07 noyabr 2023 14:00
562

Azərbaycanın maraqlarına cavab verən nəticə

Azərbaycanın parlaq Zəfəri ilə bitən 44 günlük Vətən müharibəsinin sonunda  Ermənistanın kapitulyasiyasını təsdiqləyən 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatı imzalandı. Ermənistan öz rüsvayçı məğlubiyyəti ilə barışmağa məcbur oldu. 10 noyabr 2020-ci ildə Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş naziri üçtərəfli razılaşma imzaladılar. Razılaşmada bir çox vacib müddəalar yer alırdı.  Üçtərəfli razılaşmanın müddəaları Azərbaycanın maraqlarına tam cavab verirdi. Ən önəmli məqam isə bundan ibarət idi ki, 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatının imzalanması ilə Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin qətiyyəti və ordumuzun şücaəti sayəsində müqəddəs Vətən torpaqlarımız yağı tapdağından azad olundu. Bütün dünya Azərbaycan xalqının sarsılmaz iradəyə sahib olduğuna bir daha şahidlik etdi. Rəsmi İrəvanın uzun illər ərzində ordu haqqında bəslədiyi mif puç oldu.

10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatın imzalanması ilə ölkəmizin siyasi, diplomatik və iqtisadi sahələrdə növbəti uğurlarının əsası qoyulmuş oldu. Siyasi uğurlardan danışarkən ilk növbədə Ağdam, Laçın, Kəlbəcər rayonlarının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin qan tökülmədən qaytarılmasını qeyd etməliyik. Bundan əlavə15 iyun 2021-ci ildə Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan dövləti ilə Türkiyə dövləti arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Türkiyənin Azərbaycanla qardaşlıq əlaqələri hər zaman yüksək səviyyədə olub, Şuşa Bəyannaməsinin imzalanması isə dövlətlərimiz arasında strateji müttəfiqlik münasibətlərini ən üst səviyyəyə qaldırmış oldu. Hətta deyə bilərik ki, Türkiyə Azərbaycan dostluğunun, qardaşlığının dünyada analoqu yoxdur.

Üçtərəfli Bəyanatda Azərbaycan öz tərəfindən sülh müqaviləsi üçün əsas olan beynəlxalq hüququn beş əsas prinsipini irəli sürdü. Bu prinsiplər ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınmasını, gələcəkdə ərazi iddialarından çəkinməyi, güc tətbiq etməməyi və ya güc tətbiq etmək hədəsindən çəkinməyi, dövlət sərhədlərinin müəyyən edilməsini və kommunikasiyaların açılmasını özündə ehtiva edirdi. Buraya sərhədlərin delimitasiyası ilə bağlı müvafiq komissiyaların yaradılması da daxil idi.

Azərbaycan Respublikasının əsas diplomatik uğuru ölkə başçımız Cənab İlham Əliyevin 6 oktyabr 2022-ci il tarixində Praqada Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə görüşlərin nəticəsində imzalanmış Bəyanatla Azərbaycanın ərazi bütövlüyünün tanınması idi. Belə bir sənədin imzalanması gələcək perspektivdə Cənubi Qafqazda qalıcı sülhün təmin olunmasına ciddi əsaslar yaradırdı.

Müasir Azərbaycan dövlətinin qarşısında duran mühüm vəzifələrdən biri də xalqımızın “Böyük Qayıdış” arzusunun, ideyasının reallaşdırılmasıdır. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə “Böyük Qayıdış”a dair I Dövlət Proqramına işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması daxildir. Hal-hazırda “Böyük Qayıdış” dövlətimizin qarşısında duran əsas prioritetlərdəndir.

Vasif Səfiyarov,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi