdir.

Bəyanatın müddəalarına əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşməsi tarixi hadisə olacaqdır. Regionun inkişafına səbəb olacaq yeni 2 nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılacaq.

Təkcə 8-9 noyabr tarixlərinin qələbə xəbərlərinə diqqət yetirsək, Azərbaycan Ordusunun 44 gündə nə qədər böyük uğurlara imza atdığını görərik. Bu qələbə müjdəli xəbərlər tezliklə işğal altında olan bütün torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanacağına əminlik yaratmışdı. Noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanması ilə bu niyyətimiz reallaşdı. Prezident İlham Əliyev Qarabağın ürəyi olan Şuşamızın işğaldan azad olunması münasibətilə Şəhidlər xiyabanından xalqa müraciətində Zəfər yürüşünün davam etdiyini bildirdi. Noyabrın 9-da 71 yaşayış məntəqəsinin, bir qəsəbənin, 8 strateji yüksəkliyin işğaldan azad olunması sevincini yaşadıq. Bütün bu uğurlarımız işğalçı Ermənistanı kapitulyasiyaya məcbur etdi. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu istehkamları darmadağın etdi. 10 noyabr tarixli Bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoydu. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. Azərbaycan əsgəri təkcə ərazi bütövlüyümüzü yox, milli qürurumuzu da özümüzə qaytardı. Ermənistana tarixdə unuda bilməyəcəyi dərsi verdi. Hazırkı dövrdə əsas məsələ sülh müqaviləsinin imzalanmasını tezləşdirməklə bölgəyə yeni ab-hava gətirmək, əməkdaşlıq formatlarının yaradılmasına yol açmaqdır. Bunun üçün Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Əks halda, “Qisas”, “Qətiyyətli cavab” əməliyyatlarının davamı da olacaq.

Bəli, bu gün Ali Baş Komandanımız, Prezident İlham Əliyev bu tarixi qələbəni bir daha əbədiləşdirdi. İndi Azərbaycan işğaldan azad olunan torpaqlarımızda quruculuq işləri görür, “Böyük Qayıdış” adlanan proqramın icrasına başlayıb. Azərbaycan bunu öz resursları hesabına edir. Azərbaycan torpaqlarını özü bərpa edəcək. Azərbaycan qələbəsi əbədidir və bizim bayrağımız hər zaman zirvələrdə dalğalanacaq.

Vüqar Nəsirov,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı