08 noyabr 2023 08:26
330

Güclü dövlət, güclü ordu

44 günlük müharibədə Azərbaycanın qələbəsinin legitimliyinin dünyanın bütün geosiyasi qütbləri tərəfindən qəbul edilməsi, işğaldan azad etdiyimiz ərazilərimiz üzərində suveren hüquqlarımızın bərpasının beynəlxalq birlik tərəfindən tanınması, haqq işimizə əvvəlkindən daha çox dəstək verilməsi, istisnasız olaraq Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həm müharibə, həm də postmüharibə dövründə həyata keçirdiyi siyasətin nəticəsidir. Bu gün Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz əldə edib və etibarlı tərəfdaş imici qazanıb ki, məhz bu amillərin də sayəsində Azərbaycanın regionda yaratdığı yeni reallıqlar beynəlxalq birlik tərəfindən qəbul olunur və dəstəklənir. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla inkişaf etdirən Azərbaycan Prezidenti İlham Əliyevin yüksək diplomatik istedadı sayəsində bütün nüfuzlu və qlobal miqyasda əsas söz sahibi olan beynəlxalq təşkilatlar və digər təsisatlar Azərbaycanın bölgədə yaratdığı reallıqları qəbul ediblər və bu amil Azərbaycan-Ermənistan münasibətlərinin, həmçinin regionun bu günü və gələcəyi ilə bağlı bütün strateji dəyərləndirmələrdə diqqəti cəlb edir.  Azərbaycanın dövlətinin 44 günlük müharibədə qazandığı qələbə sayəsində işğala son qoyulub və region Ermənistanın yaratdığı bataqlıqdan xilas olaraq sürətli inkişaf yoluna qədəm qoyub. Belə bir vəziyyət region ölkələrinin siyasi-iqtisadi maraqlarına tam cavab verir. Lakin təəssüf ki, bu gün işğalçı Ermənistanın siyasi elitasının böyük əksəriyyəti bu məğlubiyyəti dərk etmir və anlamır ki, düşdüyü ağır böhrandan yeganə çıxış yolu revanşizmdən əl çəkməsi və bu vəziyyətlə barışmasıdır. Qədim yunan strateqlərindən Perikl deyirdi ki, “ya qalib gəlməyi öyrən, ya qaliblə birgə yaşamağı”. Azərbaycan dövlətinin irəli sürdüyü mütərəqqi təşəbbüsləri bu müdrik postulatı anlamayan Ermənistanın qəbul etməməsi, işğalçı dövlətin aqressiv mövqeyi, Azərbaycanın bölgədə yeni reallıqları bərqərar etmək naminə yeni siyasi-diplomatik iradə ortaya qoyması zərurəti doğururdu.

Belə ki, Azərbaycan-Ermənistan münasibətinin həll olunmasının regionda sabitliyin, rifahın və qarşılıqlı əməkdaşlığın formalaşmasında mühüm rolu vardır. Təsadüfü deyil ki, bu məsələnin həll olunması ilə bağlı bir çox dünya dövlətləri təşəbbüs göstərmiş, Azərbaycan isə öz tərəfindən bu qrumla birgə məsələnin müsbət yöndə dəyişməsinə dəstək olmuşdur. Azərbaycan dövləti 44 günlük Vətən müharibəsindən sonra yeni reallıqlar yaratdı və bu reallıqlar təkcə ölkəmiz üçün deyil, bölgə üçün yeni geosiyasi reallıqlar gətirdi. Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin  10 noyabr 2020-ci ildə imzaladıqları üçtərəfli Bəyanatda Azərbaycanın maraqlarını əks etdirən məsələlərin yer alması bölgədə  sabitliyi təmin edən yeni reallıqların yaranmasında  xüsusi xidmətləri olan ölkəmizin uğurlarının təzahürüdür. Dünya siyasətində  söz sahibi olan Azərbaycana beynəlxalq səviyyədə artan maraq bugün daha aydın görünür. 

10noyabrBəyanatı Azərbaycanın siyasi qələbəsinin, Ermənistanın məğlubiyyətinin təqdimatı idi. Dünya bir daha bu reallığın şahidi oldu ki, ermənilər nə qədər havadarlarına arxalanıb işğal altında saxladıqları torpaqlarımızda istehkamlar qursalar da, güclü hərbi texnika ilə  təmin olunsalar da Azərbaycan Ordusu bütün bu istehkamları yarıb keçərək torpaqlarımızı işğaldan azad etdi, üçrəngli bayrağımızı yüksəklərdə dalğalandırdı. Əlbəttə, Azərbaycan dövləti münaqişənin başlandığı, tarixi torpaqlarımızın işğal altında saxlanıldığı 30 ilə yaxın müddət ərzində hər zaman sülh tərəfdarı olub. Cənab Prezident bütün çıxışlarında, beynəlxalq səviyyəli görüşlərində bunu dəfələrlə bəyan edib. Danışıqlar prosesində Azərbaycan fəal iştirakçı olaraq hər zaman beynəlxalq hüquqa hörmətlə yanaşıb, məsələnin beynəlxalq hüquq normaları daxilində çözülməsinin tərəfdarı olub. Məhz buna görə Azərbaycan ötən 30 ilə yaxın müddətdə sülh yolu ilə, dinc yolla torpaqlarımızın işğaldan azad olunmasını gözlədi. Lakin cənab Prezident bütün çıxışlarında deyirdi ki, lazım gələrsə, torpaqlarımızı müharibə yolu ilə azad etməyə hazırıq. Və Azərbaycan, o lazım gələn ana hazır olmaq üçün ordumuzu da gücləndirirdi. Nəticədə Ali Baş Komandan öz vətəndaşlarını qorumaq, ərazi bütövlüyünü təmin etmək məqsədilə əks-hücum əməliyyatı əmrini verdi və Azərbaycan Ordusu öz ərazimizdə əks-hücum əməliyyatına başladı. 44 günlük Vətən müharibəsi nəticəsində tamamilə məğlub edilmiş Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu. 

Artıq  ötən ilin 10 noyabr tarixində imzalanmış Üçtərəfli Bəyanatın  üçüncü ildönümüdür. İmzalanan 10 noyabr tarixli Bəyanat  Ermənistanın hərbi kapitulyasiyası deməkdir. Həmin Bəyanat uzun illər davam edən işğala son qoydu. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı və, 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Bu Bəyanatın imzalanması ümumxalq birliyinin bariz nümunəsidir, təntənəsidir. Ölkəmizin bütün bölgələrində hər bir vətəndaş böyük həyəcan hissi ilə bu günləri yaşayıb, hər gün televiziya önündə, radio qarşısında, internetdə cəbhədən gələn xəbərləri izləyib,  və uğurlarımıza seviniblər. Həmrəylik bizim ən böyük sərvətimizdir və dəyərimizdir.

44 günlük müharibə müddətində qardaş Türkiyə açıq dəstəyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi. Türkiyədən gələn dəstək və həmrəylik nümayişi Azərbaycan xalqını Qələbəyə ruhlandırdı. Məhz buna görə də, 2021-ci il 15 iyun tarixində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırdı.
             
Bu Zəfər iki yüz ildir davam edən məğlub xalq sindromunu sındırdı və xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir.

Biz haqqımız olanı aldıq, yaşasın Azərbaycan əskəri, yaşasın Azərbaycan!

Məmləkət Qaraçobanova,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı